Yüksək bal toplayıb, imtahan nəticələrini düzgün kodlaşdırmayan abituriyentlərin tələbə statusu qazana bilməməsi imtahanlardan sonra həmişə problem yaradıb.
Təhsil eksperti Kamran Əsədov Teleqraf.com-a açıqlamasında abituriyentlərin ixtisas seçimi zamanı bəzi nüanslara diqqət yetirməli olduqlarını deyib.
Ekspertin fikrincə, düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq məzunların tələbə olmaq şansını artırır:
“2019-cu ildə seçim edəcək abituriyentlər çox diqqətli olmalıdırlar. 2018-cı ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmağı məsləhət görürəm, amma yalnız bu kriteriya ilə yola çıxmaq düz deyil.
Siz mütləq 2018-ci ildə ixtisas qrupunuz üzrə sizinlə eyni və sizdən çox bal toplayan abituriyentlərin sayına və həmən ildəki plan yerlərinə baxmalısınız.
İxtisas qrupları daxilində qəbul aparılan ixtisaslar üzrə keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir.
2018-ci ildə bəzi aşağı bal formalaşmış ixtisasların plan yerlərini həmən illə müqayisə edin. Çünki bu il onların bəzisində azalma var ki, bu da ixtisas seçimi zamanı sizi yanılda bilər.
Misal üçün, 2018-ci ildə 250 keçid balının formalaşdığı Azərbaycan Texniki Universitetinin Elektronika, telekommunikasiya və radiotexnika ixtisasında 200 plan yeri var idi, bu il isə o ixtisasda plan yeri 95 yer azalıb, 105 plan yeri olub.
Bu o deməkdir ki, keçən illə müqayisədə bu ixtisasda plan yerinin azalması həmən balın təkrarlanmamasına səbəb ola bilər.
Başqa bir misal, 2018-ci ildə 278 keçid balının formalaşdığı Azərbaycan Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasında 85 plan yeri var idi, bu il isə o ixtisas üzrə plan yeri 25 yer azalaraq 60 plan yeri olub. Deməli, bu ixtisası seçən abituriyentlər də diqqətli olmalıdırlar.
Belə hallar çoxdur, ona görə də ixtisas seçimi edən hər kəs DİM-in jurnallarına baxmalıdır, heç bir əlavə informasiyaya aldanmamalıdır. Abituriyentlər mütləq şəkildə yalnız DİM-in resurslarından istifadə etməklə uğurlu ixtisas seçimi edə bilərlər”.
Ekspert ixtisasların keçid balı məsələsinə də toxunub: “Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 50 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 300 nəfər göstərib. Bu zaman həmin 300 nəfərdən ən yüksək bal toplayan 50 abituriyent bu ixtisasa qəbul edilir və 50-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur.
Abituriyentləri ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya bilər.
Yuxarıda qeyd olunan kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir”.