17 Yanvar 2021 20:27
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

1951-ci ilin 30 noyabrında Münhendə Şərqi Avropa, Qafqaz və Türküstan mühacir qruplarının M.Levitskinin sədrliyində baş tutan konfransında növbəti dəfə müstəqilliklə bağlı tələb irəli sürüldü. Azərbaycan adına bu sənədi Məhəmməd Kəngərli imzaladı.

Kəngərli kim idi?

Məhəmməd Kəngərli 10 yanvar 1914-cü ildə Qarabağda doğulub. 1939-cu ildə Leninqrad Hərbi Tibb Akademiyasından məzun olub. 1942-ci ildə almanlara əsir düşüb. Müharibədən sonra Almaniyada yaşayıb. 1952-ci ildə Türkiyəyə gəlib, Ankarada Azərbaycan Milli Mərkəzində və Azərbaycan Kültür Dərnəyində çalışıb. 1952-1979-cu illərdə Türkiyənin Səhiyyə və Sosial Müdafiə nazirliyinin müxtəlif xəstəxanalarında baş həkim, səhiyyə müdiri, Kızılay müdir müavini, Türkiyənin Bonndakı səfirliyində müşavir vəzifələrində çalışıb.

1963-cü ildə Kipr hadisələrində Lefortaya gedib, orada Kızılay xəstəxanasını qurub. Sonradan Türkiyədə Anıtlar Dərnəyinin sədri kimi fəaliyyət göstərib. 2006-cı ildə vəfat edib.

Əsirlərin xilası

II Dünya müharibəsi dövründə mühacirətdə yaşayan Cümhuriyyət xadimləri azərbaycanlı əsirlərin xilası ilə məşğul olublar. Bu məqsədlə qurulan təşkilatlardan biri də Rəsulzadənin təlimatı ilə yaradılan Azərbaycan Demokrat Birliyi (ADB) olub.

ADB-nin sədri Məhəmməd Kəngərli idi. ADB-nin qurulmasında bir məqsəd də Müsavat partiyasının Almaniyada açıq fəaliyyət göstərə bilməməsi idi. Kəngərli öz əl yazısı ilə “Azərbaycan mücahidlərinə çağırış” adlı bildiriş dərc edərək hərəkətə keçib.

Bildirişdə yazılıb: “Əziz mücahidlər! Altı ildir davam edən ikinci cahan hərbi artıq sona yetdi: hərb, almanların məğlubiyyəti, qərb müttəfiqlərinin zəfəri ilə nəticələndi. Bizim mücadiləmiz isə davam edəcək, çünki müqəddəs vətənimizi işğal altında tutan Sovet kommunist rejimi müttəfiqlərin yanında yer almaq imkanına sahib oldu. Yurddaşlar! Müqəddəs vətənimizin bolşeviklər tərəfindən istilasından 21 il sonra ələ keçən bir fürsəti işin başlanğıcında bəzi səbəblərdən zühur edən xətalara rəğmən yaxşı qarşıladınız və əldə silah əbədi düşmənə qarşı döyüşlər verdiniz. Vətən övladlarından şəhidlərimiz oldu, yerləri behişt olsun, hamısını hörmətlə yad edirik. Hərb qəhrəmanı gənclər! Siz tələsməyin, araqızışdıranların təbliğatlarına inanıb geri dönmək kimi tələsikliyi qəbul etməyin. Vətəndaşlar, məlumunuz olsun ki, sizlər “Ostministrliklərdə” işlədiniz, legionlar qurdunuz, cəbhələrdə silahlı cəng yapdınız, qəzet və jurnal buraxdınız, xalqımız üçün şərəfli xidmətlər göstərdiniz, qəhrəmanlıqlar etdiniz, dəvətə inanmayın, çünki hamınız onlara görə vətən xaini və hərb günahkarı sayılacaqsınız. Bunun da cəzasını hamınız bilin. Vətən həsrətinə sinə gərin. Olduğunuz ölkələrdən ayrılmayın, milli təşkilatlarımız ətrafında birləşin, bundan aldığınız güclə də mücadilənizi davam etdirin. Əski nəsil bu davanı 26 ildir belə yürüdür. Ana vətən Türkiyə də sizin arxanızdadır. Hər zamankı kimi sayıq olun. Özünüzə müvəqqəti yaşayacağınız bir ölkə seçin. Biz sizin Türkiyəyə hicrət etmənizə kömək edərik, fəqət Amerikaya da gedə bilərsiniz, orası da elə lap yaxşı ictimai sistemi olan məmləkətdir. Yurddaşlar, yurdumuza dönənə qədər yaşayacağınız ölkələrdə sizə bəxtiyar olmanızı diləyirik. Bu vəsiqə ilə qısa adı “ADB” olan “Azərbaycan Demokrat Birliyi” ətrafında birləşməyə çağırırıq”.

1947-ci ilin qışında Almaniyanın Mittenvald düşərgəsindəki 101 azərbaycanlının almanlar tərəfindən məcburi şəkildə Melrixştadtda SSRİ-yə təhvil verilməsinin qarşısını Kəngərli alıb.

Amerika hərbçiləri ilə danışıqlar aparan Kəngərli onların Amerika işğal bölgəsində qalmasını təmin edib. Bu hadisə alman mətbuatında “101-lər edamdan döndü” başlığı ilə verilib.

Kəngərlinin təşəbbüsü ilə 1948-ci il mayın 28-də Münhendə Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 30-cu ildönümü qeyd olunub. ADB müharibə əsirlərinə ölkənin keçmişini və Cümhuriyyəti tanıtmaq məqsədilə 1947-ci ildə Münhendə “Azərbaycan tarixindən” adlı kitabça da çap edib. Kitabçada Rəsulzadənin fəaliyyəti və təsviri də verilib. ADB 1951-ci ildə üzvlərinin Türkiyəyə gəlməsi səbəbindən fəaliyyətinə son verib.

Üzvlərin siyahısı

ADB-nin digər üzvləri bu şəxslərdir: Yusif Qəhrəman (başqan vəkili), Vahid Xasməmmədli (katib), Heydər Atak (mühasib), Dr.Fəyyaz Qasımoğlu (üzv), Dr. Əhməd Yaşat (üzv), Dr. İbrahim Badal (üzv). *

Əhməd Yaşat 1917-ci ildə Şəkidə Həsən Şirinzadə və Zəhra xanımın ikinci oğlan övladı olaraq doğulub. İlk və orta təhsilini Şəkidə alıb, daha sonra Bakıya gedərək tibb üzrə oxuyub. İkinci Dünya müharibəsi dönəmində gənc həkim Əhməd Şirinzadə Finlandiya cəbhəsinə göndərilib. Əsirlikdən qurtulduqdan sonra Yaşat arxa cəbhədə həkim kimi çalışıb, Azərbaycan legionuna maddi-mənəvi dəstək olub. Müharibədən sonra Yaşat bir müddət Hannoverdə həkimlik edib, istiqlal mübarizəsinə qatılıb. Almaniyanın tərəfində vuruşan legionerlər ruslara təslim edildiyi ərəfədə Yaşat özünü xilas edə bilib, 1948-ci ildə Türkiyəyə gəlib. Burada da ixtisası üzrə çalışan Yaşat quru yolları 4-cü bölgədə ölənə qədər həkimlik fəaliyyəti ilə məşğul olub. Ankarada Azərbaycan Kültür Dərnəyi qurulduğu zaman idarə heyətində təmsil olunub, iki dəfə sədr seçilib. İlk sədrliyi 2 dekabr 1962-ci ildən 20 dekabr 1965-ci ilədək, ikinci sədrliyi isə 2 sentyabr 1969-cu ildən 26 dekabr 1970-ci ilədək davam edib.

“Azerbaycan” dərgisinin məsul müdiri olub. Yaşat 26 yanvar 1985-ci ildə vəfat edib.

