“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, Q.Hüseynov əvvəlcə bu ilin ötən dövründə görülən işlər barədə məlumat verib.
O qeyd edib ki, dövlətin siyasətində su sektoruna ciddi diqqət yetirilir:
"Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında su sektorunun inkişafı mühüm yer tutur. Əvvəlcə regionlarda görülən işlər barədə məlumat vermək istərdim. İndiyədək 50-yə yaxın rayonda işlər başlanılıb. Onlardan 30-dan çoxunda işlər başa çatıb. Su-kanalizasiya infrastrukturu qurulur. Suyun keyfiyyəti məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bir neçə rayonda tullantı sutəmizləyici qurğuların tikintisi həyata keçirilib. 11 rayonda su layihəsi başa çatıb, kanalizasiya layihələri icradadır. Gəncə, Şəki, Şəmkir, Qax, Mingəçevir şəhərlərində işlər davam edir. Oktyabrın 28-də cənab prezident Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi tədbirində iştirak etdi. Hələlik beş rayon və şəhərdə işlər qalıb. Bunlar Yevlax, Bərdə, Horadiz, Balakən və Neftçaladır. Artıq Yevlax və Horadizdə işlər başlanılıb. Gələn il Bərdə, Balakən və Neftçalada da işlər başlanacaq. Xaçmaz, Xızı, Qobustan, Beyləqan, Ağcabədi, Ağdaş rayonlarında sutəmizləyici qurğuların inşası başa çatdırılıb”.
Q.Hüseynov qeyd edib ki, son vaxtlar yağıntının az olması ilə əlaqədar bir sıra çətinliklər müşahidə edilib. Ona görə də bəzi rayonlarda alternativ mənbələrin yaradılmasını başa çatdırıblar.
Suyun keyfiyyət parametrləri barədə danışan ASC sədri qeyd edib ki, Qobustan və Ağstafada suyun codluq parametrləri çox yüksək idi.
Respublikanın kəndlərində həyata keçirilən layihələr barədə danışan Q.Hüseynov bu il 7 rayonun 18 kəndində 30 min insanın su ilə təminatının yaxşılaşdırıldığını bildirib:
“Artıq 1045 kənddə suyun təmizlənməsi 485 modul tipli qurğular vasitəsilə həyata keçirilir. Modul tipli qurğuların su emalı nəticəsində 690 min əhali bundan faydalanır. Alternativ su mənbələri olmayan kəndlərdə əhali bu qurğularla içməli su əldə edirlər”.
Q.Hüseynov qeyd edib ki, “Azərsu” ASC regional laboratoriyalar yaradıb:
“İlk mərhələdə bizim əsas hədəfimiz “Azərsu”nun xidmət dairələrindəki bölgələrdə olan su mənbələrini nəzarətə götürmək idi. Həqiqətən regionlarda çox böyük işlər görülüb. Biz bütün rayonların "su pasportu"nu hazırlayırıq. Burada hər bir rayonun su təchizatı, su mənbələri kimi məsələlər öz əksini tapıb. Bəzi kəndlər var ki, orada su təchizatı ilə bağlı problemlər var. Bir sözlə, regionlarda vətəndaşların su təchizatı ilə bağlı məsələlər diqqətdə saxlanılır. Bu işin həyata keçirilıməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumatlardan istifadə edirik”.