Ərəb ölkələrinin nüfuzlu KİV-ləri – Qətərin “Aljazeera” televiziya kanalı və Misirin “Al Ahram” qəzeti Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki obyektlərin, o cümlədən yaşayış binalarının ermənilər tərəfindən artilleriya atəşinə tutulması, dinc əhali arasında ölən və yaralananların olması barədə xəbərlər yayıblar.
AZƏRTAC-ın Gəncədən yaydığı xəbər və fotoşəkillərə istinadla bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhərində, həmçinin Dağlıq Qarabağla yanaşı ərazidə yerləşən Beyləqanda mülki obyektləri və dinc əhalini hədəfə alıblar.
Xəbərlərdə vurğulanıb ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın bu addımını müharibə cinayəti adlandırıb və Azərbaycan Ordusu qarşısında aciz qalan düşmənin xaincəsinə mülki əhalini atəşə tutduğunu bəyan edib.