Teleqraf.com "Axar.az"a istinadla Belarusdan olan hərbi ekspert Yeqor Lebedokun müsahibəsini təqdim edir:
- Azərbaycan ordusu yeni "Şimşək-6" sistemləri ilə təchiz olundu. Bizə onlar haqqında ətraflı məlumat verə bilərsinizmi?
- R-934UM2 "Şimşək-6" sistemləri ilk növbədə pilotsuz uçuş aparatlarının radio siqnallarını tapmaq, idarəetmə və məlumat ötürmə kanallarını aşkarlamaq və sıradan çıxarmaq üçün nəzərdə tutulub. Onun taktiki-texniki xüsusiyyətlərini araşdırsaq deyə bilərik ki, bu, pilotsuz üçüş aparatlarına qarşı yaradılmış bir sistemdir.
- Bir neçə il öncə Bakı "Şimşək-S" stansiyasını alıb. Bildiyim qədər o stansiyanın özü olduqca ciddi texnologiyadır. Bəs yeni stansiyanın xüsusiyyətləri nələrdir?
- "Şimşək-S" də PUA-larla mübarizə üçün yaradılıb. Onun həm kəşfiyyat məsafəsi nisbətən azdır (50 km), həm də göyərtəsindəki elektron avadanlıqlar daha sadədir. Reallığa uyğun müqayisə aparsaq, deyə bilərəm ki, "Şimşək-S" kəşfiyyat PUA-larının fəaliyyətini aşkarlayıb yatırmaq üçün, "Şimşək-6" isə böyük mənzilli zərbə dronlarının qarşısını almaq üçün nəzərdə tutulub.
- “Şimşək-6” döyüş meydanında necə istifadə ediləcək? Onlar döyüş şəraitində sınaqdan keçiriliblər?
- Bir müddət öncə Liviya Milli Razılıq Hökuməti bildirmişdi ki, Türkiyə PUA-larına qarşı Rusiyanın radioelektron sistemlərindən istifadə olunub. Əldə olunan fotolar vasitəsilə bunun məhz “Şimşək-6” olduğu müəyyən edildi. Bu sistemi Belarus BƏƏ-yə, onlar isə öz növbəsində Haftarın ordusuna satmışdı. Məlumata əsasən, "Şimşək-6"nın Türkiyə istehsalı olan zərbə PUA-larına qarşı istifadənin effektivliyi yüksəkdir.
- Ermənistan Silahlı Qüvvələrinin bu stansiyalara qarşı istifadə edə biləcəyi hər hansı sistemi varmı?
- Bu tip stansiyaların qarşısını almaq üçün hər hansı sistemlər istehsal olunmur, çünki bu stansiyalar özü PUA-ların qarşısını almaq məqsədi ilə istehsal olunub. Hazırda müasir PUA-larda elektron sistemlərə bənzər qurğuların quraşdırılması inkişaf etdirilir. Bu qurğular vasitəsilə PUA-lardan gələn siqnalların gücünü nisbətən azaltmaq mümkündür. Lakin indiki vəziyyətdə Ermənistanın bu cür pilotsuz uçuş aparatlarına sahib olduğuna inanmıram.