Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib.
Akademiyadan Teleqraf.com-a verilən məlumata görə, mərkəzin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədr müavini AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Müşavirədə çıxış edən R.Mehdiyev ideya və ideologiyanın xalqların, cəmiyyətlərin həyatında öz spesifik xüsusiyyət və mahiyyəti etibarilə bir-birindən fərqləndiyini deyib: "Azərbaycançılıqla bağlı yazılan kitab və məqalələrdə, o cümlədən mediada səsləndirilən fikirlərdə müxtəlif yanaşmalar var. Bu məfkurənin elmi cəhətdən araşdırılması üçün akademiyanın tərkibində ictimai əsaslarla yaradılan yeni mərkəzdə azərbaycançılıq ideologiyasının siyasi, tarixi, fəlsəfi, ədəbi baxımdan öyrənilməsi, bu sahədə tədqiqat və təbliğat işlərinin aparılması vacibdir".
Müşavirədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada belə bir mərkəzin yaradılmasını mühüm elmi-tarixi hadisə kimi səciyyələndirib. O, ölkə elmində, xüsusən də Milli Elmlər Akademiyasında azərbaycançılıqla əlaqədar aparılmış tədqiqatların sistemli xarakter daşımadığı və konseptual tədqiqatlara ciddi ehtiyac duyulduğunu vurğulayıb.