24 Fevral 2020 16:22
2 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə apteklərdə spirt və maskaların tapılmadığı haqqında məlumatlar yayılıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, aptek şəbəkələri özəl fəaliyyət göstərir. Bu səbəbdən onlar dövlət dəstəyi ilə tibbi ləvazimatla təmin olunmurlar.

Ölkə ərazisində tibbi ləvazimatların satışı ilə məşğul olan Tibbi Market MMC-dən satıcı Ehtiram Şabanovun sözlərinə görə, hazırda maska və spirt qıtlığı müşahidə olunur. Bunun əsas səbəbi sərhədlərin bağlanmasıdır: “Türkiyə, Çin və İrandan məhsulları gətiririk. Hazırda Çin və İrandan məhsul gətirilməsinə icazə yoxdur. Əsasən Türkiyədən gətirirdik, indi onlar da bizə məhsul göndərmir”.

Satıcı bildirib ki, qiymətlərdə süni artım var: “Hazırda qiymətlər üç qat yuxarı qalxıb. Əvvəl 50 ədəd maska olan qutular 3-4 manat arası satılırdısa, indi qiymətlər 12-15 manat arasında dəyişir. Dezenfeksiya məhsulu olan spirtlərin qiyməti əvvəl 1 litri 9 manat idi, indi 12 manata satılır. Bunlar adi spirt deyil, əl üçün hazırlandığına görə qiyməti bahadır. 20 manata qədər artımı gözlənilir”.

Market işçisinin sözlərinə görə, qiymət artımı davam edəcək: “Yaxın zamanda xaricdən məhsul idxalı gözlənilmir. Yəqin ki, may ayından yenidən idxal davam edəcək”.

Binəqədi rayon ərazisində yerləşən apteklərdən birində isə maskanın ədədi 25 qəpiyə satılır: “Gün ərzində 500 ədəd maska satılıb. Tələbat ardtığı üçün hazırda məhsul yoxdur”.


Müəllif: Aysel Azad