Teleqraf.com-un Ramazan ayı haqqında suallarını “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Hacı, məlum olduğu kimi, oruc tutmaq, ac qalmaq bədəni zəiflədir, immunteti aşağı salır. Bu baxımdan hazırkı vəziyyətdə kimlər orucdan azaddır?
- Quran buyurur ki, oruc sizdən öncəkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə təqvalılardan olasınız. Bu, orucun vacib olması haqqında olan ayədir. Həmin ayədən sonra istisnalar qeyd edilir. Kimlər oruc tutmamalıdır? Bu qrupa oruc tutmaq sağlamlığına ciddi zərər vuran xəstələr aiddir. Bunu həkimlər müəyyən edir və insanlar da həkimlərin göstərişlərinə uyğun bu məsələdə davarana bilər. Süd verən analar, hamilə qadınlar, səfərdə olan insanlar, yaşlılar, oruc tutmağa taqəti olmayan insanlar oruc tutmamalıdır.
Hazırkı pandemiya şəraitində koronavirusa yoluxan xəstələr birmənalı olaraq oruc tutmamalıdır. Xəstələrlə təmasda olan insanlar, tibb işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşlarının yoluxma təhlükəsi varsa və ehtimal edirlərsə ki, oruc tutduqda immmunitetləri zəifləyəcək, xəstəliyə yoluxma riskləri artacaq, onlar da oruc tutmaya bilərlər. Amma bəzi mütəxəssislər oruc tutmağın insanın immunitetinə müsbət təsir göstərəcəyini də deyir. Bir şərtlə ki, iftardan sonra bol maye qəbul etmək, meyvə-tərəvəzdən çox istifadə edib, orucu tibbi qaydalara uyğun tutsunlar.
Bu qaydalara riayət olunsa, oruc immunitet sisteminə müsbət təsir göstərir. Hər bir halda, bu məsələdə individual seçim əsasında insanlar davranılmalıdır. Biz ümumi olaraq deyə bilmərik ki, insanlar oruc tutmasın. Sağlam insanlar oruc tutmalıdırlar, lakin risk qrupuna aid olanlar həkimlə məsləhətləşib, ehtimal əsasında oruc tutmaya bilərlər.
- Tacikistan prezidenti deyib ki, orucu təxirə salın, başqa vaxtı tutun. İslam tarixində belə bir hadisə olubmu ki, hər hansı xalq, müsəlman toplusu Ramazanı təxirə salıb?
- Xatırlamıram ki, tarixdə kimsə oruc tutmağın qadağan edilməsi barəsində qərar versin. Sovet dönəmində dinə qarşı təqiblər olan zaman bütün dini ayinlər məhdudlaşdırılırdı. O zaman bəlkə də oruc tutanlara qarşı müəyyən təzyiqlər ola bilərdi.
Amma hazırda tarix boyu orucun qadağan edildiyi haqqında məlumat eşitməmişəm. İndiki vəziyyət orucun tutulmamasına, kütləvi şəkildə orucun pozulmasına əsas vermir.
- Orucun daha bir fəziləti iftar məclisidir, bu il necə davranmaq lazımdı?
- Bu il karantin rejimi ilə əlaqədar insanlar iftarlarını evlərində, öz ailələri ilə açmalıdırlar. Hazırkı şəraitdə kütləvi iftar məclislərinin keçirilməsi yolverilməzdir. Operativ qərargahın qəbul etdiyi qərar və tövsiyələrə uyğun olaraq insanlar sosial məsafəni gözləməli, özünü təcrid qaydalarına riayət etməlidirlər.
Ona görə də bu ilki Ramazan ayında insanlar bu qaydaları nəzərə almalıdırlar. Əgər karantin rejimində dəyişikliklər olarsa, müəyyən yumuşalma baş verərsə, Qafqaz Müsəlmanları İdarəsi də buna müvafiq olaraq insanlara dini ayinlərin icrası ilə bağlı məlumat verəcək.
- Orucun başlanması tarixi ilə bağlı məsələ bu il də davam edən mübahisədi. Bəziləri bugündən oruc tutub. Buna münasibətiniz necədi?
