25 Oktyabr 2014 10:50
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Qurbanov: “21 gün ərzində mütləq özünü göstərəcək”

Həcc ziyarətindən qayıdan zəvvarlardan birindən “Ebola virusu” ilə bağlı ilk müraciət daxil olub. Belə ki, Həcc ziyarətindən qayıdan zəvvarlardan biri ebola virusuna qarşı müayinədən keçmək üçün Respublika Taun Əleyhinə Stansiyaya müraciət edib. Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanovun sözlərinə görə, Sumqayıt sakini olan həmin şəxs öncə “Qaynar xətt”lə əlaqə saxlayıb, sonradan isə birbaşa onunla danışıb. Onun sözlərinə görə, zəvvar ebola virusu təhlükəsi barədə eşitdiyini və bununla bağlı müayinədən keçmək istədiyini bildirib: “Ona məlumat verildi ki, həmin şəxs yerli poliklinikaya müraciət edərək 21 gün ərzində nəzarətdə saxlanılmalıdır. Əgər səhhətində heç bir dəyişiklik olmasa, təhlükə yoxdur. Həm də deyildi ki, temperatur olsa da, həyəcan keçirməsin. Çünki qış vaxtıdır, ona görə soyuqdəymə və temperatur ola bilər. Belə hallar olarsa, hər ehtimala qarşı həkimə müraciət edilməlidir”.

Şair Qurbanov qeyd etdi ki, müraciət edən zəvvarın heç bir narahatlığı olmayıb, sadəcə, ziyarətdən gəldikdən sonra müayinə olunmaq istəyib: “Həcc ziyarətindən gələn zəvvarlardan da müayinədən keçmək istəyənlər ərazi üzrə poliklinikalara müraciət etməlidir. Hansısa hal dəyişikliyi, müəyyən əlamətlər olarsa, müayinə olunacaqlar. Bu xəstəliyin maksimal inkubasiya dövrü 21 gündür. Mikrob onun bədənində ola bilər, ancaq əlamətləri çıxmaz. Yenə deyirəm ki, müraciət edən şəxsdə heç bir xəstəlik əlamətləri yox idi, o, sadəcə, bu barədə eşidib və məlumat almaq istəyib”.

“Maarifləndirmə ən effektli üsuldur”

Direktor müavini indiyədək Həcc ziyarətindən qayıdanların yalnız bir nəfərin müraciət etdiyini deyir. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi nəzdində Sanitar Karantin Müfəttişliyinin şöbələri yerli poliklinikalara ərazidə Həcc ziyarətindən qayıdanlar barədə məlumat verir: “Həcc ziyarətindən gələn zəvvarlardan da müayinədən keçmək istəyənlər ərazi üzrə poliklinikalara müraciət etməlidir. Hansısa hal dəyişikliyi, müəyyən əlamətlər olarsa, müayinə olunacaqlar. Mikrob onun bədənində ola bilər, ancaq əlamətləri çıxmaz. Virus bədəndə varsa, 21 gün ərzində mütləq özünü göstərəcək. Müşahidələrimiz göstərir ki, insanlar xəstəlik və ondan qorunma ilə bağlı kütləvi informasiya vasitələrindən yetəri qədər məlumatlıdır. Maarifləndirmə virus xəstəlikləri ilə mübarizədə ən effektli üsuldur”.

Nazirlik “yoxdur” deyir

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Həcc ziyarətinə gedən zəvvarların fərqli mühitə düşdükləri üçün həm iqlim dəyişikliyi, həm də qidalara görə müxtəlif xəstəliklərə yoluxmasını təbii hal olduğunu dedi: “Bu, normal haldır, qorxulu heç nə yoxdur. Səudiyyə Ərəbistanının yerləşdiyi bölgəyə məxsus xəstəliklər var ki, istər-istəməz orada virusa yoluxma baş verir. Zəvvarlar qayıtdıqdan sonra yerli həkimlərə bununla bağlı kütləvi şəkildə müraciət olunmayıb. Hansısa narahatlıq olarsa, fərdi qaydada müraciətlər edilə bilər”.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev də jurnalsitlərə açıqlamasında deyib ki, “Ebola” virusu ilə bağlı Azərbaycan üçün elə də ciddi təhlükə yoxdur.

Nazir müavininin sözlərinə görə, ölkədə xəstəliyin aşkarlanması ilə bağlı heç bir məlumat daxil olmayıb: “Sadəcə olaraq, profilaktik tədbirlərin görülməsi üçün Həcc ziyarətindən dönənlərə müraciət olunur ki, bir daha müayinədən keçsinlər. Bundan əlavə, Azərbaycana gələn qonaqlar da müayinədən keçirilir ki, Azərbaycan bu problem ilə üzləşməsin”.

Avropa İttifaqı ebolaya 24,4 milyon avro ayırıb

Yeri gəlmişkən, Avropa İttifaqı ebola virusu ilə mübarizəyə 24,4 milyon avro ayırıb. Bu barədə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu deyib. O bildirib ki, vəsait səhiyyə işçilərinin qorunmasına, virusa qarşı peyvənd hazırlamaq üçün aparılacaq tədqiqatlara və virusa yoluxmuş xəstələrin müalicəsinə sərf olunacaq. Avropa İttifaqı virusa qarşı mübarizəni səmərəli təmin etmək və epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə Avropa üzrə xüsusi əlaqələndirici təyin edib. Yeni təyin olunan koordinator Kristos Stilianides noyabrın 1-dən rəsmi fəaliyyətə başlayacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər