12 İyul 2019 20:24
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında Ali Məhkəmə sədrinin maaşının artırılması üçün qanunvericiliyə təklif edilən dəyişiklik layihəsi 3-cü oxunuşda müzakirəyə təqdim olunub.

Dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək. Bundan başqa Qanunun qüvvədə olan 106-cı (Hakimlərin maddi təminatı) maddəsində “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilməsi” bildirilir.

Hakimlərin maaşlarının artması ilə bağlı hüquqşünas Əkrəm Həsənov Teleqraf .com- a bunları deyib:
“Bu çox təqdirəlayiq addımdır. Hesab edirəm ki, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının verilməsi nisbəti artırılmalıdır. Birinci instansiya məhkəmələrinin hakimləri 5000, apelyasiya məhkəmələrinin hakimləri 10000, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri 15000, Konstitusiya Məhkəməsinin hakimləri 25- 30000 manat məbləğində maaş almalıdırlar. Lakin bundan sonra hər hansı hakimin rüşvət alması yolverilməzdir”.

Hakimlərin insan talelərində mühüm rol oynadığını bildirən hüquqşünasın fikrincə, edilən artım hakimlərin rüşvətxorluğunun qarşısını almaq üçün ən təsirli vasitədir. Hüquq sisteminin belə diqqətdə saxlanılması digər sahələrin də inkişafına təsirsiz ötüşmədiyini bildirən ekspert bunun hakimlərin ədalətli olmasına yardımçı olacağını bildirib:

“Hüquq sisteminə büdcədən maliyyə vəsaiti ayrılsa da, təəssüflər olsun ki, hakimlər bundan istifadə edə bilmir. Təsəvvür edin, hakimlərin dəftərxana xərclərinin onların bank hesabına köçürülməsi bəndinin Prezidentin “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanında yer alıb. Bu detal vəziyyətin acınacaqlı olduğundan xəbər verir. Hakim printerlərin pulunu öz cibindən verməli olur. Üstəlik hakimlərin yardımçıları var. Onlara da maliyyənin verilməsini hakim özü təşkil edir. Belə hallarda hakimlərin rüşvət alması halları yaranır.

Yardımçıların da tələbləri var. Universiteti zorla bitirən belə, 300 manata işləməyə razı deyil. Buna görə də hakim məcburdur ki, yüksək maaş versin".

Hüquq sisteminə yüksək maaşların ayrılmasının labüdlüyünü vurğulayan ekspert həmçinin qeyd edib ki, Azərbaycanda müəyyən qurumlarda maaşlar aylıq təxminən 20 min manat civarındadır: "Amma etiraf edək ki, onların fəaliyyəti hakimlərin fəaliyyəti qədər çətin deyil".

İmamət İsmayılova


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər