Dənizkənarı Milli Parka giriş məhdudiyyəti aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları fəaliyyət göstərməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, adları çəkilən qurğuların fəaliyyətinə qoyulan məhdudiyyət hələ ki, aradan qaldırılmayıb: "Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək. Bulvarda yenə də xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr olacaq, mütəmadi dezinfeksiya işləri aparılacaq. Bir sözlə, Bakı Bulvarı sakinlərin səmərəli istirahətini təmin etməyə hazırdır. Ancaq vətəndaşlar da üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Fürsətdən istifadə edərək xahiş edirik ki, opreativ qərargahın təlimatlarına əməl etsinlər".
Məlumat üçün bildirək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılıb. Bu gündən Dənizkənarı Milli Parka girişə məhdudiyyət də aradan qaldırılıb. Parkinqlər - maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir.