Dünya koronavirusla savaş vəziyyətindədir. Hadisələrin gedişatı göstərir ki, biz hələlik döyüşdə qalib gəlmişik, müharibə isə davam edir. Müəyyən yumşalmalar var, amma insanlar arxayın olmalı deyillər. Hər halda ölkə prezidenti cənab İlham Əliyevin insanların sağlamlığının qorunması, onların sosial müdafiəsinin təminatı, iqtisadi artımın təmin olunması istiqamətində atdığı addımlar öz səmərəsini verir.
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Azərbaycanda koronavirusa qarşı mübarizə prosesində birliyin yüksək səviyyədə olduğunu qeyd edən deputat ölkəmizdə məsuliyyət baxımından eyni halın müşahidə olunmadığını bildirib:
"Koronavirusun təzə-təzə tüğyan etdiyi vaxtlarda maska qıtlığı müşahidə olunurdu. Ən çox radikal müxalifət dairələri səs-küy qorparmışdılar ki, niyə Azərbaycanda maska yoxdur. Hazırda maska var, iki fabrik işləyir, ölkədə kifayət qədər maska istehsalı reallaşmaqdadır. Amma insanlar maskadan istifadə etmək istəmirlər. Bu, çox qəribə haldır. Söhbət insanların təhlükəsizliyindən gedir.
Milli Məclisdə maska ilə bağlı qanuna da baxıldı və müzakirələr aparıldı. Fiziki şəxslər üçün 50, vəzifəli şəxslər üçün 100, hüquqi şəxslər üçün 200 manat cərimə tətbiq olunur. Burada məqsəd insanları cərimələmək yox, insanların sağlamlığının qeydinə qalmaqdır. Pandemiya dövründə hər bir insanın sağlamlığı başqalarının sağlam olması deməkdir. Mənim mövqeyim belədir ki, insanlar ilk növbədə məsuliyyətli olmalıdır".
Millət vəkili tətbiq olunan cərimələrə etiraz edənləri tənqid edib: "Bəzən belə fikirlər səslənir ki, tələbələr və ya imkansız şəxslər bu pulu necə ödəyəcək... O zaman növbəti sual yaranır, bəs onda niyə qanunu pozurlar? Nə zaman qanuna əməl etməyi öyrənəcəyik? Nə zaman qanunun tələblərinə riayət edəcəyik?
Bu, çox vacib məsələdir. Pulu yoxdur, imkanı yoxdur, amma qanunu pozmaq istəyir. Qanun qarşısında hamı bərabərdir. Bir zamanlar ABŞ-da insanlar maşın idarə edərkən kəmər taxmaq istəmirdilər. Bu səbəblə sərt qərarlar qəbul olundu ki, hətta həbs qəti imkan tədbirinin seçilməsinə də icazə verildi. Nəticə etibarilə maşını sürmək istəyən kişi kəmər taxmırdısa, yanında əyləşən xanım onu buna məcbur edirdi. Qısa müddətdə insanlarda vərdiş yarandı. Artıq o cərimələrə ehtiyac olmadı, insanlar kəmərdən istifadə etməyə başladılar.
Mən düşünürəm ki, cərimələrin 50 manatdan 25 manata endirilməsi məsələnin həlli yolu deyil. Məsələnin həlli qanuna əməl etməkdən ibarətdir. Heç kimin qanun qarşısında müstəsna üstünlüyü yoxdur. Qanun qarşısında hamımız bərabərik. Hesab edirəm ki, Milli Məclisin müzakirə olunan qanun layihəsi kifayət qədər əsaslandırılıb. Orada əsas məsələ insanların məsuliyyətlidir".
Elman Nəsirov əhalini məsuliyyətli olmağa və qanunlara əməl etməyə çağırıb: "İnsanlara tövsiyəm odur ki, biz də almanlar, isveçlilər, norveçlilər, fransızlar və Avropanın digər inkişaf etmiş ölkələrinin vətəndaşları kimi kimi qanun qarşısında öz məsuliyyətimizi hiss edək, qanunlara əməl edək. Dərk edək ki, hər hər şey qanun çərçivəsində tənzimləndikdə heç bir mübahisəyə, anlaşılmazlığa və ziyana yer qalmır".