17 Aprel 2020 10:33
5 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyə Silahlı Qüvvələrinin ən məşhur generallarından biridir. Azərbaycanlı Məhəmməd Nuri Sarıkərimlidən danışırıq.

Məhəmməd Nuri Hacı İlyas oğlu Sarıkərimli - Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyətinin hərbçisi, türk ordusunun generalı, Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisinin müavini, Türkiyə Jandarma Qüvvələrinin komandanı.

XX əsrdə Türkiyənin hərbi, siyasi, diplomatik və elmi-ədəbi dairələrində məşhur olan Məhəmməd Sarıkərimli 1889-cu ildə Azərbaycanın Şəki şəhərində doğulub. Yerli rus-müsəlman məktəbində və gimnaziyada təhsil alıb. 1905-ci ildə Azərbaycanın şəhər və kəndlərində başlayan iğtişaşlar, daşnakların, yəni ermənilərin qanlı vəhşilikləri Şəki sakini, tacir Hacı İlyası ailəsinin gələcəyi barədə ciddi düşünməyə məcbur etdi. Bu vəziyyətdən çıxış yolunu Çar Rusiyasının əsarətində olan Azərbaycandan yeganə müstəqil türk ölkəsinə - Osmanlı İmperiyasına getməkdə gördü.

Şəkidən Avropa sərhədlərinə

Ailə Bursaya gəldi. Bu şəhəri seçməsi Hacı İlyasın ticarət və şəxsi əlaqələri ilə bağlı idi. Ancaq Bursaya gəldikdən bir müddət sonra Sarıkərimli ailəsi yeni bir təlatümün içinə düşdü. Çalxantılı Osmanlı müharibə ərəfəsində idi, baş verənlər hər kəs kimi Hacı İlyasın ailəsindən də yan keçmədi. Bu, Sarıkərimli ailəsinə firavan bir həyat vədi vermirdi, həmin dövrdə Məhəmməd və Mahmud qardaşları təhsillərini davam etdirmək üçün Bursa şəhərində bir hərbi məktəb seçdi. Daha sonra qardaşlar təhsillərini Bursada yerləşən hərbi liseydə davam etdirəcəkdi. 1845-ci ildə qurulan “İşıqlar” hərbi Liseyi ölkənin ən yaxşı orta ixtisas təhsili müəssisələri arasında yer alırdı. Onun məzunları arasında Türkiyə Silahlı Qüvvələrinin 6 marşalı (Osmanlı dövründə) və 35 ordu generalı (Türkiyə Cümhuriyyəti dövründə) var. Hazırda Türkiyə Silahlı Qüvvələrindəki 27 generaldan 11-i bu liseyin məzunudur.

Məhəmməd Sarıkərimli 1909-cu ildə İstanbuldakı Hərbi Akademiyaya daxil olur və üç ildən sonra ilk hərbi rütbəsini - leytenant alaraq buranı müvəffəqiyyətlə bitirdi. Lisey və Hərbi Akademiyada oxuduğu illərdə xüsusi biliklərlə yanaşı, fransız dili və ədəbiyyat sahələrində də dərin biliklər qazandı.

Cənubi Azərbaycana göndərilən xüsusi missiya

Osmanlı Dövləti Birinci Dünya Müharibəsinə girəndə gənc zabit Çar Rusiyası ilə sərhəddə dayanan İkinci Qafqaz Ordusuna göndərildi. Tezliklə Baş Qərargah rus və fransız dillərini gözəl bilən Məhəmməd Sarıkərimlinin bacarıqlarından başqa bir sahədə istifadə etməyi daha məqsədəuyğun hesab etdi. 1915-ci ildə xüsusi missiya ilə Rusiya, Türkiyə və Böyük Britaniyanın maraqlarının kəsişdiyi İrana - Cənubi Azərbaycana göndərildi. 1916-cı ildə Osmanlı hərbi missiyasının tərkibində yer alan gənc zabit Danimarka və İsveçə yollandı. Bu Skandinaviya ölkələrində yaşadığı bir ildən az müddətdə İsveç dilini öyrənməyə müvəffəq oldu.

Rusiyada Fevral inqilabının qələbəsindən sonra Məhəmməd Sarıkərimli Sankt-Peterburq və Moskvadakı müvəqqəti türk hərbi missiyasının tərkibində idi. Onun əsas vəzifəsi Birinci Dünya Müharibəsi döyüşlərində əsir götürülən türk zabit və əsgərlərinin yerini müəyyənləşdirmək, rus əsirləri ilə mübadiləni təşkil etmək və vətənlərinə göndərmək idi. Sovet Rusiyasından Osmanlı ordusunun kapitanı rütbəsi ilə qayıtdıqdan sonra Məhəmməd Sarıkərimli Baş Qərargahın Akademiyasına tələbə kimi qəbul edildi.

