Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində, Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı ilə işbirliyi nəticəsində bu günə qədər klassik və müasir dövr olmaqla 27 Azərbaycanlı müəllifin 38 adda kitabının tərcüməsi və çapı başa çatdırılaraq Türkiyəli oxucuların diqqətinə təqdim edilib.
Teleqraf.com-un məlumatına görə, hal-hazırda layihənin davamı olaraq Azərbaycan xalqının mədəni-mənəvi sərvəti hesab olunan Nizami Gəncəvi irsinin Türkiyədə tandılıması və təbliği işi aparılır. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının ardınca “Xosrov və Şirin” poeması yüksək poliqrafik göstəricilərlə türk dilində nəşr olunub.
Cari ilin sonunadək “Xəmsə”yə daxil olan digər 3 kitabın da nəşrinin tamamlanması və tanıtım məqsədilə Türkiyədəki təhsil müəssisələrində, kitabxanalarda, dərnəklərdə və digər aidiyyəti qurumlarda yerləşdirilməsi nəzərdə tutulub.