Türkiyədə Cumhurbaşqanlığı Kabineti bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı altında toplaşacaq.
Teleqraf.com xəbər verir ki, iclas telekonfrans vasitəsilə keçiriləcək. Ərdoğan toplantıya işini davam etdirdiyi İstanbuldan qatılacaq. Nazirlər tərəfindən məruzə təqdim edilməsinin gözlənildiyi görüşdə küçəyə çıxmaq qadağası, iqtisadi tədbirlər və əsgərlərin ehtiyata buraxılması kimi məsələlər müzakirə ediləcək. İclasdan sonra Prezident Ərdoğan xalqa xitab edərək qəbul edilən qərarları açıqlayacaq.
Kabinet iclasında koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər, tədbirlərin həyata keçirilməsi, virusun iqtisadiyyata təsiri qiymətləndiriləcək. Səhiyyə naziri Fahrettin Koca və Daxili İşlər naziri Süleyman Soylunun məruzəsi dinləniləcək.
Qeyd edildiyi kimi iclasda küçəyə çıxmaq qadağasının yaxın günlərdə genişləndirilib-genişləndirilməyəcəyi də müzakirə ediləcək. Qadağanın həftə sonları da tətbiq olunmağa davam edəcəyi gözlənilir. Görüşdə qarşıdakı dövrdə planlaşdırılan tədbirlər də qiymətləndiriləcək.
“Milliyyət” qəzeti xəbər verir ki, iclasda Milli Müdafiə naziri Hulusi Akarın da əsgərlərin xidmətə yola salınması və çağırış müddəti bitən əsgərlərin ehtiyata buraxılması ilə bağlı təqdimatla çıxış edəcəyi gözlənilir. Bildirilir ki, həftə ərzində bununla bağlı qərar veriləcək.
Qeyd edək ki, Prezident Ərdoğan ötən həftə nazirlərə koronavirusla mübarizədən sonra atılacaq addımların və strategiyaların inkişaf etdirilməsini tapşırmışdı.