Şəmkirdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.
Teleqraf.com-un xəbərinə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun yaydığı məlumatda bildirilir ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarlı gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyyə etməklə bərabər rayon ərazisində patrul və stasionar postlar təşkil edərək gündəlik xidmətlərini davam etdirirlər.
Bundan başqa, rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq, polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirləri yerinə yetirir.
Mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 1 038 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb ki, onlardan 15 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.
Bundan başqa, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun yaydığı məlumata görə, verilən məlumata görə, mütəmadi olaraq, küçə və prospektlərdə post-patrul maşınlarından səsgücləndiricilər vasitəsi ilə operativ qərargahın tələbləri səsləndirilir. Həmçinin qonşu rayonlarla sərhəddə postlar qurulub, rayona giriş-çıxış nəzarətə götürülüb. Bundan başqa, əhalinin sıx toplaşacağı ərazilər də polis tərəfindən müşahidə altında saxlanılır. Sakinlərə sosial məsafənin qorunması və digər təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur. Eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir, qaydanı pozan şəxslər cərimələnir. Ümumilikdə rayon ərazisində 82 nəfərə protokol tərtib edilib, 3 nəfər inzibati qaydada həbs edilib.
Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.