6 Dekabr 2019 17:06
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə əməkdaşlığı ilə Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirilib.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yürüşün təşkilində əsas məqsəd əhalini bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq olmağa, fəal həyat tərzi keçirməyə səsləmək olub.

Səhiyyə könüllüləri, gələcəyin həkimləri və gənc idmançılardan ibarət yürüş iştirakçıları insanları sağlam həyat tərzi keçirməyə, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmağa çağırıblar. “Hərəkətli ol!”, “Tütündən imtina et!”, “Sağlam qidalan!” şüarları ilə əhalinin diqqətini cəlb edən yürüş iştirakçıları maraqlanan hər kəslə fiziki aktivliyin əhəmiyyəti barədə maarifləndirici söhbət aparıblar.

Əhalinin bir daha nəzərinə çatdırılıb ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır.

Sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirməyin vacibliyi, gün ərzində ən azı 60 dəqiqə fiziki aktivliyə vaxt ayırmağın zəruriliyi, eyni zamanda yaxın məsafələrə piyada getməyin, pilləkənlə qalxıb-enməyə üstünlük verməyin, gün ərzində televiziya və kompüter qarşısında keçirilən vaxtı 2 saatadək azaltmağın əhəmiyyəti insanlara izah olunub.


Müəllif: Aysel Azad