"Çin təcrübəsi göstərdi ki, təmasların maksimum məhdudlaşdırılmasına yönəlik karantin tədbirləri virusdan qorunmağın və infeksiyanın məhdudlaşdırılmasının ən mühüm təminatıdır. Virus selektiv olaraq ağ ciyərləri zədələdiyindən onun nəfəs yollarına düşməsinin qarşısı alınmalıdır. Nəfəs yollarını qorumağın effektiv yolu isə təmaslardan qaçmaqdır".
Teleqraf.com xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla sosial şəbəkə hesabına qeyd edib.
Professor mövcud vəziyyət və epidemiyadan qorunmaq üçün insanlara evdə qalmağı tövsiyə edib:
"Əllərinizi isti su altında sabunla 30 saniyə müddətində tez-tez yuyun. Əllə bir əşyaya və ya səthə toxunduqda, dəsmal və ya salfet istifadə edin, ya da ovcunuzu yumruq kimi bükərək əlin arxa səthi ilə hərəkəti icra edin (qapı dəstəyinə toxunmaq, lift düyməsi basmaq və s.). Əllərinizi yumadan ağız və burnunuza toxunmayın".
Adil Qeybulla əhaliyə lateks və ya nitril əsaslı göy əlcəklərdən istifadə etməyi məsləhət görür:
"Əlcəkləri onun boynundan tutaraq, corab kimi çevirərək çıxarıb zibil qutusuna atın. Sink koronavirusların burun-udlaq və boğaz nahiyəsində artıb çoxalmasını blokada edir. Xəstəliyin məlum hər hansı əlamətini hiss etdikdə gündə 2-3 dəfə sink preparatı için".
Həkim vətəndaşlara karantin şərtlərinə ciddi əməl etməyi və bunun təhlükəsizlik üçün vacib olduğunu bildirib.