Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Pandemiya şəraitində təhsil sisteminin üzləşdiyi çətinliklər və təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək" mövzusunda onlayn konfrans keçirib. Bu barədə Teleqraf.com-a şuradan məlumat verilib.
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, təhsil məsələsi yalnız müvafiq dövlət qurumlarını deyil, bütün cəmiyyəti narahat edən və daim diqqətdə saxlanılmalı olan mövzudur. Pandemiyanın yaratdığı fəsadlardan ən çox zərər çəkən sahələrdən birinin təhsil sahəsi olduğunu deyən Azay Quliyev ötən illər ərzində təhsil sahəsində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.
Şura sədri deyib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində bu gün Azərbaycanda güclü maddi-texniki bazaya və infrastruktura malik məktəblərimiz, təhsil ocaqlarımız var. Azay Quliyev Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycanda yeni məktəb” layihəsi çərçivəsində ölkəmizdə 3500-dən çox məktəbin tikildiyini və əsaslı təmir olunduğunu bildirib. Cəmiyyətimizin təhsilin qarşısında qoyulan yeni hədəflərə çatmaq üçün konseptual əsaslı fəaliyyətlə bağlı gözləntiləri var. Sevindiricidir ki, dövlət başçısı səviyyəsində bu məsələyə xüsusi diqqət var: “Dövlətimizin ən böyük və uğurlu layihələrindən biri də 2007-2015-ci illərdə azərbaycanlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində ölkəmiz üçün vacib olan ixtisaslarda təhsil almaları üçün onların bütün xərclərinin qarşılanması olub. Bu gün həmin proqramdan yararlanan gənclərimizdən olan Emin Əmrullayev Təhsil naziridir. Yüksək səviyyəli kadrların hazırlığında bu proqram mühüm rol oynadı”.
Şura sədri bildirib ki, son illərdə təhsil sahəsində aparılan islahatlar, xüsusilə müəllimlərin diaqnostik qiymətləndirilməsi nəticəsində sosial təminatının güclənməsi müəllimlik peşəsinə olan marağı daha da artırıb. O, Şuranın 2020-ci il qrant müsabiqəsi çərçivəsində Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsillə bağlı 21 QHT layihəsini dəstəklədiyini bildirib. Şuranın layihələri çərçivəsində pandemiya dövründə 100-ə qədər vətəndaş müvafiq texniki avadanlıqla təmin edilib. Şura sədri pandemiya dövründə təhsil prosesinin qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün QHT-lərin təhsil institutlarına ictimai dəstəyi artırmasının vacibliyini qeyd edib: “Bu gün dünya ölkələri, o cümlədən Azərbaycan “insanların sağlamlığı, yoxsa daha keyfiyyətli təhsil” dilemması qarşısında qalıb. Hesab edirəm ki, cəmiyyətin bütün fəal institutlarının təklifləri nəzərə alınacaq və müvafiq dövlət strukturları yeni tədris ilində dərslərin keçirilməsinin forması ilə bağlı ən doğru qərarı qəbul edəcəklər”.
XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Etibar Əliyev təhsilə olan diqqətin pandemiya dövründə daha da artdığını bildirib. O, təhsilin fasiləsizliyinin qorunması üçün cari ilin mart ayından başlayaraq müvafiq işlərin görüldüyünü, bu sırada distant təhsilin də önəmli mexanizm olduğunu deyib. Deputat Azərbaycan təhsil sisteminin dövlət başçısı səviyyəsində gördüyü diqqət sayəsində pandemiya dövrünün sınağından da uğurla çıxdığını bildirib: “Yeni tədris ilində təhsilin hansı formada davam etdiriləcəyinə yəqin ki, yaxın vaxtlarda aydınlıq gətiriləcək. Distant təhsilin hüquqi əsasları, distant təhsilin İKT və təhsil layihəsi olması bu gün ciddi müzakirə olunmaqdadır. Təhsil naziri Emin Əmrullayev Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ilə görüş keçirərək təhsil sisteminin qarşısında dayanan məsələlərlə bağlı geniş müzakirələr aparıb. Hazırda pandemiyanın dinamikasından asılı olaraq təhsilin davamiyyət formaları araşdırılır. Şəraitdən asılı olaraq məktəblərdə təhsilin müxtəlif formalarda davam etdirilməsi təklif olunur. Hesab edirəm ki, ibtidai siniflərdə təhsilin ənənəvi formada keçirilməsi daha məqsədəuyğundur. Hazırkı dövrdə QHT-lərin, ali məktəblərin yanındakı ictimai şuraların da üzərinə mühüm vəzifələr düşür. Ənənəvi təhsilin distant təhsillə müqayisəsini aparıb optimal variant axtarışını davam etdirməliyik”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov pandemiya dövründə təhsilin keyfiyyətli təşkilinə həsr olunan konfransın keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Şahlar Əsgərov deyib ki, cəmiyyətimiz pandemiya şəraitində yaşamağı bacarmaqla yanaşı, eyni şəraitdə təhsil almaq məsələsinə də aydın şəkildə baxmalıdır. Distant təhsilə keçmək üçün müvafiq infrastruktur tələblərə uyğun olmalıdır.
Təhsil nazirinin müşaviri Elnur Nəsibov pandemiya dövründə təhsil ictimaiyyətinin qarşısında dayanan yeni çağırış və imkanların geniş müzakirəsinin faydalı olduğunu bildirib. Təhsil Nazirliyinin ölkədəki sanitar-gigiyenik vəziyyəti daim monitorinq etdiyini deyən Elnur Nəsibov, həmçinin ictimai rəyin də diqqətlə öyrənildiyini bildirib. Təhsil nazirinin müşaviri pandemiya dövründə müəllimlərin 37 faizinin yaşına görə risk qrupuna daxil olduğunu deyib. Elnur Nəsibov ARB Günəş və Mədəniyyət televiziya kanallarının efirində təşkil olunan dərslərin, həmçinin virtual dərslərin məktəblilər üçün mühüm alternativ olduğunu deyib.
Elnur Nəsibov bildirib ki, yeni tədris ilində təhsilin formaları ilə bağlı axtarış və müzakirələr hazırda davam etdirilir. Təhsil nazirinin müşaviri valideynlərin övladlarının təhsilini distant və ənənəvi formada davam etdirməsi ilə bağlı seçim imkanına malik olacağını deyib.
QHT rəhbərləri Şərqiyyə Dadaşova, Pərvanə Talıbova, Səbuhi Abdullayev, Anar Xəlilov, Nərgiz Xələf, Təhmasib Novruzov, İlqar Orucov, Təranə Paşayeva, Şahin Rəcəb, Əlövsət Allahverdiyev, Rövşən Bağırov, Asif Əsgərli və Səadət Bənənyarlı da konfransda çıxış edərək fikir və təkliflərini bildiriblər.