14 İyul 2020 09:47
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus ağciyərləri ona görə zədələyir ki, COVID-19 hava-damcı yolu ilə yoluxan infeksiyadır. Koronavirusa ən çox yoluxma yolu burunun, ağızın və gözün selikli qişasıdır. Gözün selikli qişası ilə nadir hallarda virusa yoluxma baş verir. Əsasən bu virus ağız və burun vasitəsilə insana yoluxa bilir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında əməkdar həkim İlhamə Cabbarova bildirib.

Həkimin sözlərinə görə, həzm sisteminə daxil olan viruslar mədənin buraxdığı turşuluğun hesabına məhv olur:

“Amma burundan və yaxud ağızdan bu virus yuxarı tənəffüs yolları vasitəsilə bir müddət sonra aşağı tənəffüs yollarına daxil olur. Ağciyərlərdə də virusun inkişafı üçün kifayət qədər əlverişli mühit var. Bu da virusun sürətli inkişafına səbəb olur. Beləliklə də, ağciyərlərdə bu virus böyük fəsadlar yaradır”.

İlhamə Cabbarova qeyd edib ki, həkimlər, tibb işçiləri sırasında bu virusa yoluxanlar var:
“Daha çox bu virusa yoluxan həkimlərimiz isə reanimatoloqlardır. Bu da onların peşəsi və ixtisası ilə bağlı deyil. Koronalı xəstələrlə təmasda olan bütün həkimlər bu virusa yoluxa bilər. Sadəcə olaraq xəstə reanimasiyada deyilsə, adi, yüngül simptomlarla terapevtik şöbədə müalicə alırsa, həkimlər onlarla çox sıx təmasda olmur. Amma reanimatoloqlar artıq reanimasiyada olan ağırlaşmış xəstələrlə kontaktdadırlar, onlar xəstələrə daha yaxından və birbaşa əl təması ilə müdaxilə etmək məcburiyyətindədirlər. Daha çox süni tənəffüs aparatına qoşulmaq, oksigen vermək və başqa proseduraları həyata keçirmək üçün onlar xəstənin ağız, burun boşluğuna birbaşa müdaxilə edirlər. Ona görə də, daha çox statistik olaraq reanimatoloqların bu virusa yoluxması müşahidə olunur. Bu, onların sıx təması ilə bağlıdır”.

Həkim vurğulayıb ki, hazırda ailədaxili yoluxmalar daha çox müşahidə olunur: “Artıq ailələrimizdə bu virusa yoluxmalar qeydə alınır. Xəstəxanalarda artıq yerlərin az olması ilə əlaqədar olaraq Səhiyyə Nazirliyinin, TƏBİB-in birgə qərarı ilə virus simptomları nisbətən yüngül olan xəstələr evlərdə müalicə olunur. Virusa yoluxmamağın hazırda yeganə qaydası sanitar, gigyenik qaydalara riayət etməkdir:
İnsanlar mümkün qədər yaxın təmaslardan uzaq dursunlar. Xəstəliyin hər hansı bir əlaməti hiss edildikdə, mütləq mütəxəssisə müraciət edilməlidir. Təcrübəsiz həkimlərə müraciət etmək və özbaşına müalicə yolverilməzdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər