16 Yanvar 2020 08:55
6 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Ərşad müəllim, Azərbaycanda ilk dəfə alternativ təbabəti aktuallaşdıran "Möcüzəsiz möcüzə" adlı kitabı siz yazmısız. Kitabın ideyası necə yarandı?

- Hamı kimi, siftə vaxtlar mən də Təbiət qanunlarını kobud şəkildə pozmuşam, qeyri-sağlam həyat tərzi yaşamışam, pis vərdişlərin əsiri olmuşam və Ana Təbiətdən, layiq olduğum, cəzanı almışam. Yəni, 30 yaşdan 60 yaşa qədər (1965 -1995) 8 ağır xəstəliyin daşıyıcısı olmuşam.

Düz 30 il Bakının və Moskvanın aparıcı klinikalarında, sanatoriyalarda müntəzəm müalicə alsam da, sağlamlığımı qaytara bilmirdim. Əksinə, 1 xəstəliyin üstünə 7-si gəldi, 40 yaşa çatanda iş qabliyyətimi tamam itirdim,1-ci qrup əlil kimi, pensiyaya çıxdım.

O illərdə məni, bir yazıçı-jurnalist kimi, 3 sual həmişə düşündürüb: insan niyə xəstələnir, xəstə niyə sağalmır, sağlamlığı necə qaytarmaq olar? Elə gün olmurdu ki, tibbi ədəbiyyat oxumayım. Axtardığım suallara cavabı yapon alimi Katsudzo Nişinin sağlamlıq sistemində tapdım. Anladım ki, xəstəlik qeyri-sağlam həyat tərzinin labüd nəticəsidir. Dərhal həyat tərzimi dəyişdim və 8 xəstəliyin hamısı təmizlənmiş cismimi tərk etdi.

Qərara aldım ki, mən Nişinin təlimini xalqıma çatdırmağa və sağlam həyat tərzini geniş yaymağa borcluyam. “Möcüzəsiz möcüzə” bu qərarın nəticəsidir.

- Xəstəliklərdən tam xilas ola bildinizmi? Ötən illər ərzində həmin xəstəliklər geri qayıtmağa cəhd etdimi və siz onlara necə müqavimət göstərdiniz?

- Gəlin bir şeyi dəqiqləşdirək. Həqiqi tibb elminin təməlini Hippokrat hələ eramızdan xeyli əvvəl qoyub. Lakin hazırkı səhiyyə sisteminin həqiqi tibb elmi ilə heç bir əlaqəsi yoxdur. Bu günkü rəsmi tibb “elmi” elm deyil, bir neçə elmin (anatomiya, biologiya, fizika, riyaziyyat və sair) qarışığıdır.

Elmdə nəticə əvvəlcədən bilinir: 2+2=4. Və yaxud: H2+O = su. Rəsmi tibb “elmində” heç bir həkim müalicənin nəticəsini əvvəlcədən bilmir və zəmanət vermir.

Digər tərəfdən, mənim rəhbər tutduğum elm tibb elmi deyil, həyat tərzidir. Hər bir insanın 2 tale yolu var: sağlam həyat tərzi yaşayan insan sağlam və xoşbəxt olur, qeyri-sağlam həyat tərzi yaşayan isə xəstə və bədbəxt. Üçüncü yol yoxdur. Axtarmayın. Xəstə və ya sağlam olmaq həyat tərzindən asılıdır.

Mən özümü sağaltdım, gəncliyimi qaytardım və 10 il yağışda, qarda, şaxtada, tufanda səhər saat 6-da durub stadiona getdim, 10 km məsafəni iti addımlarla qət etdim. 2005-ci ildə məni zəhərlədilər, meyvə-tərəvəz yeyə bilmədim, mədəm ancaq bişmiş qidaları qəbul edirdi. Və ilkin xəstəliyim qayıtdı. Vəziyyətdən güc-bəla ilə çıxa bildim, yenidən sağlam həyat tərzinə qayıtdım, yenidən gümrah və sağlam oldum.

- Kitabınızda Nişi sistemi haqda Azərbaycan dilində ilk dəfə siz məlumat veribsiz. Bu sistemin mükəmməlliyini yenə iddia edirsinizmi?

- Bu suala qismən cavab verdim. Onu əlavə edim ki, ötən 25 ildə hasil etdiyim bir həqiqət beynimdə daha da bərkidi: Nişi sisteminin təklif etdiyi sağlam həyat tərzinin alternativi yoxdur. Sağlam həyat tərzi yaşayan insanın nə həkimə ehtiyacı olur, nə də yalançı “ölüdirildənlərə”. Kim öz canını və taleini həkimə etibar edirsə - həm vaxtını itirir, həm pulunu, həm də canını.

