13 Fevral 2020 12:35
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün İmişlidə baş verən zəhərlənmə faktı da göstərir ki, insanlar ev şəraitində texnologiyaya düzgün əməl etmədən konserv məhsulu hazırlayırlar.

Teleqraf.com xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli ötən gün İmişlidə baş verən zəhərlənmə ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O, əhaliyə müraciət edərək kustar üsulla məhsul hazırlayan zaman həddindən artıq diqqətli olmağı tövsiyə edib.

Qoşqar Təhməzli dönərdən zəhərlənmə hallarının səbəbini də açıqlayıb: "Dönərxanalarla əlaqədar ən çox zəhərlənmə faktlarının dönər hazırlayan şəxslərin qida ilə düzgün rəftar etməməsi səbəbindən baş verdiyini aşkarlamışıq. Yəni, bir sıra ərzaq məhsullarının saxlanma şəraitinə düzgün əməl etmirlər. Eyni zamanda ət və ət məhsulları, digər tez xarab olan məhsullarla təmasda olarkən sanitar-gigiyenik qaydaya riayət olunmur".

AQTA sədri deyib ki, Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunun nəzdində "Süfrə" MMC yaradılacaq.

Onun sözlərinə görə, həmin qurumun əsas rolu qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələrin tətbiq edilməsidir: "Belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır. Təxminən 7 kvadratmetrlik sahəni əhatə edən, amma bütün sanitar gigiyenik göstəricilərini beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən dönərxana yaradılacaq".

AQTA sədri bildirib ki, bu layihəyə qatılmaları üçün dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət ediləcək: "Bunun da əsas məğzi ondan ibarətdir ki, Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik. Dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün işlər pulsuz həyata keçiriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər