İqtisadçı-ekspert Xalid Kərimov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Xalid müəllim, pandemiyanın təsirindən qlobal iqtisadi böhran getdikcə böyüyür. Beynəlxalq maliyyə qurumları virusun bir neçə il davam edəcəyi yönündə proqnozlar verir. Necə hesab edirsiz, bundan sonra beynəlxalq iqtisadi sistem dəyişəcəkmi?
- Pandemiya ilə əlaqədar dünyanı əhatə edən sərt karantin rejimləri qlobal iqtisadiyyatında kiçilməni dərinləşdirir. Əgər Beynəlxalq Valyuta Fondu (BVF) 3 ay öncəki hesabatında dünya iqtisadiyyatının 3% kiçiləcəyini proqnozlaşdırırdısa, iyunun sonlarında bu proqnozu dəyişərək kiçilmənin 5% olacağını təxmin etdi.
Dünyanın iki böyük iqtisadiyyatı ABŞ-a və Çinə məxsusdur. Hər iki ölkənin may-iyun aylarındakı göstəriciləri dünya iqtisadiyyatının sürətli bərpası ilə əlaqədar pozitiv təəssürat yaratdı. Lakin virusa yoluxanların həm dünya, həm də ABŞ üzrə kəskin çoxalması narahatlıqları da artırır, iqtisadiyyatların yenidən tam açılacağına dair şübhələri gücləndirdi.
Təbii ki, pandemiya və pandemiya ətrafında informasiya savaşı dünyanın iqtisadi sisteminin və dünya düzəninin yenidən dizayn edilməsinin tərkib hissəsidir. Artıq 2000-ci illərdən başlayaraq həm ABŞ-da, həm də Qərbi Avropada dünyanın hazırkı inkişafı ilə bağlı narahat olan qüvvələrin konsolidasiyası müşahidə olunmağa başlayırdı. Qloballaşmanın təşəbbüskarı olan ABŞ və Böyük Britaniya artıq bu prosesdən getdikcə daha az faydalandıqlarını və Çin, Hindistan, Braziliya kimi ölkələrin dünya iqtisadi piroqundan daha çox pay almaqla onları sıxışdırdıqlarını görməyə başlamışdı.
Antiqlobalistlərin nümayəndəsi Trampın hakimiyyətə gəlməsi və Consonun başçılığı ilə Breksitin baş tutması təsadüf deyildi.
Pandemiyanın gerçək qiymətləndirilməsinə bir neçə il sonra nail olacağıq. Lakin post-pandemiya dövrü şübhəsiz ki, dünyada iqtisadi, ticarət və maliyyə sisteminin yenidən şəkillənməsi ilə yekunlaşacaq. İnformasiya müharibəsinin məharətlə idarə edən böyük güclər post-pandemiyada yeni dünya düzəni formalaşdıracaq. Nəhayət, qloballaşma idarə olunan və maraqlara yönəlmiş forma alacaq.
- Demək olar ki, koronavirusun təsir etmədiyi sektor qalmayıb. Sizcə, dünya ölkələri, eləcə də Azərbaycan pandemiyanı təhdidə yox, fürsətə çevirə biləcəkmi?
- Təbii ki, bütün böhranlar həm də yeni fürsət və imkanlar deməkdir. Dünya iqtisadiyyatında pandemiya dövründə baş verənləri müşahidə edəndə görürsən ki, kapital sürətlə texnologiya və informasiya şirkətlərinə axır. Turizm, əyləncə, iaşə, enerji və lüks sahələrin ciddi surətdə böhrandan əziyyət çəkdiyi görünür. Böhrandan daha çox əziyyət çəkən sektorlara baxanda Azərbaycan iqtisadiyyatının da ciddi surətdə çətinliklərlə qarşı-qarşıya qaldığını demək olar. Böhranı fürsətə çevirə bilmək üçünsə iqtisadiyyatla bağlı riskləri və xərcləri minimumlaşdırmaq, şəffaflığı daha da artırmaq lazımdır.
Vəziyyətin diaqnostikası aparılmalı, ölkənin rəqabətli üstünlüyə malik sahələri yenidən təyin edilməli və subsidiyalar qeyri-effektiv sahələrdən kəsilməli, potensialı olan və rəqabətli üstünlüyə malik sahələrə yönəldilməldir. Rəqabətli üstünlüyə malik sahələrdə klasterləşmə, məhkəmə-hüquq sahəsində islahatlar, müqavilə hüququnun və ədalətli qərara qəbulunun tam təşəkkülü növbəti mərhələdə həyata keçiriləcək tədbirlərin əsasını təşkil etməlidir.
Post-pandemiya dövründə texnoloji, informasiya, nəqliyyat-logistika sahələrinin inkişaf etdirilməsi əsas məqsəd olmalıdır. Rəqabət üstünlüyünə malik olmayan sahələrin subsidiyalaşdırılmalı dayandırılmalı, pul-kredit və valyuta məzənnəsi siyasətinə yenidən baxılmalı, idxalı əvəzləşdirilməsi siyasətindən ixracın təşviqi siyasətinə keçid edilməlidir.
- Çin Azərbaycan üçün önəmli bir bazardır və ölkə idxalında xüsusi çəkiyə malik olub. Xüsusilə geyim, avtomobil, elektron cihazlar və digər sektorlar üzrə. Pandemiyanın Çindən başlaması insanların, eləcə də sahibkarların bu ölkəyə baxışını dəyişib. Sizcə, Çini başqa bir bazarın əvəz etməsi mümkündürmü?
- Çin tək Azərbaycan üçün deyil, bütün dünya üçün önəmli iqtisadi oyunçudur. Dünya istehsalının təxminən dörddə biri və dünya iqtisadiyyatının 1/6-i bu ölkənin payına düşür. Doğrudur, pandemiya ilə əlaqədar Çində tətbiq olunan sərt karantin tədbirləri dəyər zəncirinin bir həlqəsinin bu ölkədə formalaşdıran bütün ölkələrə mənfi təsir göstərdi. Lakin Çin iqtisadiyyatı və ixracatı ilə bağlı son statistik məlumatlar bu ölkənin öz iqtisadiyyatını sürətlə bərpa etdiyini göstərir.
Təbii ki, Çinlə iqtisadi əlaqələri olanlar bu münasibətə sırf iqtisadi əsaslarla cəlb olunublar. Çinlə idxal-ixrac əməliyyatları bu prosesdə iştirak edən bütün tərəflər üçün qarşılıqlı faydalıdır.
Amerikanın anti-Çin kampaniyasına və tədbirlərinə baxmayaraq, Çin iqtisadiyyatı artıq bir reallıqdır və bununla barışmaq gərəkdir. Çin son illər təkcə ucuz istehsalçı və təchizatçı kimi deyil, həm də yüksək texnoloji məhsullar ixrac edən ölkəyə çevrilmişdi. Lakin təbii ki, şirkətlər öz risklərini minimallaşdırmaq üçün təchizat bazarlarını diversifikasiya etməli və ehtiyat-logistika siyəstələrinə yenidən baxmalıdırlar.
Baş verənlər göstərir ki, dünya iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliklər və risklər artan sürətlə böyüyür. Şirkətlər bir təchizatçıdan və satış bazarından asılı olmamalı və diversifikasiya məsələlərini daima gündəmdə saxlamalıdırlar. Bu, təkcə Çinlə bağlı deyil, ümumi idarəetmə ilə bağlı məsələdir.
- Sizcə, pandemiya dönəmində iqtisadi itkiləri kompensasiya etmək üçün nə qədər vaxta ehtiyac var?
- Pandemiyanı kontrola ala biləcək vaksin çıxmadığına və ilkin cücərtiləri olan dərmanların əlçatan olmadığına görə, onun nə zaman yekunlaşacağını da proqnozlaşdırmaq çətindir. Xatırlayıram ki, mart ayında ABŞ-da sərt karantin başlayanda aprelin əvvəlləri iqtisadiyyatın yenidən açılacağına dair ümidlər və bəyanatlar var idi. Lakin arzu və istəklərə baxmayaraq, böyük ölkələrin idarəediciləri də bu problem qarşısında aciz qalırlar.
Pandemiya dönəmində itkilərin kompensasiyasına zəruri olan zamanı təyin edə bilmək üçün karantinlərin tam olaraq ləğvi və insanların əvvəlki davranışına qayıda biləcəyi vaxtını proqnozlaşdırmaq lazımdır. Bu da hələlik qeyri-müəyyəndir.
Lakin pandemiyanın 2020-ci ilin sonuna qədər nəzarət altına salına biləcəyi optimist gözləntisinə əsaslansaq, pandemiyanın itkilərinin bərpası üçün iqtisadiyyata ən azı 2-3 il lazım olacaq.