Ölkəmizdə tətbiq olunan karantin tədbirləri insanların sağlamlığını daha effektiv üsullarla qorumaq üçün tətbiq edilib. İndiki halda sərt karantin tədbirləri 5 regiona tətbiq edildi. Düşünürəm ki, insanlar bu məhdudiyyətlərin onların sağlamlığı üçün vacib olduğunu qəbul etməlidirlər.
Bu fikirləri Teleqraf.com a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
Millət vəkilinin sözlərinə görə, dövlətin tətbiq etmiş olduğu karantin tədbirlərinə bilavasitə polis nəzarət edir: "Buna baxmayaraq polisin qanuni vəzifəsini yerinə yetirməsinə maneə yaradan insanlar da mövcuddur. Bəzən bu cür hallarda kimlərsə özünü qanundan və dövlətin qoymuş olduğu qaydalardan üstün tutmağa çalışır. Halbuki qayda-qanun hamı üçündür. Təbii ki, psixoloji məqamlar da daim nəzərə alınır və cəmiyyətin həssas olduğu mövzularda daha diqqətli olmaq tövsiyə edilir".
Arzu Nağıyevin sözlərinə görə, polisin işi insanları qaydalara riayət etməyə dəvət etməkdir: "Amma qanuni tələblərə əməl etməyən kontigent yarandıqda məcburi addımlar atılır. Əlavə edim ki, ölkəmizdə karantin tətbiq edildiyi andan polis qanunla nəzərdə tutulmuş bütün vəzifə və öhdəliklərini tam şəkildə yerinə yetirdi və maksimum təmkin nümayiş etdirdi”.
Millət vəkili hesab edir ki, cəmiyyətimiz həmişə polislə həmrəy olub: "Hətta bəzən polislə cəmiyyət qanunsuzluğa qarşı birgə mübarizə aparıblar".
Arzu Nağıyev bildirib ki, bəzi insanların heç bir əsas olmadan polisə qarşı aqressiyası başa düşülən deyil: "Dövlət öz vətəndaşının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atır. Bundan sonra bu proses daha effektiv formada davam edəcək.
Azərbaycanda bəzi insanların hüquq-mühafizə orqanlarına qarşı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Həmin insanlar demokratiya beşiyi sayılan ABŞ-da bu günlərdə polisin insanları necə boğub öldürdüyünə, atlarla, maşınlarla kütlənin üstünə necə gəldiyinə diqqət yetirmədən mülahizələr irəli sürür. Bu fikirləri daha çox tirajlayanlar isə Azərbaycanda polis-vətəndaş qarşıdurmasında maraqlı olan qüvvələrdir”