28 Yanvar 2020 09:05
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi insanlar həyatdan getdikdən sonra onları heykəlləri yaşadır. Bu dəfə cansız daşı danışdıran heykəltəraşlardan biri ilə söhbət etdik. Gənc olmasına baxmayaraq, böyük uğurlara atan Zamik Rzayev Teleqraf.com-a tozunu da sevdiyi sənəti haqqında danışdı.

- Əvvəlcə siz tanıyaq. Nə qədər müddətdir bu işlə məşğulsuz?

- Başlayanda 9 yaşım vardı. Evdə kiçik eskizlər çəkirdim. Bu, valideynlərimin diqqətini çəkdi. Məni Tofiq İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq Sarayında dərnəyə apardılar.Təxminən 15 yaşıma qədər orada rəsmlə məşğul oldum. Arzum rəngkar olmaq idi, həmin müddətdə heykəltəraşlıq haqqında məlumatım yox idi.

Orada bir müddət məşğul olduqdan sonra müəllimlərim Faiq Ibrahimov və Arzu Rzaquluzadə məni Əzim Əzimzadə adına kollecə hazırlaşdırdı. Rəng imtahanından keçə bilmədiyim üçün birinci il kəsildim. Növbəti il heykəltəraşlığa hazırlaşdım və qəbul oldum. Mənə bir az çirkli iş kimi gəlsə də, sonra onu sevməyə başladım. Başa düşdüm ki, bu sahə daha maraqlı imiş.

- Bu sahə üzrə ixtisaslaşmağınıza ailəniz etiraz etmədi?

- Əksinə, mən hazırda atamın arzularını reallaşdırıram. Atam rəssam olmaq istəyirmiş, buna görə də məni rəssamlığa yönəldi. Hər zaman mənə dəstək olublar. Hər ailədə istedadlı uşaq olur. Valideynlərin burada böyük rolu var, uşağın meyli olan sahəyə yönləndirmək lazmdır. Daima oxumağı tələb etməklə irəliyə yönəltmək mümkün deyil.

- Bu işdə sizə zövq verən nədir?

- Leyliyə Məcnunun gözü ilə baxın. Tozlu olmasına baxmayaraq işimi o qədər sevirəm ki, təmiz geyimdə olanda daha çox narahatlıq keçirirəm. Tək mən yox, bütün kollektivimiz tozlu-kirli geyimdə daha xoşbəxt oluruq. Demək olar ki, həyatımızın çox hissəsini burada keçiririk. Heykəllər həyatıma çevrilib. Sevinirəm ki, sevdiyim işlə məşğulam və buna görə pul da qazanıram.

- İlk hazırladığınız heykəl hansı olub?

- Kiçik atlar, boks əlcəkləri... Qəbul imtahanında heykəltəraşın heykəlini işləmişdim. Sonra proqrama uyğun natura, portret, yarpaq kimi işləri öyrətdilər. Oxuduğum ilin 3-cü həftəsində yaxşı işlədiyim üçün sinif nümayəndəsi seçildim. Heykəltəraşlıq sahəsində biliyim olmadığı halda bu iş məni özünə cəlb etdi.
- İşə necə başlayırsınız? Əsasən hansı janrda heykəllər hazırlayırsınız?

- Əvvəlcə mövzunu, kompazisyanı beynimdə həll edib, daha sonra eskizə köçürürəm. Daha çox kamerni kompazisyalar işləyirəm. Eyni zamanda portret və etüdlər də işlədiyimiz olur.

- Tanınmış şəxslərdən yəhudi əsilli Azərbaycan milli qəhrəmanı Albert Aqarunovun heykəlini hazırladığınızı bilirəm.

- Bəli, onun heykəlini Rahib Qarayevlə birlikdə hazırlamışıq. Rektorumuz Ömər Eldarov bizi çağırdı və bu işi bizə həvalə etdi. 2-3 eskiz hazırladıq, birini seçdik. Adətən, orta boyda bir model işlənir, sonra başqa komanda onu böyüdür. Biz ilk dəfə idi ki, 7 metr hündürlüyündə heykəli birbaşa işlədik. Yorğunluğu hələ də keçməyib. Çətin olsa da, zövqlü oldu.

Eyni zamanda Aprel döyüşlərində şəhid olan Samir Kaçayevin xatirə lövhəsini hazırlamışam. O, həm də mənim qrup yoldaşım idi. Hazırda Şamaxının Çuxuryurd kənd orta məktəbində Samirin xatirə lövhəsi yerləşdirilib.

- Əvvəlki əsərlərlə indiki əsərləriniz arasında müqayisə aparmaq istərdim. Nə kimi fərqlər var?

- Çox böyük fərqlər var. Doğrudur, kompozisiya, hətta uşaqlıq düşüncələri daha gözəl və fantastik olur. Amma işləmək tərzi, təhsil hazırkı işlərimə çox təsir edib. Qarışqa ilə fil arasında olan fərq qədər var...

- İşlədiyiniz zaman nələr və ya hansı sənətkarlar sizə təsir edir?

- Ümumiyyələ, incəsənət adamları təsirlənməsə nəsə hazırlamır. Ya hansısa proyekt üzrə köklənib işə başlayır, ya da təbiətdə səni cəlb edən bir şey olur. Sənətkar hər kəsin gördüyü, amma diqqət etmədiyini əsərə çevirir. Təsirlənmədikdə onu görməmək mümkün deyil.

- Heykəl hazırlandıqda hansı materiallardan istifadə olunur?

- Böyük heykəllər gildən, kiçik işlər isə əksər hallarda plastlindən hazırlanır. Daha sonra qoyulacağı yerdən asılı olaraq daşa və ya başqa materiala keçirilir. Təbii ki, burada büdcə də rol oynayır.

- Qeyd etdiniz ki, əsərləriniz daha çox dekorativ kompozisiyalar şəklindədir. Seçimin əsas səbəbi nədir?

- Natura hazırlandığı zaman ölçülər, fəzada həllinə diqqət vacib amildir. Amma mən işlədiyim zaman yüksək əhval-ruhiyyəmin olmasına önəm verirəm. Əgər gördüyüm iş mənə zövq vermirsə, bu nəticəyə təsir göstərir. Elə kəs olur ki, özü maraqlıdır və portretini hazırlayan zaman işə təsir göstərir.

- Heykəl qoyulan yer necə seçilməlidir?

- Heykəl qoyularkən memarla birgə işləmək lazımdır. Bizdə heykəl qoyulduqdan sonra proyekt dəyişir, ətrafında bina tikilir. Bu artıq heykəltəraş və memarın günahı deyil.

Biz Albert Aqarunovun heykəlini hazırlayanda onun komandiri Hacı Əzimov heykəlin yerini seçmişdi. Onun ətrafında bina ucaldılarsa, bizim və ya memarın günahı olmayacaq.

- Sağlığında kimə heykəl qoyulmasını istərdiniz?

- Əslində, sağ olan kəslərə nadir hallarda heykəl qoyulur. Yaxud tanıdığım elə kəslər var ki, sağ ikən qəbirüstü heykəllərini hazırlatdırıblar, doğulduqları tarix qeyd olunub. Əslində ad çəkmək çətin olsa da, sağlığında heykəl qoyulası şəxslər var. Cabir Novruz demişkən, sağlığında qiymət verin insanlara. Sadəcə, sağlığında heykəl qoyulan insan yaşadıqca statusunu itirə bilər.

- Nəyə görə bizdə rəngli heykəllər yoxdur? Ümumiyyətlə, Azərbaycan və dünyada heykəltəraşlıq sənət mühitinə dair fikirləriniz nələrdir?

- Rəngli heykəllər başqa janrdır. Rəngli olduğu zaman heykəl yox, kukla hesab olunur. Bu, klassika deyil, bizdə isə klassikaya üstünlük verilir. Antik işlərdə nadir hallarda rəngli heykəllər olur.

Bizim ölkədəki heykəltəraşlığın sənət səviyyəsi bir sıra ölkələrlə müqayisədə üstündür. Çünki SSRİ Avropadan bəhrələnib, İtaliydan, Fransadan mütəxəssislər gələrək akademiya yaradıblar. Hazırda bizə dərs deyən müəllimlərimiz də o məkətbin məzunlarıdır.

- Ən çox vaxtınızı alan hansı heykəl olub?

- Rahib Qarayevlə birlikdə işləməyimizə baxmayaraq, ən çox vaxtımızı alan Albert Aqarunovun heykəli oldu. Onu hazırlamaq bizim 5 ayımızı aldı, kariyeramızda ən çox vaxtımızı alan iş oldu.

Ümumiyyətlə, heykəlin hazırlanma müddəti ölçüsünə, çətinliyinə görə dəyişir.

- İşlədiyiniz bu heykəli sizə bənzətdim…

- Bu heykəldə pişiyimi və özümü işləmişəm. Magistratura təhsilimdə diplom işimdir. Əsl adı “Canlı cansız”olsa da, fəlsəfi olduğu üçün sənədlərdə “Gənc heykəltəraş” qeyd olundu.

Bakalavr diplom işim daha uğurlu alınmışdı, "Ənzəli" oyununu təsvir etmişdim.

- Akademiyada müəllim işləyirsiniz. Tələbələrin bu sahəyə marağı necədir?

- Mən 3 ildir burada işləyirəm. İstedad yoxdursa, bura qəbul olmaq mümkün deyil. Az-çox istedadı olan var, təbii ki, maraq dairəsi də buna təsirsiz ötüşmür.

- Ötən il Lütfizadənin heykəli böyük qalmaqala səbəb oldu. Sizin fikriniz nədir?

- Lütfizadənin heykəlini başa düşmədilər. Ömər Eldarov onu elmə açılmış pəncərə kimi təsvir etdi. Ömər müəllimin səviyyəsinə çatmayanlar işini başa düşməyib qınadı. Həmin müddətdə yazılanları izlədim, araşdırmadan hər kəs fikir bildirdi. O yaşda o cür müasir düşüncə hər heykəltəraşda olmur.

- Hazırda hansı heykəlin üzərində işləyirsiniz?

- Bu naturadan etüddür. Özüm obrazlaşdırmışam. Təxminən 50-ci illəri əks etdirməyə çalışmışam. Gildən hazırlanır, sonra qəlibə salıb, gipsdən formasını çıxarırıq.

Bu sənətlə insanın tarixdə qalma şansı var. İllər ötsə də, işin yaşayır. Özündən, övladından sonrakı nəsillərə çatır. Bu sənəti insanı tarixdə yaşatdığına görə sevirəm…

- Sonda əlavə etmək istədiyiniz nəsə var?

- Heykəltəraş olmaq istəyənlər ürəklərində saxlamasınlar, sadəcə addım atmaqları kifayətdir. Ümumiyyətlə, bu işdə yaş həddi yoxdur. Van Qoq çox gec rəssam olmağa başlayıb, bu tarixdə ilk deyil. Hər şey istəyə bağlıdır.


Müəllif: Aysel Azad