4 Sentyabr 2019 09:14
2 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda turizmin inkişafı nəticəsində paytaxta, o cümlədən bölgələrə son zamanlar turist axını baş verir. Turistlər gəlir, ölkəmizi, paytaxtımızı gəzir, istirahət edir. Çoxu bizdən razı qalır. Biz necə, onlardan razıyıqmı?

Bakı sakinlərin dediyinə görə, xarici ölkələrdən gələn turistlər əvvəlcə əhali arasında xoş qarşılansa da, son zamanlar onların şəhər sakinlərinə, bakılıların isə bu turistlərə münasibəti birmənalı deyil. Əhalinin ən çox şikayət etdiyi məsələlərdən biri də bəzi turistlərin bura sırf eyş-işrət məqsədilə gəlmələridir.

Onu da qeyd edək ki, son günlər şəhər polisi Səbayel rayonu ərazisində yerləşən Fəvvarələr Meydanı və Nizami küçəsində, Nəsimi rayonu Səməd Vurğun və Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradıb.

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər görülür.

Qeyd olunan məsələlərlə bağlı şəhər əhalisinin rəyini öyrənmək üçün üz tutduq şəhərin "Tarqovı" kimi tanınan mərkəzi hissəsinə - Fəvvarələr Meydanına.

Əraziyə daxil olduğumuz anda tək-tük polis gözə dəyirdi. Bir az gəzişdikdən sonra əcnəbi turistlərin ailəlikcə gəzişdiklərini, restoran və alış-veriş dükanlarında olduğunu gördük. İstirahət üçün Azərbaycanı seçən bu əcnəbi turistlərin bir neçəsi ilə həmsöhbət olduq. Kimisi ölkəmizə maraqlı və zəngin təbiəti, kimisi digər müsəlman ölkələrindən fərqli olaraq buranın daha müasir və modern olması, kimisə də alış-verişin digər ölkələrə nisbətən daha ucuz olması səbəbindən gəldiyini dedi. Təbii ki, ölkəmiz barədə narazı notlar da səsləndi.

Küveytdən olan Omdalad deyir ki, Azərbaycana səyahətindən razıdır:

“Burada olan alış-veriş qiymətləri ucuz olmasa da, digər ölkələrə nisbətən normaldır. Lakin insanlarınız ingilis dili səviyyəsini inkişaf etdirsə, əcnəbilər üçün rahat olar. Biz onlarla ünsiyyət qurmaq istədikdə bizə doğma dillərində cavab verirlər. Bir-birimizi anlamaqda çətinlik çəkirik”.

68 yaşlı dubaylı Monaya görə, Azərbaycan istirahət üçün əvəzedilməz ölkədir. Şoppinq qiymətlərindən də razılığını bildirən Mona şəhər əhalisinin istiqanlı, qonaqpərvər olduğunu söylədi.

“İlk gündür ki, Azərbaycandayam. Bu gündən də tarixi yerlərə, muzeylərə baş çəkmişik. Ölkənizdən, insanlarınızdan razıyıq. Çox təmiz şəhəriniz var. Getdikcə inkişaf edir. Müsəlman ölkələri ilə müqayisədə Azərbaycan müasirliklə daha çox ayaqlaşan ölkədir”- bunusa polşalı Natalya Doroslavka dedi.

İranlı Hayamın bildirdiyinə görə, ucuz şoppinq qiymətləri, təmizlik, insanlarının göstərdiyi isti münasibətə görə Azərbaycan digər ölkələrdən seçilir:

“Amma restoran və kafedə təqdim olunan menyu o qədər də ucuz deyil. İnsanlarının göstərdiyi səmimi münasibətə görə Azərbaycana yenidən gəlməyi düşünürük”.

Türkiyəli Mustafa isə bunları dedi: “22 ildir Azərbaycanda yaşayıram. Son zamanlar burada ərəb turistlər çoxluq təşkil edir. Əgər bir turist ölkəyə gəlirsə, həmin ölkənin qayda-qanunlarına riayət etməlidir. Türkiyədə də bu kimi hallar var. Hazırda şəhərin mərkəzlərində yerli əhalidən daha çox ərəb turistlər var. Onlar da yerli əhali ilə davranış qaydalarını bilmir.

Çox rahat şəkildə gəzən bu turistlər bu nüanslara diqqət etməlidir. Onların bu hərəkətləri məni başqa məqsədlə gəldiklərini düşünməyə vadar edir”.

Mustafa bəy son 1 aydır bu ərazidə müsəlman ölkələrindən olan turistlərin artıq nizam-intizamlı olduqlarını müşayiət etdiyini də vurğuladı.

Reper Ramil Nabran düşünür ki, əgər hansısa turist ölkədə özbaşınalıq edirsə, bunun günahkarı özümüzük:

“Turistlərin gəlişi zaman məhdudiyyət olmalıdır. Gəldikləri ölkədə bir müddət istirahətdən sonra geri qayıtmalıdırlar. Əgər turist qeyri-əxlaqi hərəkətlərə yol verirsə, bunun günahkarı bizik. Əgər istəsək, qarşısını ala bilərik”.

“Planet Parni iz Baku” KVN teatrının aktyoru Emil Musayev düşünür ki, turistlər hansısa ölkəyə gedəndə öz ölkəsini təmsil edir:

“Mən özüm də başqa ölkəyə gedəndə artıq turist sayılıram. Bununla da öz ölkəmi təmsil edirəm. Mənsub olduğun ölkəni daha yaxşı tanıtmaq lazımdır”.

Şəhər sakini Ruslana xanım turistlər arasında ərəblərdən narazılıq etdi. Müsahibimin dediyinə görə, bu turistlərin bəzilərinin olduğu yerdə antisanitariya şəraiti hökm sürür.

Fikir öyrəndiyimiz şəhər əhalisi arasında turistlərdən ərəblərin gəlişinin qətiyyətlə istəməyənlər də oldu.

“Biz Türkiyədən olan turistlərin gəlməsinin tərəfdarıyıq. Bunun da bəzi səbəbləri var. Olduqları yerlərdə təmizliyə riayət etmirlər. Türk turistlərdə isə belə hallara rast gəlinmir”- deyə Zara adlı Bakı sakini bildirdi.

Xatirə Mehdiyeva isə ən çox Avropa ölkələrindən turistlərin gəlişinin tərəfdarıdır:

“Ümumiyyətlə, turistlərin ölkəyə gəlişi həmin ölkənin inkişafından xəbər verir. Azərbaycana ən çox Avropa ölkələrindən turistlərin gəlməsini istərdik” - deyə bildirdi.

Fəvvarələr Meydanında fotostudiyaların birində reklamçı kimi çalışan Nəzrin Hüseynova isə bəzi turistlərin əxlaq normalarını bilmədiklərini və onlara qarşı bu barədə ciddi tədbir görülməsinin vacibliyindən danışdı:

“Bəzi turistlər var ki, yerli xanımlara yaxınlaşıb müəyyən təkliflər edirlər. Asayiş keşikçilərini göstərdikdən sonra isə uzaqlaşırlar. Bununla bağlı tədbirlər gücləndirilməlidir”.

Ölkədə turizmin inkişafı prioritet məsələdir. Qalır onların bizim mental və yazılı qanunlarımıza riayət eləmələri...


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər