Maska taxılması bizim yeni həyat tərzimizdir. Bir həkim və vətəndaş kimi bundan istifadə etməyinizi sizdən xahiş edirəm.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Hər bir insan özünü qorumalıdır. Yaxınlarınıza, əzizlərinizə görə özünüzü qoruyun. Artıq qarşıdakı aylarda, illərdə maskasız həyatımız olmayacaq. Bütün Avropa ölkələri, Asiya ölkələri bu qaydalarla hərəkət edirlər. Biz dəfələrlə bildirdik ki, yumşalmaya gedib, normal həyata qayıtmaq istəyirik. Amma maskasız mümkün deyil".
O bildirib ki, sosial məsafəni qorumaq da vacib qaydalar sırasındadır: "Paralel olaraq əl gigiyenasına diqqət etmək lazımdır. Bunun rayon, şəhər fərqi yoxdur. Rayonlarda insanlar virus yox imiş kimi hərəkət edirlər, sanki bu virus yalnız Bakı və Sumqayıtdadır. Virus sərhəd, yaş, sosial təbəqə tanımır. Virusun yaşaması üçün insan orqanizminə ehtiyacı var".
Yaqut Qarayeva əlavə edib ki, hazırkı vəziyyət aprel və may aylarından fərqlənir: "Biz hazırda asimptomatik xəstələri az görürük. Artıq başqa ölkələrin praktikasına ehtiyacımız yoxdur. Orta yaşlı xəstələrimizdə çox ağır keçən pnevmoniya ilə üzləşirik.
TƏBİB rəsmisi xalqa müraciət edərək, vəziyyəti ələ almağın onlardan asılı olmadığını deyib: "Hər kəs özünü və ailəsini qorumalıdır. Başqa yolumuz yoxdur".