Koronavirus təhlükəsi səbəbilə bu il martın 3-dən etibarən tədris dayandırılıb. Bizim əsas məqsədimiz təhsil alanlara ən uyğun şəraiti yaratmaqdır.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib:
"Mart ayından "Mədəniyyət" kanalında eledərslərə start verildi. Hər növbəti həftə bu dərslərin əhatəliyi genişləndi. Məktəbdənkənar və məktəbəqədər təhsillə, peşə təhsili ilə bağlı dərslər layihəyə əlavə edildi. Aprelin 28-də bu layihədə 1000-ci buraxılışın efirə getməsi planlaşdırılır. Bu layihədən 1 milyon 600 min şagird yararlanıb" .
Nazir bildirib ki, Azərbaycan bu addımı atan ilk dövlətlərdəndir. Digər ölkələr Azərbaycan təcrübəsindən istifadə edərək, bir ay sonra bu layihəyə başladılar: "Eyni zamanda, "Vitural məktəb" layihəsi istifadəyə verildi. Məktəb proqramına uyğun olaraq bu layihədə şagird və müəllimlər arasında ünsiyyət yarandı. Bu günə qədər 600 şagird və 50 müəllim bu platformadan istifadə edir. Bu sistemdə onlayn yarışlar, ölkə çempionatları, intellektual oyunlar həftəlik əsasla həyata keçirilir".
Ceyhun Bayramov qeyd edib ki, Avropa qızlar arasında yeniyetmələr olimpiadası mövcud vəziyyətə görə onlayn rejimdə keçirilib və 4 nəfərdən ibarət komandamız 16-17 aprel tarixlərində olimpiadada iştirak edib: "Ötən il qızlardan ibarət komandamız çox yüksək nailiyyət əldə etdilər".