Gənc zabitin yüksəlişi

O illərdə daxili və xarici təcavüzlə qarşılaşan Osmanlı Türkiyəsi 700 illik tarixinin ən çətin dövrlərini yaşayırdı. Bütün gözlər orduya dikilmişdi. Buna görə Mustafa Kamal Paşanın, yəni Atatürkün rəhbərliyi ilə müstəqillik savaşı başlayanda Məhəmməd Sarıkərimli Anadoluya getdi və türk ordusunun xarici işğalçılardan azad edilməsi uğrunda mübarizə apararaq milli orduya qoşuldu.

İzmir döyüşü zamanı Məhəmməd Sarıkərimli Uşak şəhərinin hərbi komendantı idi. Döyüş zamanı tutulan yunan zabitləri bu şəhərdəki müvəqqəti hərbi əsir düşərgəsində saxlanıldı.

Müstəqillik Döyüşü qələbə ilə başa çatdıqdan sonra, 1925-ci ildə təhsilini başa vurmaq üçün Məhəmməd Sarıkərimli Baş Qərargahın Akademiyasına qayıtdı. 1930-cu ildə ona polkovnik-mayor rütbəsi verildi. Millətlər Birliyinin təşəbbüsü ilə tərtib edilmiş I Cenevrə konfransında o, Türkiyə nümayəndə heyətinin hərbi məsləhətçisi idi. Heyətdə uğurlu işinə görə vaxtından əvvəl polkovnik rütbəsinə layiq görülmüşdü. 1934-cü ildə Türkiyədə soyadlar haqqında qanun qəbul edildikdən sonra Sarıkərimli soyadını Bərközə dəyişdi. Müasir türk hərbi tarixinə - Mehmet Nuri Berköz adı ilə daxil oldu

Atatürkün tapşırığı

1930-cu illərdə Şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək və boğazlar məsələsini həll etmək üçün Atatürk SSRİ-nin əlavə təminatlarını almağa çalışdı və buna görə də bu ölkə ilə yaxınlaşmağa başladı. Öz növbəsində, Sovet İttifaqı da çoxsaylı siyasi mühacirlərin, Sovet rejiminin əlçatmaz rəqiblərinin qovulacağına ümid edərək Türkiyəyə tərəf yönəldi. 1933-cü ildə Stalinin əmri ilə Sovet marşalları Klim Voroxilov və Semyon Budyonnı Türkiyə Cümhuriyyətinin 10 illik yubileyində iştirak etdi. Atatürk Sovet heyəti ilə birlikdə görəcəyi işləri polkovnik Mehmet Nuri Berközə həvalə etdi. Sovet marşalları ilə Atatürkün rəsmi və qeyri-rəsmi danışıqlarının hamısını tərcüməçisi də Berköz idi.

Sovet İttifaqı ilə münasibətlər azərbaycanlı polkovnikin hərbi-siyasi tərcümeyi-halında mühüm yer tutmaqda davam etdi. 1935-ci ildə Mehmet Nuri Berköz Kiyevdə Qırmızı Ordunun təlimlərini izləyən türk hərbi missiyasına rəhbərlik etdi. 1936-1937-ci illərdə Türkiyənin Moskvadakı səfirliyində hərbi attaşe olaraq çalışdı. Öz ifadəsinə görə, bu illərdə rus dilini mükəmməl bilməsi sayəsində bir çox yüksək səviyyəli Sovet zabitləri ilə sıx dostluq əlaqələri qurub.

1939-cu ildə Mehmet Nuri Berközə general-mayor, 1941-ci ildə isə general-leytenant rütbəsi verildi. İkinci Dünya Müharibəsi dövründə dörd il ərzində Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən ərazidə - SSRİ ilə sərhəddə yerləşən bir qrup bölməyə komandanlıq etdi.

Jandarma qüvvələrinin komandanı

1946-cı ildə Mehmet Berköz general-polkovnik (korpus generalı) rütbəsinə layiq görüldü. Bir il sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin əməliyyat işləri üzrə müavini təyin edildi. 1949-cu ilin mart ayında daha məsuliyyətli bir vəzifəyə təyin olundu. Mehmet Nuri Berköz Türkiyə Jandarma Qüvvələrinin komandanı postuna gətirildi. Qeyd etmək lazımdır ki, Türkiyənin daxili təhlükəsizliyi baxımından, jandarma həmişə müstəsna rol oynayıb.

1950-ci ilin iyulunda Türkiyədə mülki şəxslər hərbi çevriliş etdi. Bir gün ərzində Silahlı Qüvvələrin 15 generalı və 150-dən çox polkovniki postlarından uzaqlaşdırıldı. Onların arasında Türkiyənin jandarma komandanı, general-polkovnik Mehmet Nuri Berköz və qardaşı, Üçüncü Ordunun komandiri, ordu generalı Mahmud Berköz də vardı.

General-polkovnik Mehmet Nuri Berköz 1975-ci il yanvarın 18-də 86 yaşında İstanbulda vəfat etdi. Türkiyə Cümhuriyyətinin ən yüksək mükafatı olan “Müstəqillik uğrunda” medalı, bir çox digər orden və medallarla təltif edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər