29 Noyabr 2019 23:39
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

https://teleqraf.com/news/toplum/229659.html

Qəzada həlak olanlardan amerikalı Edvin Vanner sanki ölümə tələsibmiş.

Biletini və əşyalarını hazırlayan bu şəxs sərnişinləri təyyarəyə aparan avtobusa yetişə bilməyib. Buna görə də təcili taksiyə əyləşərək hava limanına doğru yola düşüb.

Edvin hava meydanına çatanda təyyarə artıq hərəkət etməyə başlamışdı. Lakin amerikalı səlahiyyətli şəxslərə müraciət edir, təyyarənin hərəkəti dayandırılır və ölüm yolçuluğuna minə bilir.

Taksi sürücüsü mətbuata açıqlamasında belə deyir: “Elə bilirəm ki, onu mən öldürmüşəm. Kaş təyyarəyə yetişdirməzdim”.

Vəfat edən türklərdən mühəndis Əli Müzəffər Baran İsveçrəyə Türkiyə üçün avtobus sifariş etmək üçün yola düşmüşdü. Həsən Kaplanca təqaüddə olan zabit idi, İstiqlal savaşında 7 yerdən yaralanmışdı.

“Tasvir” qəzeti bu qəzanı bir neçə sayda işıqlandırıb, təyyarədə şəhid olan azərbaycanlı Valiyə Kazımbəy barədə əlavə məlumat da verib: “Təyyarə qəzasında həlak olan 3 övlad anası xanım Valiyə Kazımbəy Cahangirdə Susam küçəsində Barduç binasının 4 nömrəli dairəsində müsafir olaraq yaşamaqda idi. Romada olan uşaqlarının yanına getmək üçün hazırlıq görməkdə, yola düşəcək nəqliyyat vasitələrində yer gözləməkdə idi. Qəzaya uğrayan təyyarədə yer olduğunu xəbər aldığı zaman həm sevinmiş, həm də mahiyyətini anlaya bilmədiyi bir hisslə təyyarəyə minməkdən çəkinmişdi.

Hətta səyahət günü onu yola salmağa gələn bir yaxınına belə demişdi: “Uşaqlarımın yanına gedəcəyimə görə çox sevinirəm. Amma bu təyyarəyə minməyə heç cür cəsarət edə bilmirəm”. Bu hisslə təyyarəyə minən zavallı Kazımbəyin müsafir olduğu binadakı əqrəbaları göz yaşları içərisində bunları danışırdılar: “Ah… Kaş ki daha çox qorxsaydı, minməsəydi”.
Baş verən fəlakətin ilk şokunu keçirdikdən sonra qurbanların qohumlarını ancaq bir şey düşündürürdü: cəsədlərin vətənə gətirilməsi.

Həlak olanların soyulması ilə bağlı iddialar güclü olsa da, yunan rəsmiləri bu xəbəri inkar edir. İsveç rəsmisi isə təyyarənin bilərəkdən vurulması iddiasını qəbul etmir.

İsveç hava yolları Baş müfəttişi M.Torsten Veman bunları bildirir: “Mən Erenköydə yaşayıram. Bazar ertəsi səhər saat 9-da hava yolları idarəxanasına getdiyim zaman bir gün əvvəl saat 5-də Yeşilköydən hərəkət edən təyyarənin Afina və Stokholm meydanlarından heç birinə enmədiyinə dair teleqramlar aldım. Bütün məmurlarımız kimi məni də kədər bürüdü. Fəqət zəif bir ümidlə təyyarənin zədələnib məçhul bir yerə enməsini düşündük. Qəzanın bir təxribat olduğunu deyə bilmərik. Bununla bağlı heç bir dəlil, səbəb mövcud deyil. İldırımın vurmuş ola biləcəyini ehtimal etmək olar. Fəqət bu indilik bir təxmindir. Qəzaya uğrayanların bəzilərinin öncə yaralı olduqları halda daha sonra bəzi soyğunçular tərəfindən öldürülmüş olduqlarını iddia etmək mümkün deyildir. Cəsədlərin soyulmuş olduqları iddiası da dəlilsizdir”.

Cəsədləri gətirmək üçün həlak olanlardan bəzilərinin qohumları da Afinaya yola düşür. Qısa zamanda cəsədlərin kimlərə aid olduğu müəyyən edilir. Beş nəfər Afinada dəfn edilir.
Noyabr ayının 2-də 10 nəfərin nəşi İstanbula gətirilir. Saat 14:35-də cəsədləri gətirən təyyarə Yeşilköyə enir. Təyyarədən endirilən ilk sənduqə Səadət Soydanın idi. Digərləri isə bu şəxslərə aid idi: Əkrəm Cəfər Değer, Fəridə Elgin, Həsən Kaplangil, Fatma Elgin, Paydar Dobra, Robert Fresko, Menaşe Katelen, Əhməd Soydan, Siddiqə Müyəssər. 10 sənduqə yan-yana qoyulduqdan sonra üzərlərinə Türk bayrağı örtülür. Daha sonra cənazə mərasimi keçirilir.

Noyabrın 3-də həlak olanların daha 10-nun nəşi İstanbula gətirilir: Valiyə Kazımbəy, Mario Buranello, Giouanni Buranello, Luigi Bellis, Tulat Rouslan, Ali Muzaffer Boran, Neriman Tekin, Sabri Tekin, Semih Gürsoy, Jhon Saliba.

Noyabrın 4-də Təşviqiyyə məscidində cənazə namazı qılındıqdan sonra Valiyə xanım Fəriköy məzarlığında dəfn edilir. “Tasvir” qəzeti bununla bağlı yazır: “Bu gün torpağa veriləcək təyyarə qurbanlarından Valiyə Kazımbəyli İran təbəəsi olmaqla bərabər bir Türk anasıdır. 15 il əvvəl ailəsi ilə birlikdə Polşaya yerləşmişdi. Vətənindən uzaq düşməsinə baxmayaraq türklük sevgisi bu qiymətli qadının daim içində olmuş, Lehistandakı türklərin fəqir və möhtaclarına əlindən gələn köməyi etmişdi. Almaniyanın Rusiyanı istilasında almanlara əsir düşən rus əsgərləri arasındakı zavallı türklərə hər kəsdən əvvəl əlini uzadan o olub.

Polşa müharibə meydanına çevrilincə İtaliyaya gələn ailə orada toplanan müxtəlif türk müsəlman qaçqınlarına yaşadıqları qorxunc həyatı mümkün qədər azaltmağa çalışıb, heyrət ediləcək bir müvəffəqiyyətlə onları himayə etmiş, bir çoxlarını zülm və ölümdən qurtarmışdır. Valiyə xanım ata tərəfdən də kommunizmlə mücadilədə şöhrət qazanmış bir ailəyə mənsubdur. Atası Hüseyn(qulu) Xoyxan Azərbaycan milli hökumətinin Baş naziri Fətəli xanın qardaşıdır.

Bu ailə bolşevik cəlladlarının Fətəli xanı öldürmələrindən sonra Türkiyəyə mühacirət etmiş, burada yaşamışlar. Bütün həyatını əri albay Cahangir Kazımbəylə türklük uğrunda qırmızılarla mücadiləyə həsr edən Valiyə xanım bu məşum səyahətini də İtaliya düşərgələrində min bir fəlakət içində inləyən türk-müsəlman qadın və uşaqlarını bir an əvvəl Türkiyəyə gətirilmələrini təmin etmək üçün getmişdi. Valiyə xanım geridə üç öz övladı ilə birgə İtaliya düşərgələrində yüzlərlə türk uşaq və qadının da yetim və bikəs buraxdı”.

Valiyə xanımın məzar daşında belə yazılıb: “Azerbaycan Faciasının Aziz Kurbanı Valiye Kazımbeyli. Ruhuna Fatiha. 1947”.

Xoyskilər nəslindən Leyla Xoyxan Valiyə xanımın ölümü ilə bağlı bunları bildirib: “Valiyə xanım – mənim bibim bütün varlığı ilə Azərbaycana və azərbaycanlılara bağlı idi. 1947-ci ildə onun matəm mərasimində nüfuzlu ağsaqqallarımız belə özlərini saxlaya bilməyib göz yaşları tökürdü. Böyük izdiham vardı. Deyilənlərə görə, 1919-cu ildə Gəncədə ən xoş günlərdən biri bibimlə Cahangir bəyin toyu olub. Valiyə xanım hər il mayın 28-də böyük toplantılar təşkil edib gəzintilərə çıxardı. Bu gəzintilər zamanı üç rəngli bayrağımızın dalğalanmasından həzz alırdı. O zaman biz uşaq olsaq da, onlara qoşulub bir yerdə “Azərbaycan, Azərbaycan” mahnısını oxuyardıq. Çox gözəl piano çalırdı”.

Azərbaycan legionunun komandanı Əbdürrəhman Fətəlibəyli bir məktubunda bu hadisədən belə bəhs edirdi: “26.10.1947-ci il 17:30 təyyarə qəzası nəticəsində sevgili və hörmətli Valiyə xanımı itirdik. Valiyə xanımın ölümü məni və vətəndaşlarımı dərin bir qəmlə yas və kədərə saldı. Hərb dövründə yaralı və xəstələrimizə bacılıq və analıq məhəbbəti və qayğısı göstərdi. Bu mühacirlik dövrümüzdə əlindən gələn yardımı türk-müsəlman mühacirlərdən əsirgəmədi. Valiyə xanımın əziz xatirəsi millətimizin ürəyində əbədi olaraq yaşayacaqdır”.

Valiyə xanımın məzarını ziyarət etdiyimiz günlərin birində onunla birgə qəzada həlak olan bir neçə şəxsin də məzarını orada gördük. Həmin məzar daşlarında təyyarə qəzası ilə bağlı işarələr də həkk olunmuşdu...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər