Bu məsələ komitədə müzakirə olunarkən öz fikrimi bildirmişəm. Mən əvvəllər də demişəm, indi də o fikirdəyəm ki, cərimə təyin edən şəxslərə topladıqları cərimədən faiz ayrılması düzgün yanaşma deyil. Əmək haqqı siyasəti ilə bağlı hesab edirəm ki, buna son verməliyik. Hörmətli Əli Hüseynli də bildirdi ki, artıq ilkin addımlar atılır. Amma bu bizim Konstitusiyanın 149-cu maddəsinə ziddir. Bu maddə "normativ hüquqi aktlar" adlanır və orada qeyd edilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə, bərabər mənafelərə və bərabər münasibətlərə əsaslanmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.
O, bu məqamda Konstitusiyanın əsas prinsipinin pozulduğunu bildirib:
“Ona görə ki, haqq-ədalət deyilən bir şey yoxdur. Bizim kifayət qədər dövlət büdcəsindən maliyyələşən dövlət təşkilatları var. Onların cərimə təyin etmək imkanı yoxdur. Baxmayaraq ki, onların bir qisminin iş fəaliyyəti həm stresli, həm də sağlamlıq baxımdan təhlükəli olmasına görə cərimə təyin edən orqanın əməkdaşlarından az əhəmiyyətli deyil. Belə olduğu təqdirdə necə ola bilər ki, o cərimə təyin edir deyə biz onun əmək haqqına əlavə pul təyin edirik. Hesab edirəm ki, sadaladığım əlamətlər, yəni işin ağırlığı, stresli olması, həyat və sağlamlığa təhlükəsinə görə vahid tarif cədvəli olmalı və hər kəsə əmək haqqı bu prinsip əsasında verilməlidir. Biz indi cəza siyasətinin humanistləşdirilməsindən danışırıq, amma xarici ölkələrdə görürük ki, bəzən polis bir nəfəri saxlayaraq tənbeh edir, xəbərdarlıq edərək deyir ki, bir daha qaydanı pozma. İnsani münasibətlər baxımından bu, çox önəmlidir. Amma biləndə ki, o cərimə təyin etsə, bunun 25 faizi onun əmək haqqına gələcək, bu zaman həmin şəxs cərimə təyin etməyə meyilli olacaq. Bu, təkcə polislə bağlı deyil, cərimə təyin edən bütün strukturlarla bağlıdır. Düşünürəm ki, nəhayətdə biz bu məsələni müvafiq icra qurumlarının qarşısında qaldırmalıyıq. Bu yanaşma Konstitusiyaya ziddir. Bütün cərimələr dövlət büdcəsinə keçməlidir. Dövlət büdcəsindən də işin xarakterinə, məsuliyyətin ağırlığına uyğun olaraq maaş verilməlidir”.
Deputat əlavə edib ki, əvvəlcədən heç kim nə qədər cərimənin toplanacağını təyin edə bilməz:
“Həm də bu, aydan-aya fərqli ola bilər. İnsan öz ailə büdcəsini əvvəlcədən proqnozlaşdıra bilmir. Və başlayır gündəlik qarşısına məqsəd qoymağa ki, mən bu gün 3 nəfəri cərimə etməliyəm ki, ayın sonunda bu qədər vəsait yığılsın. Hörmətli spiker, hesab edirəm ki, bu da bizim həll etməli olduğumuz məsələlərdən biridir. Fikrimcə, bu, islahatlar istiqamətində mühüm addım ola bilər”.