- Düşünürəm ki, orucun başlaması ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Orucun başlanması ayın görünməsi ilə əlaqəlidir. Azərbaycan ərazisində Şamaxı rəsədxanasının hesablamalarına əsasən, ay ancaq bu gecə görünə bilər. Ona görə də Azərbaycanda Ramazan ayı aprelin 25-də başlanır. Başqa ölkələrdə ola bilər ki, ay tez göründüyü üçün daha tez başlansın. Məsələn, Pakistan dövlətində də Ramazan sabahdan başlanacaq. Bu, hansısa ixtilaf mövzusu deyil. Bu, sırf ölkələrin coğrafi mövqeyi və elmi yanaşma ilə bağlıdır.
- Sizcə, Ramazan ayında insanların yol verdiyi ən böyük yanlışlar nələrdir?
- Ramazan ayında insanların ən böyük yalnışı sadəcə yemək-içməyi tərgitməklə orucu məhdudlaşdırmasıdır.Orucun fəlsəfəsi təkcə yemək-içməkdən imtina etmək deyil. Oruc insana özünə hakim olmağı, günahlardan çəkinməyi öyrədir, iradəni gücləndirir.
Buna görə də Ramazan ayında oruc zamanı insanlar daha çox günahlardan çəkinməyə diqqət etməlidirlər. Eyni zamanda qidalanma ilə bağlı problem olur. İnsanlar axşama qədər səbr edib, iftar zamanı həddindən artıq çox qida qəbul edirlər. Bu isə onların sağlamlığına ciddi zərbə vura bilir. İftar zamanı düzgün qidalanmaq lazımdır. Mədəni həddindən artıq yükləmək həm sağlamlıq, həm də mənəviyyata ziyandır.
- Bəzi insanlar bu ayda çəki vermək üçün oruc tuturlar. Bu, günah sayılırmı?
- Günah demək olmaz. Amma orucun niyyəti Allah rizası olmalıdır, oruc tutan Allahın razılığı üçün oruc tutmalıdır. Arıqlamaq, pəhriz saxlamaq üçün oruc tutmaq düzgün deyil. Bu, orucun qəbul olmasını əngəlləyir. Təbii ki, orucun sağlamlığa faydaları olacaq. Amma niyyət Allahın razılığını qazanmaq olmalıdır.
- Oruc tutmaq istəyib, amma sağlamlığı imkan verməyən insanlara tövsiyələriniz nələrdir?
- Bu insanlar ilk növbədə bilməlidir ki, onlar oruc tutmamalıdırlar. Onların orucu pozması Allahın əmridir. Bəzi insanlar xəstə olmasına baxmayaraq, oruc tutmağa davam edirlər. Allah bu insanlara oruc tutmağı qadağan edir.
Sağlam insanın orucunu yeməsi nə qədər günahdırsa, xəstə insanın oruc tutması da o qədər günahdır. Burada məqsəd ac, susuz qalmaq deyil, məqsəd Allahın əmrinə itaət etməkdir. Ürəkləri istəyirsə, oruc tutmadıqları günlərin sayı qədər yoxsul insanları yedirə bilərlər.
- Yoxsullara yardım mövzusuna toxundunuz. Fitrə verdikdə əsas nələrə diqqət etməliyik?
- Fitrə zəkatı haqqında Qafqaz Müsəlmanları İdarəsinin fətvasında da göstərilir ki, bu zəkat bu il təxminən adambaşı 10-15 manat məbləğində müəyyən edilib. Bunun şəriətimizə əsasən qaydası müxtəlif ərzaq növlərinin 3 kiloqram əkisinə uyğun hesablanılır. Məsələn, 3 kilo arpa, buğda, un, kişmiş və sairə ərzaq növlərindən fitrə zəkatı ayrılmalıdır.
Ailə üzvünün hər birinin adından bayram axşamı ayrılmalıdır və bayram günü səhər vaxtı artıq ehtiyaclı insanlara çatdırılmalıdır.