Bakıda 2027-ci ilə qədər daha 11 yeni metro stansiyasının tikilməsi nəzərdə tutulub.
Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bu məsələ Bakı şəhərinin Baş Planında da nəzərdə tutulub: "Bakı Metropoliteninin Konseptual İnkişaf Sxemində bu məsələ nəzərə alınıb. Bakının Baş Planına uyğun olaraq metropolitendə də xətlərin bir-birindən ayrılması nəzərdə tutulub. Xətlərin ayrılması üçün də mütləq şəkildə "Şah İsmayıl Xətai" stansiyasından "Həzi Aslanov" stansiyasına qədər olan və "Koroğlu" stansiyasından "Dərnəgül" stansiyasına qədər olan hissələr inşa olunmalıdır".
B.Məmmədov qeyd edib ki, ümumilikdə, 2027-ci ilə qədər 11 metro stansiyasının inşası nəzərdə tutulub: "Həmin dövrdə "İçərişəhər" stansiyasından sonra 2 yeni stansiyanın da inşası planlaşdırılıb. Çünki xətlər bir-birindən ayrılanda hər bir xətdə müstəqil hərəkət təşkil olunmalıdır.
Müstəqil hərəkətin də intensivliyi üçün "İçərişəhər" stansiyasından sonra dönmə kamerası olan 1 stansiya olmalıdır. Xətlərin ayrılması üçün "Yaşıl xətt" üzrə "Şah İsmayıl Xətai" və "Dərnəgül" stansiyalarından sonrakı xətlərin tikintisi vacibdir. Yəni "Dərnəgül" stansiyasından sonra 3, "Şah İsmayıl Xətai" stansiyasından sonra isə 4 stansiyanın inşası mütləqdir".