Dr. İbrahim Badal 1911-ci il mayın 11-də Salyan şəhərində doğulub. Atası Məhəmmədəli, anası Nisa xanım olub. Orta məktəbi bitirdikdən sonra tibb təhsili alan Badal Azərbaycanın bir sıra bölgələrində xəstəxanalarda çalışıb. 1941-ci ildə cəbhəyə göndərilib. Müharibə bitdikdən sonra Almaniyada qalan Badal əvvəlcə Frankfurta, sonra Münhenə gedərək özəl müayinəxana açıb, həkimlik fəaliyyətini davam etdirib.

1946-cı ildə Mittenvald Birləşmiş Millətlər Qaçqınlar Düşərgəsi Səhiyyə Qurumunda həkimlik edib. Almaniyada evlənən Badalın 3 oğlan övladı, üç nəvəsi olub. 1948-ci ildə Türkiyəyə gələn Badal əvvəlcə Kayseridə, daha sonra Ankara xəstəxanasında baş həkimin müavini və dermotologiya klinikasında müdir vəzifəsində çalışıb, 1974-cü ildə təqaüdə çıxıb. Badal Türkiyəyə gəldikdən sonra Ankarada qurulmuş Azərbaycan Kültür Dərnəyi ilə münasibət saxlayıb. Dərnəyin rəsmi orqanı olan “Azərbaycan” dərgisində verilən məlumata görə, Məhəmmədəmin Rəsulzadənin ölüm anında yatağının baş ucunda olan şəxslər arasında o da olub. İbrahim Badal 22 dekabr 1984-cü ildə saat 18-də vəfat edib, iki gün sonra dəfn edilib.

Vahid Xasməmmədli 1914-cü ilin avqustunda Qazaxda müəllim ailəsində doğulub. İlk və orta təhsilini Qazaxda alıb, Bakıdakı Sosial-İqtisadi İnstitutun Statistika Elmləri fakultəsindən məzun olub. İkinci Dünya müharibəsi dövründə Almaniyada fəaliyyət göstərib. Müharibədən sonra Rəsulzadənin təqdiri ilə 1951-ci ildə Nyu-Yorkda fəaliyyətə başlayan “Amerikanın Səsi” radiosunun Azərbaycan şöbəsini qurub və idarə edib. Vahid bəyə çalışmalarında Amerikada yaşayan Zahid xan Xoylu, Mahmud bəy Səfiyurdlu, Yusif Qəhrəman, Turqut Babaoğlu kömək ediblər. Radionun Azərbaycan şöbəsi bağlandıqdan sonra Vahid bəy Nyu-Yorkda özəl şirkətlərdə çalışıb, alman xanımının xəstələnməsi səbəbindən 1957-ci ilin ortalarında Münhenə qayıdıb. Xasməmmədli 1994-cü il oktyabrın 13-də Münhendə vəfat edib.

Yusif Qəhrəman “Amerikanın səsi” radiosunun Azərbaycan şöbəsində redaktor olub. Mirzə Xəzər onun haqqında bu məlumatı verib: ““Amerikanın səsi” radiosunda Yusif Qəhrəman adlı jurnalist işləyirdi. O, Qazaxdan, Qəhrəmanovlardan idi, Vaşinqtonda yaşayırdı. Deyirdi ki, məndə “Əli və Nino”nun müəllifin imzası ilə olan nüsxəsi var. Onun çox böyük kitabxanası vardı. Amma sonradan onun evi yandı, həm özü o hadisədə həlak oldu, həm də dediyi o tarixi faktlar, kitabxana külə döndü. Mənə deyirdi ki, Azərbaycanın tarixi barədə çoxlu kitabları var, onlar da məhv oldu. Vaxtında insanlar öz tarixlərinə, öz keçmişlərinə sahib çıxmayanda nəticə belə olur”.

Qaynaqlar: 1. Şimşir Sabahattin. Azerbaycan'ın İstiklal Mücadelesi. 3. Baskı. İstanbul, 2013, s: 115. 2. Yaqublu Nəsiman. Azərbaycan legionerləri. Bakı, 2005.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər