23 inzibati ərazi üzrə 35 min 287 sayda cərrahi əməliyyat həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xidmətlər zərfi çərçivəsində təminata alınan cərrahi əməliyyatlara oynaqdaxili endoprotezlərin yerləşdirilməsi və koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi əməliyyatları ilə bağlı tibbi xidmətlər də daxildir:
“Bu iki tibbi xidmətin hər biri üzrə sığorta limiti bütün ölkə üçün illik 300 əməliyyatdır. Ötən bir il ərzində 23 şəhər və rayonda ümumilikdə 47 nəfər oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, 49 nəfər isə koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi ilə bağlı əməliyyat aparılıb”.
Zaur Əliyev bildirib ki, 23 şəhər və rayonda tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təchizatının yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb: “Dərman vasitələrinin çeşid sayı 126-dan 334-ə, tibbi sərflərin çeşid sayı isə 116-dan 296-ya çatdırılıb. 2021-ci il üçün xəstəxanaların ehtiyaclarına uyğun əsas dərman vasitələrinin siyahısının genişləndirilməsi nəzərdə tutulur.
Hesabat dövründə səhiyyə işçilərinin fəaliyyətlərinin qiymətləndirilməsi və ölçülməsi məqsədilə Agentlik tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası təsdiq edilib”.
Zaur Əliyev qeyd edib ki, yeni Qaydanın tətbiqi nəticəsində 23 şəhər və rayonun səhiyyə işçilərinə aylıq sabit və xidmətə görə həvəsləndirici əlavələr verilib: “Nəticədə ötən il səhiyyə işçilərinə ümumilikdə 142 milyon 51 min manatdan çox vəsait ödənilib. Bu rəqəm 2019-cu il ilə müqayisədə 43.52 faiz çoxdur. 2021-ci il ərzində icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiq olunacaq”.