6 Mart 2021 09:47
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda və müxtəlif ölkələrdə dərc olunan 150-yə yaxın məqalənin müəllifi, İran filologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, şərqşünas alim Əsmətxanım Məmmədova ilk və yeganə xanımdır ki, Milli Məclisin hicablı xanımı olub. “Kamil Qadınlar Cəmiyyətinin” sədri olan Ə.Məmmədova həm millət vəkili olmazdan əvvəl, həm siyasi karyerası dövründə, həm də ondan sonra xeyriyyə işləri ilə məşğul olan nadir ziyalı xanımlarımızdandır. Onun fars vurğusunun təbiətinə aid eksperimentə əsaslanan 60 səhifəlik məqaləsi İranda müxtəlif dillərdə dörd dəfə çap olunub. Alimin elmi axtarış və düşüncələrini ehtiva edən bu tədqiqat işləri fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Bu gün 80 yaşını qeyd edən alim Əsmətxanım Məmmədova yüksək əxlaqi dəyərlərin daşıyıcısı kimi də sevilir. Klassik Azərbaycan xanımı olan Ə.Məmmədova bu dəyərləri Milli Məclisin deputatı olduğu müddətdə də, siyasi fəaliyyəti zamanı da qoruyub saxlaması ilə qiymətlidir.

Publika.az-ın qonağı olan Əsmətxanım Məmmədova elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətindən söz açıb, eyni zamanda Vətən müharibəsində qazandığımız qələbə barədə təəssüratlarını bölüşüb.

“Maştağanın mühafizəkar olduğunu deməzdim, şərait onları belə hazırlamışdı. Maştağa həmişə böyük alimlər məkanı olub. Axundlarımız Misirdə, İranda, İraqda və digər müsəlman ölkələrində təhsil alıb, o qədər dərin biliklərə sahib olublar ki, müəllim kimi saxlanılıblar. Məsələn, Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi Abdulla Şaiqə fiqhdən dərs deyib. Maştağa indi də şairlər və meyxanaçılar yurdudur.

Biz ailədə 7 uşaq olmuşuq, amma bacı və qardaşlarım arasında məktəbi əla qiymətlərlə bitirən mən idim. Heç bir fəndən 4 qiyməti almamışam. Ata-anam da çox istəyirdi ki, təhsilimi davam etdirim. Elmə maraq nəsildə də var idi. Ana babam Məşədi Əbdülqasım Şəkərzadə evində məclisi-üns saxlayarmış, İçərişəhərin tikilməsində əməyi keçən neftxuda kişilərdən olub. Anam tez-tez babamdan danışardı. Babam Firdovsinin “Şahnamə”sini türkcə şeir şəklində birbaşa oxuya bilib. 1937-ci ildə repressiyaya məruz qalır, onun bütün mal-mülkü, buruqları əlindən alınır, 1941-ci ildə aclıq elan edir və rəhmətə gedir. Oğlu da, atam da əsgərlikdə olduğundan babamı tək anam ziyarət edə bilirdi. Bununla belə atasının cənazəsini almağa gücü çatıb. “Ailə üzvlərimdən 29 nəfər müharibədə iştirak edir, atamın cənazəsini versəniz, 4 qadınla birgə gəlib aparacağam” deyərək babamın ölüsünü tələb edib və onu dəfn etməyə nail olub. Dayılarım əsgərlikdən qayıtdıqdan sonra həmişə əyilib anamın əlindən öpərdilər. Bu mövzudan söz düşəndə dayılarım deyərdi ki, bacımızın ayağını öpməliyik ki, atamızın cənazəsini həbsxanadan alıb dəfn edə bilib.

Əslində mən atamın yolu ilə getmək və aqronom olmaq istəyirdim. Anamsa təlqin edirdi ki, şərqşünas olum və fars dilini öyrənim. O zamanlar şərqşünaslığa sadəcə 6 tələbə qəbul edirdilər. Mən qəbul olan tələbələrdən biri idim. Universitetdə də heç vaxt 4 qiymətim olmayıb, Tələbə Elmi Cəmiyyətinin sədri oldum, ictimai işlərdə də fəal idim. Allahıma minnətdaram ki, qarşıma yaxşı insanlar çıxardı. Valideynlərim də, müəllimlərim də düz yol göstərdi”, - alim müsahibəsində karyerasının ilk illərini xatırlayarkən bildirib.

Müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin tarixində ilk və yeganə hicablı deputat xanım baş örpəyinin həyatında rolu və Heydər Əliyevin buna münasibətini də yada salıb:

“Baş örpəyi ilə bağlı sualları tez-tez eşidirəm. 90-cı ildə məndən əvvəlki millət vəkilimiz Məşhədə bir qrup göndərirdi. Bu söhbəti eşidən böyük qardaşım Hacı Əsəd xanımı ilə mənim adımı qrupa daxil etmişdi. İmam Rzanı ziyarət edəndə Gümüş məhəccərlərdən tutdum və dedim ki, Allah mənə qüvvət ver ki, qayıdım və başımı bağlayım, bu libası geyinim. Qayıdandan bu qüvvəni özümdə hiss etdim və beləliklə başımı örtməyə qərar verdim. Universitetdə heç kim soruşmadı və qarşı çıxmadı ki, başınızı niyə bağlayırsınız.

Parlamentə birinci gün daxil olanda “Zaman” qəzetindən bir jurnalist yaxınlaşıb sual verdi ki, başınız bağlıdır, sizi Milli Məclisə buraxacaqlar? Cavab verdim ki, Konstitusiyamız millət vəkilinin başını bağlamasını qadağan etmir. Odur ki, özünüz cavab verin, bu mövzuda sizdə, yoxsa bizdə daha çox azadlıq var?

Əvvəlcədən də öz mesajımı göndərmişdim ki, Məşhədə getmişəm, Hacı Kərbəla ziyarətlərini qılmışam və başımı bağlayacam. Onda ulu öndər Heydər Əliyev demişdi ki, elə şəkildə gəlib parlamentdə oturacaqsınız, Konstitusiyamızda bu, azaddır.

Amma azadlığın bir çərçivələri var, indi gözlərinə qədər üzlərini bağlayırlar. Bu o demək deyil ki, başını bağlayan xanım başını bağlamayan xanımlardan üstündür. Dində hər kəs bərabərdir”.

Böyük Vətən müharibəsindən söz açan alim qeyd edib ki, Qarabağ bütün vətənini sevən, vətəninin daşı olan insanların ürəyinin çalın-çarpaz yarası idi: “1988-ci ildən bəri Qarabağ üçün çox çalışdıq. Xatırlayıram ki, 90-cı illər Qarabağ hadisələri yenicə başlamışdı. Topxana meşəsində bir ağac kəsmişdilər. İqtisad Universitetinin önündə ayaqqabılarımızı əlimizə geyinib, ayaqyalın nümayişə çıxmışdıq. Hətta tələbələr, müəllimlər tankların önünə güllər düzürdü. İnsafa gəlməklərini gözləyirdik. Sonra harınlaşmış haylar gördülər ki, qarşılarını ala biləcək dövlət, dövlətçilik sistemi, ordu yoxdur, torpaqlarımızı ard-arda işğal etməyə başladılar. Tələbələr qruplara bölünüb cəbhəyə yollanırdılar. Elə mənim oğlum Fərid Xocalı faciəsindən 2 gün sonra 6 nəfərlik qrupla birgə cəbhəyə getdi. Yaxşı yadımdadır, universitetdə idik. Quranı əlimə götürüb, hamısını müqəddəs kitabın altından keçirdim. Universitetimizin yaşlı mühafizəçisi Rəsul dayı dedi ki, müəllim, sizin ürəyiniz daşdandır. Oğlunuz kövrəldi, amma sizin gözünüzdən bir damcı yaş axmadı. Dedim, axı mən də ağlasaydım, oğlumun özünə güvənini zədələmiş olardım. Onun ən böyük arzusu cəbhəyə yollanıb, düşməni məhv etməkdir. Əksinə hamısına dedim ki, Təzəpir məscidinə gedib namaz qılın, şam yandırın ki, sağ-salamat geri qayıdasınız. Oğlum xahiş etmişdi ki, cəbhəyə yollandığını atasına bir az gec söyləyim. Səhər saat 9-da Yevlax qatarı yola düşdü. Nahar vaxtı idi. Həyat yoldaşım gəlib Fəridi soruşdu. Dedim, Qarabağa müharibəyə getdi. Təəssüf ki, oğlumla birgə yollanan tələbələrin biri şəhid oldu. Fəridin də çətinliyi az olmadı. Şuşa şəhəri işğal olunanda isə 3 gün evimizdə çörək yemədik. Çünki Şuşa bizim yarımızdır. Gördünüzmü, cənab Prezidentimiz də Şuşaya insan kimi xitab etdi. 8 noyabr tarixində Cənab İlham Əliyevin çıxışı hamımızın yarasına dərman oldu. “Şuşa, sən azadsan!” cümləsi xüsusi gözəl idi. Bu qələbə Cənab Prezidentimizin uzaqgörən siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı, cəsur xalqımızın sonsuz sevgisi, birliyi, şəhidlərimizin qanı, dəmir yumruğun gücü sayəsində qazanıldı. Hətta müxalifət də dövlətin siyasətini dəstəklədi. Çünki bu Vətəndir”.

Əsmətxanım Məmmədova müsahibəsində onu da vurğulayıb ki, İlham Əliyev informasiya müharibəsində də sonsuz güc, müdrik siyasət nümayiş etdirdi: “90-cı illəri xatırlayırsınızmı? Fəryadımızı dünyaya çatdıra bilmirdik. Azərbaycanda olan Oljas Süleymanov Rusiyaya dönəndən sonra demişdi ki, ermənilər bu xalqın üstündən tanklarla keçiblər. İkinci Qarabağ müharibəsi isə hər iki cəbhədə qələbəmizlə nəticələndi. Qardaş Türkiyə, Pakistan da yanımızda oldular. İgid oğullarımız şəhid olmaq üçün bayrağa bürünüb, cəbhə yolunda sıraya düzülmüşdülər. Türk qardaşlarımız da acılarımıza yüksək dəyər verdikləri üçün çox sağ olsunlar. Türkiyənin bir çox şəhərlərində “Xocalı” parkları salınıb. Həm acımızda, həm də sevincimizdə bizimlədirlər. Ötən dəfə bir rus mütəxəssisin çox maraqlı nitqinə rast gəldim. Qeyd edir ki, ermənilər əsrlər boyu Qarabağ torpağında yaşadıqlarını, bu torpaqlarda olan tarixi hakimiyyətlərinə iddia edirlər. Yaxşı, bəs niyə Qarabağda heç olmasa bir çarının məzarı yoxdur? Amma indi İrana gedirsən, hökmdarlarının qəbrləri var. Azərbaycana doğru gəlirsən, Ərdəbildə Şah İsmayılın qəbrinə rast gəlirsən. Rəhmətlik həyat yoldaşım mühəndis idi. Şah babamızın məzarını birgə ziyarət edib, qəbrini öpmüşdük. Çünki o, Azərbaycan tarixi, mədəniyyəti, dili üçün çox böyük işlər görüb. Ermənilərsə özlərinə saxta tarix uydurmaqla məşğuldurlar. Cənab Prezidentimiz o qədər sivil müharibə apardı ki, dünyaya nəhəng mesaj verdi. Kaş ki, bütün dünya liderləri müharibə donu altında dinc əhalini qırmaq yerinə, ordu qurmağı bizim Ali Baş Komandanımızdan öyrənərdilər”.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər