I Dünya müharibəsi bitdikdən sonra 1918-ci ilin sonlarından savaşın nəticələrinin müzakirələrinə başlandı. Bu məqsədlə Parisdə Versal Sülh Konfransı çağırıldı, ABŞ, İngiltərə, Fransa, İtaliya və Yaponiya bu tarixi konfransın başlıca təşkilatçıları oldu. Konfransın əsas məqsədi qalib Antanta dövlətləri ilə məğlub Almaniya-Osmanlı bloku arasında saziş bağlamaq, eləcə də parçalanmış Rusiya imperiyasının gələcəyi ilə bağlı qərar verməkdi. XX əsrin siyasi xəritəsinin müəyyənləşdiriləcəyi bu tədbirdə Güney Qafqazda müstəqilliklərini elan etmiş üç ölkə mütləq şəkildə iştirak etmək, mövcudluqlarını tanıtmaq istəyirdi.
6 oktyabr 1918-ci il. Azərbaycan hökuməti İstanbuldakı yeni təyin etdiyi xariciyyə naziri Ə.b.Topçubaşıya teleqrafla tapşırdı ki, Avropa paytaxtlarına yola düşərək Azərbaycanın müstəqilliyini elan etməkdən ötrü ləngimədən orada bir heyət təşkil etsin. Ancaq tezliklə anlaşıldı ki, ən önəmli hədəf müstəqilliyin tanıdılmasıdır. Məclisi-Məbusan hökumətlə birgə keçirdiyi iclasda Parisə göndəriləcək Heyəti-Mürəxxəsənin (tam səlahiyyətli nümayəndə heyətinin) tərkibini müəyyənləşdirdi.
28 dekabr 1918-ci ildə Heyət Parisə yola salındı. Bu münasibətlə “Azərbaycan” qəzetinin müxbiri Xəlil İbrahim “Sülh konğresinə gedən Heyəti-Mürəxxəsənin əziməti” adlı məqaləsində (“Azərbaycan” qəzeti, 30.XII.1918, № 74) yazır:
“Azərbaycan Parlamanı tərəfindən Avropaya... ümumi sülh konğresinə göndərilən Heyəti-Mürəxxəsə çaharşənbə günü saat 7-də dəmiryolu təriqiylə əzimət etdi. Heyət: dövlət müfəttişi, “Müsavat” pişrovu Məhəmmədhəsən Hacınski, Parlaman məbusu və məşhur camaat xadimi və mühərrir Əhməd bəy Ağayev, məşhur camaat xadimi Əlimərdan bəy Topçubaşov, Parlaman üzvü və sosialist, “Hümmət” firqəsi rəisi Əkbər ağa Şeyxülislamov, qəzetəmizin müdiri və baş mühərriri Ceyhun bəy Hacıbəyli, [Məhəmməd] Məhərrəmov (sosialist) və Miryaqub Mirmehdiyev (“İttihad”) cənablarından ibarətdir.
Heyət yola düşmədən əvvəl “Müsavat” Firqəsi rəisi Rəsulzadə Məhəmmədəmin bəy cənabları müxtəsər bir nitq irad edərək Avropaya gedən məşhur çalışqan rəislərimizə vəzifələri haqqında bir söz söyləməyi artıq hesab edib də ancaq vəkillərimizin millət hüzuruna istiqlal təmini kibi mübarək bəşarətlə, ağ yüz, açıq alınla qayıdacaqlarına əmin olduğunu bildiriyor.
Baş nazirin verdiyi etimadnaməyə görə, Heyətin Versal Sülh Konfransında Azərbaycan Cümhuriyyətini təmsil etmək, eləcə də dövlət adından hər cür siyasi, iqtisadi, maliyyə müqavilələri imzalamaq səlahiyyəti vardı.
Heyət sədr müavini Məhəmmədhəsən Hacınskinin başçılığı altında Batuma, oradan da Gürcüstan və Şimali Qafqaz nümayəndələri ilə birgə İstanbula yola düşdü.
Bu ərəfədə Topçubaşı İstanbulda olarkən yabançı dövlətlərin təmsilçiləri ilə görüşürdü. Əlimərdan bəy İstanbulda Osmanlı sultanı VI Mehmet, Amerika diplomatik nümayəndəsi mister Heyk, Hollandiya nümayəndəsi Van Der Does de Villebua və bir çox başqaları ilə maraqlı görüşlər keçirmiş və onların hamısını incəliklə qeydə almışdı. Bakıdan gedən Heyət 20 yanvarda İstanbula çatdı. Ayın 22-də Topçubaşının sədrliyi ilə onun ilk iclası keçirildi. Burada Heyətin tərkibi genişləndirildi – Əli bəy Hüseynzadə və V.Marçevski əməkdaş, Səfvət bəy Məlikov-Zərdabi və Əliəkbər bəy Topçubaşov katib, Ə.Qafarov fransız dili, Q.Qafarova ingilis dili, H.Məmmədov fransız və türk dilləri tərcüməçisi, Rəşid bəy Topçubaşov isə sədrin şəxsi katibi olaraq heyətə qatıldılar.
Birinci iclasda siyasi və milli, iqtisadi-kommersiya, təbliğat və məlumat məsələləri ilə məşğul olacaq üç bölmə də yaradıldı və üzvlər arasında dəqiq iş bölgüsü aparıldı.
1919-cu il yanvarın 18-də Parisin Versal sarayında Sülh Konfransı öz işinə başladı. Fransanın Baş naziri Jorj Klemanso Konfransın prezidenti seçildi.
Azərbaycan Heyəti Fransadakı ermənilərin törətdiyi təxribatlar üzündən Parisə vizanı çox gec, aprelin 15-də ala bildilər. Ermənilər nümayəndə heyətinin üzvü Əhməd bəy Ağayevi ittihadçıların lideri, Osmanlı Məclisi-Məbusanında və mətbuatında ittihadçı¬la¬rın fəal nümayəndəsi və qızğın təbliğatçısı, Müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə verdikləri üçün onun və bəzi üzvlərin Parisə yolu bağlandı. (Az sonra ingilislər Ağayevi həbs edərək Malta adasına sürgünə göndərdilər).
Nəhayət, Heyəti-Mürəxxəsə aprelin 22-də İstanbuldan Parisə doğru yol aldı, mayın 7-də Parisə çatdı və buraya yetişincə fəal işə başladı.
1919-cu il mayın 28-də – Azərbaycan Cümhuriyyəti istiqlalının birinci ildönümü günü Heyət Konfransın əsas lideri, “Vilson prinsipləri”nin müəllifi olan ABŞ prezidenti Vudro Vilsonla görüşdü. Topçubaşı ABŞ prezidentinə öz hökuməti adından bunları bəyan etdi:
“Sizi əmin edirik ki, müstəqil yaşamaq üçün bizdə hər şey vardır... Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq”.
Ancaq Vilson Amerikanın dünyanın kiçik hissələrə bölünməsini istəmədiyini, Azərbaycan məsələsinin “rus məsələsi”ndən əvvəl həll edilə bilməyəcəyini söylədi.
Vahid Rusiyadan çarın borclarını daha asanlıqla ala biləcəklərini düşünən qalib Müttəfiqlər onun parçalanmasında maraqlı olmadıqlarına görə Güney Qafqaz məsələsinə biganə yanaşırdılar, ancaq Rusiyada qüvvələr tarazlığının dəyişməsindən sonra maraqlar fərqli məcraya yönəldi. Müttəfiqlərin dəstəklədiyi general Denikinin ard-arda məğlubiyyəti, bolşeviklərin gerçək gücə çevrilməsi qarşısında Güney Qafqaz dövlətlərinə münasibət yetərincə dəyişdi. Böyük Britaniyanın baş naziri Lloyd Corc 1919-cu ilin 17 noyabrında İngiltərə Parlamentinin İcma Palatasındakı çıxışında iki dəfə Azərbaycan və Gürcüstanın adını çəkdi. Müttəfiqlər başa düşürdülər ki, bolşeviklərin Qafqazda qalib gəlməsi bolşevizmin İran, Türkiyə və Orta Asiyaya yayılması deməkdir.
Böyük Britaniyanın təşəbbüsü ilə 1920-ci il yanvarın 10-da Versal Ali Şurasının sessiyasında bildirildi ki, Güney Qafqazda üç mühüm hadisə baş verir. Birincisi, bolşevik Rusiyasının qoşunları cənub istiqamətində hərəkət edir; ikincisi, geri çəkilən Denikin ordusu bu respublikalara soxula bilər, üçüncüsü, kamalçılar Rusiya ilə razılıq əsasında bu respublikalara müdaxilə edə bilər, buna görə də Azərbaycan və Gürcüstan de-fakto tanınmalıdır. Ali Şura İngiltərənin xarici işlər naziri Lord Kerzonun təklifi ilə bu məzmunda bir qərar qəbul etdi:
“Müttəfiq və birlik ölkələri Аzərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyır”.
Beləliklə, Azərbaycanın müstəqilliyi 10 yanvar 1920-ci ildə Paris Sülh Konfransında de-fakto tanındı.
Yanvarın 15-də Fransa Xarici İşlər Nazirliyinin Baş katibi Jül Kambon Ali Şura üzvlərinin və Müttəfiq ölkələrin Azərbaycanın de-fakto tanıması barədə Paris Sülh Konfransının rəsmi qərarını Ə.b.Topçubaşıya təqdim etdi.
Bundan bir gün öncə – yanvarın 14-də isə Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli Azərbaycan vətəndaşlarına müraciət edərək tanınma haqqında məlumat vermiş, bu münasibətlə 14 yanvar ölkədə qeyri-iş günü elan edilmişdi.