Bu ilin oktyabr ayının 1-dək elektron informasiya sistemindən (EİS) istifadə ilə bağlı işəgötürənlərin məlumatlılıq səviyyəsinin artırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən təbliğat-məlumatlandırma işləri aparılıb.
Regionlarda işəgötürənlər üçün “Açıq qapı günü-vətəndaş forumu” çərçivəsində məlumatlandırma tədbirləri həyata keçirilib. Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlik işəgötürənlərə bu sahədə əməli köməklik göstərilməsi üçün hər bir regionda “Yardımçı masaları”nın yaradılmasını, onların ünvan və əlaqə nömrələri barədə KİV-də məlumatların yayılmasını təmin edib. ƏƏSMN-nin rəsmi internet saytında əmək müqaviləsi bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq metodiki göstərişlər və yardımçı materiallar təqdim olunmaqla, nazirliyin “142-Çağrı mərkəzi” tərəfindən müvafiq mövzuda işəgötürənlərin çoxsaylı sorğuları cavablandırılıb. Asan istifadə üçün əlverişli olmasının müsbət nəticəsi kimi, EİS-ə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq 1 milyon 276 mini ötüb.
Əldə olunan məlumatlar bütün əmək müqavilələrinin heç də hamısının EİS-də qeydiyyatdan keçirilmədiyini göstərir. Eyni zamanda, bir çox işəgötürənlərin əmək müqaviləsi bildirişlərini qeydiyyatdan keçirmək üçün cəhd etdikləri və müəyyən texniki səbəblərdən bu prosesi həyata keçirə bilmədikləri EİS-də qeydə alınıb. Belə işəgötürənlərə prosesi qısa vaxtda başa çatdırmaları üçün yardım etmək nəzərdə tutulur. Bununla belə, əmək müqaviləsi bildirişlərinin sistemdə qeydiyyatdan keçirilməsinə biganə yanaşan, bu islahat tədbirində iştirakdan yayınan, xüsusən də EİS işə salındıqdan sonrakı dövrdə əmək fəaliyyətinə cəlb edilmiş şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərini sistemə daxil etməyən işəgötürənlərə qarşı qanunauyğun şəkildə ciddi cəza tədbirləri görüləcək. Yaradılımış yeni sistem məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına hədəflənib.
Artıq bütün işəgötürənlər, eləcə də işçilər onlar tərəfindən bağlanmış əmək müqavilələri barədə məlumatları EİS-ə daxil edilən əmək müqaviləsi bildirişləri vasitəsi ilə real vaxt rejimində ƏƏSMN-nin elektron informasiya sistemindən əldə etmək imkanlarına malikdirlər.
Naibə