20 İyun 2020 09:05
4 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk xalq musiqisinin ən məşhur simalarından biridir. Nuray Hafiftaşdan bəhs edirik.

Nuray Hafiftaş – türk xalq musiqisi sənətçisi və bəstəkar…

Nuray Hafiftaş 1962-ci il noyabrın 2-də Çıldırda azərbaycanlı ailəsində doğulub. Orta məktəbi İstanbulda (Taksim) oxuyub. İstanbul Dövlət Konservatoriyasından məzun olduqdan sonra İstanbul Bələdiyyə Konservatoriyasında 4 il xalq sənətçisi kimi çalışıb. Həmin illərdə müqavilə əsasında “İstanbul” radiosunda fəaliyyət göstərib.

İndiyədək bir çox albomu işıq üzü görən sənətçinin 100-dən çox sözləri və bəstəsi özünə aid əsəri var. Bunlardan “Ayrılık nikahı”, “Yalan dünya” və “İsyan ediyorum” əsərlərini məşhur müğənni Kibariyə, “Hasret” və “Gurbet” isə İzzət Yıldızhan ifa edib.

Sənətçinin son albomunda isə özünə aid “Be hey gafil” və “Yavrular” adlı bəstələri yer alır.

Klassik türk xalq musiqisindən heç vaxt imtina etməyən, amma yeni texnologiyalara və çağdaş tələblərə açıq bir sənətçi idi. Səhnəyə yeni addım atan gənclərin albomlarında vokal qrupunun tərkibində iştirak edəcək qədər də təvazökardı. Əlbəttə, Nuray Hafiftaşın türk xalq musiqisinin klassik sənətçilərinin sırasında durmasına səbəb olan özəllikləri təkcə bunlar deyil. Məsələn, “Eyvah gönül” kimi müəllifi olduğu mötəşəm əsər də bunlardan biridir.

“Yazı bir dert kışı bir dert” adlı son albomunu Yusuf Savaşla birlikdə ərsəyə gətirib. 12 əsərdən ibarət bu albom təxminən dörd illik fasilədən sonra çıxıb.

Uzun müddət qalın bağırsaq xərçəngindən malicə olunan Nuray Hafiftaş 2018-ci il fevralın 14-də 55 yaşında İstanbulda vəfat edib.

Sevilən sənətçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə dövlət səviyyəsində keçirilən mərasimlə dəfn olunub. Nuray Hafiftaş Türkiyə prezidentinin rəğbət bəslədiyi sənətçilər arasında yer alırdı.


Müəllif: Mənsur Rəğbətoğlu