Azərbaycanın əldə etdiyi uğurlar, o cümlədən qlobal pandemiya dövründə atılan addımlar beynəlxalq qurumların diqqət mərkəzindədir. Bunu dünyanın nüfuzlu siyasi təşkilatları, həmçinin maliyyə qurumlarının sərgilədikləri mövqelər də təsdiqləyir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Depuatat bildirib ki, “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfransda da ölkəmizin əldə etdiyi uğurlardan, xüsusilə qlobal pandemiya dövründə görülən işlərdən geniş bəhs edilib:
“Videokonfransdakı çıxışında Prezident İlham Əliyev dedi ki, “baxmayaraq, əlbəttə, bu pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi şəkildə müdaxilə edir, bununla belə, biz özümüzü reallığa uyğunlaşdırmalıyıq. Bizim pandemiyanın öhdəsindən gəlməklə bağlı səylərimiz barədə sözlərinizə görə sizə təşəkkür edirəm. Həqiqətən də Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb. Vəziyyət nəzarət altındadır. Eyni zamanda, biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk”.
Bəli, bu bir həqiqətdir ki, COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün Azərbaycanın ölkə daxilində, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlar dünya birliyi tərəfindən təqdir olunur. Onu da deyim ki, ölkəmizdə ilk növbədə vətəndaşların sağlamlığı və təhlükəsizliyinin qorunması əsas götürülməklə həyata keçirilən tədbirlərlə yanaşı, pandemiyadan əziyyət çəkən sahələrə də dövlət tərəfindən yardımlar göstərilib ki, bu da dünya birliyi tərəfindən təqdir olunur”.
V.İskəndərov əlavə edib ki, bu videokonfrans eyni zamanda həm Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq etməsinə və ölkəmizdə yüksək texnologiyaların, innovasiyaların tətbiqi sahəsinə xüsusi diqqətin ayrılmasına növbəti sübutdur.
Onun sözlərinə görə, bu kontekstdə “Microsoft” şirkətinin rəhbərliyində təmsil olunmuş şəxslərin ölkəmiz haqqında yüksək firikrlərini, irəli sürdüyü təklifləri də xüsusi qeyd etməliyik: “Dövlət başçısının videokonfrandakı çıxışında bildirdiyi kimi bizim piratçılığa qarşı birgə səylərimiz yaxşı nəticələr verir. Eyni zamanda hazırda Azərbaycanda rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində iş gedir. Cənab Prezident bu məsələdə “Microsoft”la yaxın əməkdaşlıq edə biləcəyimizə ümidvar olduğunu bildirib.
Təbii ki, eyni zamanda, ölkəmizdə süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də gündəlikdədir. Həmçinin kibertəhlükəsizlik hər zaman gündəmdədir, çünki bu, bütün ölkələrin hazırlıq nümayiş etdirməli olduğu məsələdir. Düzdür, indiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim də bu məsələdən sığortalanmayıb”.
Deputat bildirib ki, qlobal pandemiya ölkəmizin “Microsoft”la daha bir sahəsi üzrə əməkdaşlığın genişləndirlməsini vacib edib: “Bu da distant təhsil sahəsidi. Sözügedən videokonfransda dövlət başçısı dedi ki, pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Cənab Prezidetin bildirdiyi kimi mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır: “Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir”.
Azərbaycan dövlətinin, şəxsən cənab Prezident İlham Əliyevin qlobal pandemiya şəraitində atılan və atılacaq bütün addımlarda vətəndaşlarımızın mənafeyinin, maraqlarının əsas tutmasının daha bir təsdiqidir".