- "Möcüzəsiz möcüzə" kitabı neçə dəfə nəşr olunub, indiyəcən neçə titajla çıxıb və belə təkrar nəşrlərin səbəbi nədir?

- Bu kitabı ilk dəfə 1996-cı ildə buraxdım. Məqsədim sağlam həyat tərzini geniş təbliğ etmək, millətin gözünü açmaq, əhalini sağlamlıq və xoşbəxtlik yoluna çəkmək idi. Kitab işıq üzü görən kimi, piratlar onu çoxaldıb satmağa başladılar və bu proses artan sürətlə indi də davam edir.

Mən özüm əsəri təkmilləşdirərək, 4 dəfə nəşr etdirmişəm, 5-ci nəşri bu günlərdə işıq üzü görəcək. İranda da piratlar mənim müəlliflik hüququmu pozaraq, kitabı məndən icazəsiz fars dilinə çevirib satırlar.

- Azərbaycanda xalq təbabəti ilə müalicə üsulları geniş yayılmasa da, hər halda, bu üsulların tətbiqinə rast gəlirik (bioloji təbabət, bitkilərlə müalicə və sair). Bu tətbiqlərə hansı iradlarınız var, nələrə əməl olunmur və olunmalıdı?

- Qeyd etdiyim kimi, insan sağlam həyat tərzi yaşamırsa mütləq xəstə olmalıdır. Onu heç bir müalicə metodu xilas edə bilməz. Müalicə metodlarının hamısı zərərlidir, xəstəni dərmandan və həkimdən asılı vəziyyətə salır.

- Hazırda Azərbaycanda və dünyada qida ilə bağlı hansı əsas problemləri qeyd etmək istərdiniz?

- Ən yaralı yerimə toxundunuz. Hippokrat qidanın taleyimizdə oynadığı mühüm rolu belə vurğulayıb: “Biz - nə yeyiriksə, oyuq”. Məhəmməd peyqəmbər qidanı Yer üzündə baş verən bütün fəsadların törədicisi sayıb: “Btün fəsadların yuvası mədədir, bütün dərdlərin çarəsi pəhrizdir”.

Mən isə bu kəlamları açıqlamışam: sağlam qida sağlam qandır, sağlam qan sağlam candır, sağlam can sağlam düşüncədir, sağlam düşüncə sağlam qərardır, sağlam qərar xoş əməldir. Çox təəssüf ki, şər qüvvələrə xidmət edən reklam canlı qidanı gözdən salıb, meyvə-tərəvəzi sıxışdırıb süfrədən çıxardıb.

Üstəlik, pul hərisləri torpağı və ağacları da narkomana çevirib, meyvə və tərəvəzin zahiri gözəlləşib, batini isə pisləşib. Şəfalı bitki səltənəti də zəhər daşıyıcısı rolunu oynayır. Bütün dünyada belədir. Üzümü insanlara tutub deyirəm: qidada ləzzət yox, fayda axtarın.

- Siz alternativ təbabətlə hansı xəstəliklərin sağalmasını mümkün hesab edirsiz? Sağalmayan xəstəliklər varmı?

- Əvvəla, sağalmayan xəstəlik yoxdur, sağalmayan xəstə var. İkincisi, “alternativ təbabət” adlandırdığınız o şey rəsmi təbabət kimi, heç bir xəstəliyi sağalda bilmir. Yer üzündə tək bircə şəfalı dərman var - sağlam həyat tərzi. Qalan dərmanların hamısı zəhərdi.

- Bəs, elmi təbabətlə alternativ təbabətin birgə işləməli olduğu sahə barədə nə deyə bilərsiz? Yəqin ki, cərrahi əməliyyatlar yalnız elmi təbabətin üzərinə düşəcək...

- Cərrahiyə və travmatologiya peşələri istisna olmaqla, rəsmi və qeyri-rəsmi təbabət müalicə ilə deyil, profilaktika ilə məşqul olmalıdır. Dərmandan yalnız xəstəni ağır vəziyyətdən çıxarmaq üçün istifadə etmək lazımdır. Həkimlər dietologiya ilə, maarifləndirmə ilə məşqul olmalı, əhaliyə səhiyyə mədəniyyətini, qida mədəniyyətini müləmməl öyrətməli və çox yüksək məvacib almalıdır.

- Elmi təbabətin ən böyük yanlışılıqları, sizcə, hansılardır?

- Rəsmi təbabətin acizliyi, gücsüzlüyü ondadır ki:

-tam, bölünməz və vahid olan orqanizmi ayrı-ayrı orqanlara bölüb, hər orqanı ayrılıqda müalicə etməyə çalışır;

-xəstəliyi törədən səbəbi (qeyri-sağlam həyat tərzi) aradan qaldırmaq əvəzinə, nəticəni (xəstəliyi) dəf etməyə çalışır;

-canlı qidaların köməyi ilə sağlam qan yaratmaq əvəzinə, orqanizm tərəfindən mənimsənilməyən kimyəvi preparatların vasitəsilə qanı zəhərləyir və hüceyrələri qırır.

- “Biz necə qidalanmalıyıq” sualının qısa cavabı nədir?

- Qısa cavab belədir: insan yalnız canlı qidaları - Günəş işığı, təmiz hava, çiy su və çiy bitki qəbul etməlidir. Özü də uzlaşmayan qidaları ayrı-ayrı vaxtlarda qəbul etməlidir.

- Bəs hərəkətdə nəyə fikir verməliyik?

- Sağlamlığı təmin edən 4 vacib qüvvə var: canlı qida, faydalı hərəkət, su vannası və özünütəqlin. Hərəkətlə bağlı onu deməliyəm ki, idmanın bütün növləri zərərli hərəkətdir, idman can sağlığına deyil, biznesə və siyasətə xidmət edir.

Bədən tərbiyəsi, xüsusilə də açıq havada gəzmək (gündə 8-10 km) - sağlamlığın rəhnidir. Kitablarda minlərlə gözəl təmrinlər var, hər kəs öz zövqünə və imkanına uyqun kompleks seçib, hər gün yerinə yetirsə - həm qidaların həzmə getməsini, həm də daxil olan enerji ilə çıxan enerjinin balansını təmin edir. Hər ikisi həyat əhəmiyyətli prosesdi.

- Ərşad müəllim, bildiyimiz qədər yaşınız çoxdu, 85-i keçmisiz. Nə üçün aktiv həyat sürmürsünüz? Tədbirlərə qatılmırsınız, şəhərdə görünmürsüz? Özünüzü sağlam hiss edirsizmi və özünüzə neçə yaş verərsiz?

- Artıq 86-nı xırdalayıram. Lakin özümü qoca saymıram, təxminən, 50 yaşım olar . Küçələrdə ona görə görünmürəm ki, boş vaxtım çox az olur - yazıram. Ötən il xərçəng haqqında geniş həcmli əsərim və 2 şeirlər kitabım çıxdı, indi də eyni vaxtda 3 böyük əsər üzərində son tamamlama işləri aparıram.

“Xoşbəxt ailənin düsturu” - gənc qızlar və oğlanlara bələdçi olacaq, sağlam ailə qurmağın, dünyaya sağlam övlad gətirməyin, kamil vətəndaş formalaşdırmağın yolunu göstərəcək.

“Bizi yaşadan da qidadır, öldürən də” əsəri insanlara düzgün qidalanmağın yolunu göstərəcək. “Ağatlı Oğlan” isə 2 kitabdan ibarət böyük həcmli romandır - bu günümüzün aynasıdır. Amma səhhətində də kiçik problem var - dişlərimi düzəltdirəndə yüksək dozalı keyləşdiricidən zəhərləndim. Axı, mənim saflaşmış bədənim dərman götürmür. Yavaş-yavaş düzəldirəm.

Tədbirlərə gəlincə, onu deməliyəm ki, şou xarakterli tədbirlərə qatılmıram, belə verilişlərə getmirəm. Ağıllı tədbirlərdən isə qalmıram. Qulu Məhərrəmli, Mətləb Mütəllimli, Mir Mahmud ağa kimi ziyalılarımız 85 illik yubileyimi qeyd etmək üçün oxucularımı bir araya gətirəndə, böyük həvəslə iştirak etdim, 2 dəfə İTV-nin qonağı olmuşam. Amma hər çağırılan yerə getmirəm, tək-tək adamlarla görüşməyə ehtiyac duymuram.

- Şair deyib: “Hər kəs yüz il yaşamasa, günah onun özündədi...” Yüzü haqlayacağınınız düşünürsüzmü?

- Çalışıram. Amma ömrü Tanrı verir.

- Son illər əsəb narahatlıqları, deperssiya kimi psixoloji halların sayında da artım var. Sizin istinad etdiyiniz alternativ təbabət hansı çarələri məsləhət bilir?

- Bu gün dünyanı müdrik insanlar, aqillər deyil, YIRTICI BİZNESİN işbazları idarə edir. Biznes gücləndikcə xəstəliklər, münaqişələr, müharibələr də güclənir. Çünki qondarma biznes qanunları Təbiətin mükəmməl və əbədi qanunlarına ziddir.

- Oxuculara ən mühüm tövsiyələriniz...

- Özünüzdə güc tapıb, pis vərdişləri bir-bir həyatınızdan çıxardın, sağlam həyat tərzinin tələblərini həyat qanunu kimi qəbul edin, sağlamlıq və xoşbəxtlik Məbədinə tərəf inamlı addımlarla gedin.


Müəllif: Qurban Yaquboğlu

Oxşar xəbərlər