25 Aprel 2020 14:50
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım vəfat etdi. Bu gün Zincirliquyu məzarlığında torpağa tapşırıldı.

1912-ci ildə İstanbulda süvari zabiti Şəmsəddin bəyin və Validə xanımın qızı Ədhiyə (1890-1944) xanımla evlənən Əli bəyin üç övladı olub: 1914-ci il aprelin 6-da Saida bəyim, 1915-ci il iyunun 9-da Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər xanım.

Əli bəy 1940-cı ildə, xanımı isə 1944-də vəfat edib. Övladları arasında ən məşhuru Səlim Turan idi. Feyzavər xanımın taleyinə yazılan qismət isə atasının zəngin irsini Vətəninə əmanət etmək oldu.

Feyzavər xanım Azərbaycandan gələn qonaqlara hörmətlə yanaşırdı, dövlət rəsmilərinə, jurnalistlərə evinin qapısı açıq olurdu. Atasını hədsiz məhəbbətlə sevən Feyzavər xanım onun irsini də yox olmaqdan qoruyurdu. Əli bəy arxivi qeyb olmayan mühacirətdə yaşayan nadir şəxsiyyətlərimizdəndir.

Onunla bir dəfə qısa söhbət etmək şansım oldu. 2017-ci ilin iyunun 1-də İstanbulda Sakıp Sabancı muzeyində “Səlim Turan, ailəsi və çevrəsi” adlı konfransa qatılmışdı. Atası haqqında fikirlərimi dediyim zaman duyğulandı və cəmi üç söz dedi: “Mənim atam ölmədi!”

Haqlıydı. Necə ki, böyük Mustafa Kamal Atatürkün belə bir cümləsi var: “Məni görmək demək mütləq üzümü görmək deyil. Mənim fikirlərimi, mənim duyğularımı anlayır və hiss edirsinizsə, bu, kafidir”.

Eləcə də bu gün biz İstiqlal muzeyində Əli bəyin zəngin irsini görür, “Həyat” və “Füyuzat”da onu oxuyuruqsa, Feyzavər xanımın da dediyi kimi atası ölməyib, bu gün də yaşayır.

Feyzavər xanımın Azərbaycana bağışladığı əsərlərin siyahısına baxaq: 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də, ipək üzərində çap olunmuş “Həyat” qəzet. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa olunub. Nə böyük xidmət! Arxivin sənəd, əlyazma, məktub hissəsini isə İzmirdə Egen universitetinə bağışlayıb. Ümid edirik ki, həmin arxiv də universitet tərəfindən İstiqlal muzeyinə veriləcəkdir.

Atası haqqında müsahibələrində maraqlı bilgilər verirdi Feyzavər xanım. Onlardan ən təsirlisi Atatürkün ölümü ilə bağlıdır:

“Karaköydən gəmiyə minib evə getdim, atam məni qarşıladı. Atatürkün vəfat etdiyini dedim. “Təəssüf” dedi. Bir də gördüm ki, atam Ağaoğlu Əhmədin fotosunun qabağında durub, “mənim heç kimim qalmadı”, – deyib ağlayır. Atamı ilk dəfə onda ağlayarkən gördüm”.

Ən təəssüflüsü odur ki, artıq Əli bəyin yer üzündə heç kimi qalmadı... Nəsil olaraq.

Vətəni və milləti yaşadıqca onun həmişə bir kimsəsi olacaq...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər