Prezident təqaüdü alan tələbələrdən 7-nin hər iki valideyni işsizdir
Ali təhsil müəssisələrinə 2014/2015-ci tədris ili üçün tələbə qəbulu artıq başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a daxil olan xəbərə görə, bakalavriat səviyyəsinə 100 minə yaxın abituriyentin iştirak etdiyi qəbul imtahanlarında 1727 nəfər abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplayıb. Ali məktəblərə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında ölkə prezidentinin 9 sentyabr 2014-cü il Sərəncamı ilə qəbul imtahanlarında ən yüksək bal toplamış 102 tələbə prezident təqaüdünə layiq görülüb.
Onlardan 7 nəfərinin hər iki valideyni işsizdir. 27 nəfərin valideyni pedaqoq, 4 nəfərin valideyni təqaüdçü, 7 nəfərin valideyni hərbiçi, 11 nəfərin valideyni isə tibb işçisidir. Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. 600 və daha yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrin məzunlarının sayı bu il 882 nəfər təşkil edib.
600 və daha yüksək bal toplayanlar sırasında mülki ali təhsil müəssisələri ilə yanaşı xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olanlar da (35 nəfər) var. Yüksək nəticə göstərənlər I qrup üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 488, II qrup üzrə (iqtisadiyyat üzrə ixtisaslar) 435, III qrup üzrə (humanitar ixtisaslar) 401, IV qrup üzrə (tibb ixtisasları) 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə – 700 bal toplayıb. Onlar I, II və IV ixtisas qrupları üzrə imtahan vermiş abituriyentlərdir. IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 5 abituriyent Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olub.
Ənənəvi olaraq bu il də 600 və daha yüksək bal toplayanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dəvət olunmuş, onlarla anket sorğusu aparılmış, rəy və təklifləri dinlənilib. Həmin gənclərin həvəsləndirilməsi və ictimaiyyətə tanıdılması üçün silsilə tədbirlər həyata keçirilir. “Abituriyent” jurnalının bir nömrəsinin xüsusi olaraq yüksək nəticə göstərənlərə həsr olunması nəzərdə tutulub.
Sevil