Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) sentyabrın 22-də “Naxçıvan Dövlət Universiteti (NDU) üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində ezam etdiyi koreyalı mütəxəssislərdən ibarət qrup dekabrın 5-dək Azərbaycanda olacaq.
Teleqraf.com xəbər verir ki, mütəxəssislərin ezamiyyəti portal, distant təhsil, akademik işlər üzrə sistemin və avadanlıqların quraşdırılması, əməliyyatlarla bağlı biliklərin öyrədilməsi, eləcə də yekun yoxlamanın aparılması və qarşılıqlı razılaşmalardan sonra yeni sistemin işə salınması məqsədi daşıyır. Həmçinin ekspertlər sistemin idarəsini və stabilləşdirilməsini, elektron təlim sistemi üçün 8 kontentin yaradılmasına yardımçı olacaq və istifadəçilər üçün təlim proqramını həyata keçirəcək.
Şəbəkənin sürətinin təkmilləşdirilməsi, portalın və əsas domenin ilkin hazırlıqları və sertifikatların verilməsi sisteminin formatı ilə bağlı daha dərin müzakirələr isə tərəflər arasında növbəti ay ərzində keçiriləcək.
“KOICA” layihə çərçivəsində Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və işçiləri üçün iki dəfə təqaüd proqramı təşkil edib. Layihə çərçivəsində keçirilən bu təqaüd proqramının məqsədi NDU-nun Təhsil İnformasiya Sisteminin idarəsi ilə bağlı texniki bilikləri möhkəmləndirmək, Koreyanın qabaqcıl universitetlərinin Təhsil İnformasiya Sistemi ilə tanış olmaq və Koreya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığa töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” 3,5 milyon ABŞ dolları dəyərində büdcəyə malik 24 aylıq layihədir.
İlhamə