Məktəblilərin yerdəyişməsinə məhdudiyyət artıb
Valideynləri qayğılandıran məsələlərdən biri də övladlarının keyfiyyətli təhsil almasıdır. Buna görə də bəzi valideynlər ən yaxşı məktəb axtarışına çıxırlar. Övladları yuxarı sinfə adladıqca valideynlər arasında uşaqlarını ən yaxşı məktəbə transfer etmək istəyi də intensivləşir.
Təhsil naziri Mikayıl Cabbarovun 20 iyun 2014-cü ildə imzaladığı 738 saylı əmrlə "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"nda dəyişiklik olub. Yeni qaydalara görə, övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə) həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə cari qiymətlər barədə oxuduğu məktəbin direktoru tərəfindən verilmiş arayış) əlavə olunur. Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqında valideynə (digər qanuni nümayəndəyə) şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir.
Həmin arayış əsasında valideyn (digər qanuni nümayəndə) övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin kontingentə daxil olması barədə əmr verilir. Əmrin surəti şagirdin əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun kontingentdən xaric edilməsi barədə əmr imzalanır.
Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında dəyişmək istədiyi məktəbin yerləşdiyi rayon (şəhər) üzrə yerli təhsili idarəetmə orqanında baxılıb aşağıdakı hallarda razılıq verilir:
yaşayış yeri ərazisində (kənd, qəsəbə, rayon, şəhər) yerləşən digər məktəbə keçdikdə; ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsi rəsmi sənədlərlə təsdiqləndikdə; valideynlərin (digər qanuni nümayəndələrin) uzun müddətə xaricə getməsi və ya digər səbəblərdən şagirdin valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə; müxtəlif səbəblərdən xüsusi tədris proqramları tətbiq edilən lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində təhsilini davam etdirməsi mümkün olmadıqda.
Qaydalarda o da bildirilib ki, dərs ilinin ikinci yarımilində XI sinif şagirdlərinin digər rayon və şəhərlərin məktəblərinə yerdəyişməsinə Təhsil Nazirliyində baxılır.
Qaydalarda həmçinin göstərilib ki, məcburi köçkün olmayan şagirdlərin məcburi köçkün məktəblərinə qəbuluna yalnız həmin ərazidə yerli məktəb olmadığı halda, Təhsil Nazirliyinin icazəsi ilə yol verilir.
Sevil