14 Mart 2020 09:05
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Epoksiddən hazırlanan aksessuarlar bir neçə ildir dəb halını alıb. İnsanların zövqünü oxşayan bu bəzək əşyaları təbii çiçək, ağac və epoksid adlanan maddədən hazırlanır. Ölkəmizdə bu sənətlə məşğul olanlardan biri də müsahibimiz İlqar Niyazlıdır.

Onunla söhbətləşib, bu işin sirlərini, çətinliyini öyrənməyə çalışdıq.

- İlqar bəy, nə müddətdir bu işlə məşğulsunuz?

- Üç il əvvəl başlamışam. Əvvəlcə internetdə gördüm, maraqlandım. Videolarda ətraflı izah olunduğu üçün çətinlik çəkmədim. Epoksid qətranına bənzəyən bir maddə var, taxtadan əl işləri görən Elşən adlı bir dostumla nümunə hazırladıq.

Daha sonra başqa bir dostum mənə bir litr epoksid maye hədiyyə etdi. Beləcə, bu işi görməyə başladım. İndi də hobbi olaraq məşğulam. Axşamlar və istirahət günləri boş vaxtım olanda belə aksessuarlar hazırlayıram.

- Maraqlıdır, daha asan ərsəyə gələn əl işləri olduğu halda, niyə məhz epoksidi seçdiniz?

- Mən uşaqlıqdan yaratmağa həvəsli biriyəm. Hazırda bu işlə az insan məşğul olduğu üçün yeni şeylər yaratmaq imkanım daha çoxdur. Mebel emalatxanasında rəngsaz kimi çalışıram. Səhhətimlə əlaqədar öz sənətimlə çox məşğul ola bilmirəm. Bu işə maraq göstərməyimin əsas səbəblərindən biri də budur.

Əslində çətin deyil. Sadəcə öyrənib hazırlamaq lazımdır. Hər şey fantaziyadan asılıdır. Bu işi biznes kimi görmürəm. Pul sadəcə gündəlik ehtiyaclarımı və işin xərclərini ödəmək üçün lazım olur. Mənim üçün maraqlı olan odur ki, işlərimi kimsə bəyənir və onu özünə yaraşdırır.

- İnstaqram səhifənizin adı niyə ingiliscədir?

- 1969-cu ildə bu adda əfsanəvi musiqi festivalı olub. Eyni zamanda “Woodstock” ağac kökü deməkdir, mən də aksessuraları ağac kökündən hazırladığım üçün bu adı seçdim.

- İstifadə etdiyiniz xammalı haradan gətirirsiniz?

- Mebel emalatxanasında işlədiyim üçün taxtaları tapmaq çətin olmur. Epoksid qətranını isə Türkiyədən gətizdirirəm. Əsasən taxta və epoksiddən istifadə edirəm.

Taxtalar qoz, fıstıq, cökə ağacından olur. Eyni zamanda, ağacın kök hissələrindən istifadə edirəm. Kök hissəsi daha rəngarəng olur, qurumuş hissələrindən istifadə edirəm. Hərdən quru çiçəklərdən də istifadə edirəm. Yolda qarşıma çıxan çiçəklərdən dərib quruduram.

- Bir aksessuarun hazırlanması hansı mərhələlərdən keçir? Nə qədər müddətə hazır olur?

- İlk olaraq taxtanı kəsib formaya salıram. Ağacları xırda halda kəsirəm. Qırıq effekti vermək üçün sındırıram. Daha sonra üzərinə qətran əlavə edirəm, quruması 24 saat çəkir. Quruduqdan sonra şüşə halını alır. Sonra isə yonub, forma verirəm.

Ağaclar hazır vəziyyətdədirsə, adətən üç gün vaxt alır.

- Yəqin forma vermək üçün qəliblərdən istifadə edirsiniz...

- Xeyr. Qəlibdən istifadə etdikdə, əl işi sayılmır. Çünki qəlibə əlavə edilir, hazır forma alır. Qəlibsiz hazırlayanda təbii ki, qüsurlar da olur. Bəzən yananı olur, yaxud əyri kəsilənlər. Çətinlik olmayan iş yoxdur.

- Aksessuarların dizaynını necə seçirsiniz?

- Müştərilər əsasən standart formalarda istəyirlər. Ürək, ulduz, damla kimi formalar çox olur. Əgər əvvəlcədən sifariş yoxdursa, özüm beynimdə canlandırdığım formanı hazırlayıram. Əksər hallarda müştərilər sifarişləri mənim öhdəmə buraxırlar, öz zövqümə uyğun hazırlayıram. Bəzən deyirlər ki, üzərinə ad yazım. Bu isə lazerlə hazırlanır, əl işi sayılmır. Fikrimcə, gördüyüm iş özünəməxsusdur.

- Təkcə akksesuar hazırlayırsınız, yoxsa əlavə əşyalar da düzəldirsiniz?

- Hazırda təkcə aksessuarlar hazırlayıram. Çünki tələbat bunadır. Həm də epoksid bahalı maddədir. Məsələn, xaricdə bu maddədən stol hazırlayırlar. Buna isə azı 6 litr epoksid sərf olunmalıdır və maddi cəhətdən baha başa gəlir. Tələbat olmayacaqsa, hazırlamaq sərfəli olmur.

- Bir aksesuarın maya dəyəri nə qədərdir?

- Maddi xərc ölçüyə və formaya görə dəyişir. Adətən, müştərilərə qiymət demirəm. Kimin nəyə imkanı çatsa, onu verir. Pulsuz verdiyim də olub.

- Öyrənmək məqsədilə , yaxud maraqlı ideyalar üçün bu işlə məşğul olan kimləri izləyirsiniz?

- Ölkə daxilində bu sahə üzrə işləyən kimisə tanımıram. Sosial mediada xarici ustaları izləyirəm. Xüsusilə alman, amerikalı ustaların əl işlərini bəyənirəm. Qeyd edim ki, onlarda qiymətlər bizdəki kimi ucuz deyil.

- İstifadə olunan maddənin sağlamlığa zərəri varmı?

- Çıxan tüstü daxilə getməməlidir. Bir az yandırıcı maddədir. Qədərindən artıq əlavə olunduqda, qızır və tüstüləyir. Həm də yapışdırıcı olduğu üçün ələ yapışır və çətin qopur.

- İş prosesində qəza ilə üzləşdiyiniz hallar olubmu?

- Bir dəfə maddə əlimə töküldüyündən əlim yanıb. Artıq sağalıb, bir az iz qalıb. Amma rəngsazlıq daha ağırdır, bronxlara ziyan vurur. Əl işi sahəsində özümü təmin edəcək gəlir olsa, rəngsazlıqdan tamamilə uzaqlaşmağı düşünürəm.

- İnsanlar niyə məhz epoksiddən hazırlanan aksessuarlar hədiyyə etməlidir?

- Unikaldır. Hazırlanan aksesuarın təkrarını yaratmaq alınmır. Şəxsə özəl hazırlanır. İstəsən belə eynisini yaratmaq mümkün deyil.

- Bu aksessuarların xüsusi qorunma qaydası varmı?

- Xeyr. Epoksidin çox növləri var, dözümlü maddədir. Sadəcə yüksək isti olduğu təqdirdə, zərər görə bilər.

- Biznesə çevirməyi, xaricdə tanınmağı düşünürsünüz?

- Əlbəttə, xarici bazara çıxmaq istəyirəm. Xaricdə yaşayan həmyerlilərimizdən bir neçə sifarişim olub. Sadəcə bizdə ödəniş problemləri var və buna görə də hələ ki, ölkə daxilində fəaliyyət göstərirəm.
Həm də bunu etmək üçün digər işlərimi kənara atmalıyam. Bu işi tanıtmaq lazımdır ki, biznesə çevrilsin. Hazırda maraq var, amma qiymətinə görə almaq istəyən azdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər