27 Fevral 2020 16:58
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirus dünya iqtisadiyyatına neqativ təsir göstərir. Epidemiyanın yayılma coğrafiyasi genişləndikdən sonra qlobal iqtisadi artım tempində azalmalar müşahidə edilir”.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, koronavirusun təsirlərinə ən çox məruz qalan ölkə Çindir:

“Çinə qoyulan investisiyaların, eləcə də ölkədə ixracatın kəskin azalması kimi faktorlar birbaşa dünya iqtisadiyyatına, eyni zamanda əlaqələri sıx olan ölkələrə – əsasən də, qonşumuz İrana daha çox mənfi təsir göstərir. Bu, İranın idxal-ixracatına birbaşa təsir edir, səhiyyə xərclərini artırır”.

Ekspert qeyd edib ki, virus qlobal təsirlərə malikdir:

“Avropada və xüsusilə İtaliyada epidemiyaya yoluxanların sayında artım var. Virusun yayılması turizm sahəsinə də təsirsiz keçməyib. İtaliyada bir sıra təlimlər təxirə salınıb. Bu da bütövlükdə Avropa üçün arzuolunan deyil. Norveç, ABŞ kimi ölkələrdə də virusa yoluxma faktı qeydə alınıb. Qlobal iqtisadiyyat koronavirusun coğrafiyasının genişlənməsindən neqativ təsirlənir”.

Vüqar Bayramovun fikrincə, bu vəziyyətin davam etməsi koronavirusa qarşı mübarizədən asılıdır:

“Bu cür epidemiyaları məhv edəcək dərmanın və müalicənin tapılması çox vaxt alır. Əgər, virusun yayılmasının qarşısı alınarsa, təbii ki, dünya iqtisadiyyatında, o cümlədən birjalarda vəziyyətin yenidən stabilləşməsi müşahidə oluna bilər. Amma virusun coğrafiyasi genişlənməyə davam edir. Bu halda dünya iqtisadiyyatına təsirləri növbəti dövrlərdə də davam edəcək”.

Ekspertin sözlərinə görə, Gürcüstan və İranla sərhədlərin müvəqqəti bağlanması təhlükəsizlik baxımından vacibdir:

“Azərbaycan üçün Gürcüstan və İranla ticari-iqtisadi münasibətlərin dayandırılması, o cümlədən gediş-gəlişin məhdudlaşdırılması arzuolunan deyil. Azərbaycan İrandan il ərzində 415 milyon dollarlıq mal idxal edir. İrana 31,2 milyon mal ixracatımız var. Ümumi xarici dövriyyənin həcmi 446 milyon dollardan çoxdur”.

Vüqar Bayarmov bildirib ki, İranla əməkdaşlığın məhdudlaşdırılması Azərbaycanın xarici ticarət dövriyyəsinə mənfi təsir göstərəcək:

“Xüsusilə də bəzi kənd təsərrüfatı, quru meyvələr, yüngül sənaye məhsulları İrandan idxal olunur. Məhdudlaşdırılma dövriyyənin azalması ilə yanaşı, həmin məhsulların da daxili bazarda qiymətinin artmasına səbəb olacaq. Bu, Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil”.

“Azərbaycan çalışmalıdır ki, virusun yayılma coğrafiyası genişləndiyi müddətcə həmin məsələlərin iqtisadiyyatımıza təsirini minimallaşdırmaq mümkün olsun”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər