Mirzəbala Məhəmmədzadə 13 avqust 1898-ci ildə Abşeronun Zirə kəndində balıqçı ailəsində doğulub. 1907-ci ildə Bakıdakı 7-ci rus-türk məktəbinə daxil olub, 1914-cü ildə buranı tamamlayıb.
Yeniyetmə yaşında İsa bəy Aşurbəylinin “Kaspi” mətbəəsində “Nəfi-elm və yaxud elmin sonu” adlı kitabı çap olunub. Rus-türk məktəbini bitirdikdən sonra Mirzəbala 3-cü ali ibtidai məktəbi də başa vurub, sonra isə Həbib bəy Mahmudbəylinin rəhbər olduğu Bakı texniki sənaye məktəbində rus dilində təhsilini davam etdirib. Bu dövrdə onun məktəb yoldaşları arasında gələcəyin məşhur dramaturqu Cəfər Cabbarlı da vardı. Digər mühacir Hüseyn Baykara yazır ki, Mirzəbala texnikumda oxuduğu zaman qeyri-leqal “Məhəmmədiyyə” təşkilatına daxil olub.
Texnikum həyatı, gizli dərnəklər, toplantılar onu daha geniş meydana doğru aparırdı. 1915-ci ildə o, artıq Məhəmmədəmin Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetinə yazılar yazır, həftəlik “Bəsirət” jurnalına baş redaktorluq edir. Bu dövrdə Mirzəbala Müsavat Firqəsinin də üzvü olur. Zaqafqaziya Seymi dönəmində Mirzəbala Tiflisdə fəaliyyət göstərir. Cümhuriyyət dönəmində “Azərbaycan” qəzetinin müxbiri olur. 1918-ci il iyulun 23-də əvvəlcə həftəlik, sonra isə ayda iki dəfə çap olunan “Gənclər yurdu” adlı jurnalın redaktorları T.F.Hacızadə ilə yanaşı, Mirzəbala Məhəmmədzadə idi. Bu dövrdə Mirzəbalanın Tiflisdə “İki inqilab arasında” adlı risaləsi çap olunur.
Əsər 1905-1917-ci illər arasındakı ictimai-siyasi-mədəni mühitdən bəhs edir. Parlament qurulduqdan sonra Mirzəbala C.Cabbarlı ilə birlikdə orada türkcə stenoqrafçı olur. 1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Teatrında onun “Bakı uğrunda mübarizə” pyesinin ilk tamaşası göstərilir. 1919-cu ilin oktyabrında isə o, Müsavatın Bakı komitəsinin üzvü seçilir.
Rusiya Azərbaycanı işğal etdikdən sonra ölkədə Sovet hökuməti qurulur. Rus işğalına və yeni hökumətə qarşı M.Rəsulzadənin başçılığı ilə Müsavatın gizli komitəsi yaradılır. Komitənin sədri M.Məhəmmədzadə, onun müavini Ə.Məhəmmədzadə (Yurdsevər), katibi isə C.Cabbarlı olur.
Komitə “İstiqlal” adlı qəzet nəşr edir. Komitənin apardığı əsas mübarizə Qarabağ, Zəngəzur, Naxçıvan, Dilican, Göyçə kimi ərazilərin Ermənistana verilməsinin qarşısını almaq idi. “Çeka”nın həbs və qətliamlarından yaxa qurtarmaq üçün Mirzəbala İrana – Ənzəli şəhərinə sığınır. Daha sonra Tehran və Təbrizdə olur. Həmin illərdə Rəsulzadənin İstanbulda nəşr etdirdiyi “Yeni Qafqaziyyə” jurnalına məqalələr yazır, şəxsi evlərdə müəllimlik edir. Texnikum məzunu olduğu üçün Sulduz mahalında şose yolu inşasında elmi-texniki nəzarət məsləhətçisi vəzifəsində çalışır. Hüseyn Baykara yazır: “Mirzəbala ömrünün sonuna qədər Azərbaycanın azadlığı uğrunda yorulmadan mübarizə aparıb. Savadsız bir ailədə anadan olmasına baxmayaraq, Mirzəbala bəzi ziyalılar kimi bolşeviklərə qoşulsaydı, onun yeri “Çeka” zindanları deyil, böyük vəzifələr olardı. Əlbəttə ki, buna imkanı vardı, çünki Stalinin sağ əli olan L.Beriya Mirzəbalanın ən yaxın yoldaşlarından biri idi.
O, İranda siyasi mühacir olduğu zaman Beriya öz adamları vasitəsilə ona xəbər göndərərək, mübarizədən əl çəkib Azərbaycana dönməsini təklif edir, lakin Mirzəbala bu təklifi qəbul etmir”.
1927-ci ildə Mirzəbala İstanbula gedərək yenidən Rəsulzadənin yanında yer alır. Həmçinin, İstanbul Universitetinin hüquq fakultəsinə daxil olur. Bu dövrlərdə o, “Yeni Kafkasya”, “Azəri-Türk”, “Odlu Yurt”, “Bildiriş”, “Kurtuluş”, “Müsavat bülleteni” kimi qəzet və jurnallarda yazılar yazır. Bolşeviklərin Türkiyəyə təzyiqindən sonra Rəsulzadə kimi o da buranı tərk etməyə məcbur olur. 1932-ci ildə Polşanın paytaxtı Varşavaya köçən Mirzəbala burada fəaliyyətini davam etdirir. 1936-cı ildə Varşavada keçirilən Müsavatın üçüncü qurultayında yaxından iştirak edir. Almanlar Polşanı işğal etdikdən sonra Mirzəbala İstanbula qayıdır. 1949-cu ildə Azərbaycan Kültür Dərnəyinin yaradılmasında iştirak edir. Rəsulzadənin ölümündən sonra o, Müsavatın lideri olur. Mirzəbala Türkiyə Təhsil Nazirliyinin dərc etdiyi “İslam Ensiklopediyası” və müstəqil hazırlanan “Türk İslam Ensiklopediyası” üçün elmi məqalələr yazır.
1955-1959-cu illər arasında Münhendəki Sovetlər Birliyini Öyrənmə İnstitutunda çalışır və bu qurumun çap etdiyi “Dergi” adlı jurnalda məqalələr yazır. Mirzəbala mətbuatda “Mirza Bala”, “V.Nuhoğlu”, “A.Kut”, “M.B.Mehmetzade”, “M.B.Daşdemir”, “Ali Kutluk” və b. imzalardan istifadə edib. Onun imzası ilə 4 kitab nəşr olunub: “Azərbaycan Misaki-Millisi” (İstanbul, 1927); “Ermənilər və İran” (İstanbul, 1927), “Milli Azərbaycan hərəkatı” (Berlin, 1938), “Azərbaycan tarixində Türk Albaniya” (Ankara, 1951).
Almaniyada ürəyindən müalicə olunduqdan sonra İstanbula gələn M.Məhəmmədzadə 8 mart 1959-cu ildə evində infarktdan vəfat edib. 9 mart 1959-cu ildə Kadıköy Osmanağa məscidində cənazə namazı qılındıqdan sonra Qaraca Əhməd məzarlığında dəfn edilib. Xanımı Bahire Kutlukun (1909-1978) məzarı da onun qəbrinin yanındadır.