23 Sentyabr 2019 15:15
3 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sumqayıt-Saray-Bakı istiqamətində 501, 503, 521, 522, 523 saylı avtobuslar olmaqla beş xətt üzrə 15, 20, 30 marşrut avtobusları hərəkət edir. Bu marşrutlar Sumqayıt da daxil olmaqla, Saray istiqamətində də fəaliyyət göstərir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, Saray-Bakı xətti üzrə ayrıca marşrutun açılmasına ehtiyac yoxdur:

“Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Bakı Nəqliyyat Agentliyi, o cümlədən Nəqliyyat Rabitə Yüksək vəTexnologiyalar Nazirliyi xidmətə daşıyıcı ilə çıxır. Nəzərə alsaq ki, Saray istiqamətindən təkcə Saraydan Sumqayıta və ya Saraydan Bakıya gələn sərnişin sayı pik saatlarda belə 20-ni keçmir. Bu halda Saraydan Bakıya sərnişindaşıyan avtobusların birdəfəlik olmasına dair edilən müraciət yersizdir.

Sərnişindaşımada əsas kriteriya uyğun yer və sərnişin sayı durur. Bunlara uyğun olaraq xəttə avtobuslar buraxılır. Tədris ilinin başlanmasıyla əlaqədar həmin ərazidə sıxlığın olması təbiidir. Biz bu sıxlığı aradan qaldırmaq üçün xəttə çox avtobus buraxsaq da, tıxacın qarşısı alınmayacaq. Məsələn, 523 saylı avtobusdan xəttə əlavə 15 marşrut hərəkət edir. Amma yenə də tıxacın qarşısı alınmır. Bu, həmin yoldakı problemlə əlaqəlidir”.

Qeyd edək ki, Sarayda yaşayan sakinlər qəsəbədən Bakıya ayrıca avtobus xəttinin olmamasından narazılıq edirlər. Eyni zamanda qəsəbədə Heydər Əliyev prospektində salınmış yeni yaşayış massivi də marşrut xəttiylə əhatə olunmayıb.

Nuridə Allahyarova Bakı-Saray-Sumqayıt marşrutunun qəsəbədə Heydər Əliyev prospektinə daxil olmamasına belə aydınlıq gətirib: “Şəhərlərarası daşımalarda avtovağzaldan avtovağzala prinsipi əsasdır”.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər