17 Aprel 2021 14:53
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq bir ildir ölkənin bütün təhsil sistemi əsasən “Microsoft Teams” platforması üzərində “oturub”. Ötən il aprelin 2-dən COVID-19 səbəbindən təhsil müəssisələri bütün tədris prosesini distant formada bu platforma üzərindən həyata keçirirlər. Ötən il “Microsoft” şirkəti Təhsil Nazirliyinin təklifi ilə bu platformanı Azərbaycan dilinə də tərcümə edib. Hazırda desktop, mobil və veb versiyaları aktivdir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

Onun müşahidələrinə əsasən, pandemiya başlayanda bir çox ölkələrin milli təhsil platformaları hazır olduğu üçün ciddi problem yaşanmayıb: “Həmin ölkələr distant sahədə müəyyən hazırlıqlı olduqları üçün tədrisin öz milli platformaları üzərindən təşkilində maneə ilə qarşılaşmayıblar. Lakin pandemiya başlananda Azərbaycanın öz milli təhsil platforması olmadığından məcburən xarici resurs üzərində tədrisi gerçəkləşdirməyə başladı. Ölkəmizdə elektron məktəb, e-learning sistemlərinin zamanında qurulmamasını isə bu məqsədlə büdcədən milyonlarla vəsait alan İT şirkətin rəhbərləri çox gözəl bilirlər.

Artıq “Microsoft Teams” və onunla yanaşı “Microsoft”un “Office 365” alətləri, “Mail”, “Calendar”, “OneDrive” və sair proqramları da Azərbaycan dilinə tərcümə edilib. Necə deyərlər, “Microsoft Teams” milliləşdirilərək “Virtual məktəb” milli platformasına çevrilib”.

Bunu yetərli hesab etmək olarmı ?

Osman Gündüz deyir ki, çox funksiyalı bu tip resursları hazırlamaq və ona proqram-texniki dəstək vermək ağır işdir: “Bu, uzun zaman, maliyyə və kadr resursları, böyük data mərkəzlər tələb edir. Eyni zamanda Təhsil Nazirliyi “Microsoft” şirkəti ilə qarşılıqlı anlaşma ilə bu resursun milliləşdirilməsi istiqamətində xeyli adddımlar atıb. Texniki dəstək komandası formalaşıb. Funksionallığı xeyli genişləndirilib.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Microsoft Azərbaycan “ ofisi bu resursun dayanıqlığı, milliləşdirilməsi və dəstəklənməsi üzərində xeyli iş görüblər. Ötən ay Təhsil Nazirliyi və “Microsoft” şirkəti təhsil layihələri üzrə əməkdaşlığın davam etdirilməsi barədə niyyət sənədi imzalayıblar. Bütün bunlar təqdirəlayiqdir. Bildiyim qədər, Azərbaycan hökuməti bu resursdan istifadə üçün “Microsoft”a xeyli vəsait də ödəyir.

Son zamanlar müşahidələr göstərir ki, “Virtual məktəb”də bəzi funksionallıqlarda, xüsusilə də video resursların saxlanlması ilə bağlı müəyyən məhdudiyyətlər olur. Düşünürəm ki, milli təhsil sisteminin dayanıqlıqlığı və təhlükəsizliyi baxımından, həmçinin qarşıdakı illərdə xarici qurumların daha sərt şərtlərindən sığortalanmaq üçün Azərbaycana məxsus milli təhsil platformasının yaradılması doğru olardı.

Türkiyənin də özünəməxsus oxşar təhsil platforması var və aternativ olaraq bu sistemdən də istifadə məsələlərinə baxıla bilər.

Fikrimcə, ölkənin bütöv təhsil sisteminin bir platforma, xüsusilə də yalnız bir xarici platforma üzərində "oturması" ciddi risklər yaradır. Bu baxımdan milli təhsil platformamız yaradılmaqla alternativlərin olması təhsil və informasiya təhlükəsizliyi sahəsində milli maraqlarımıza uyğun olardı.

Hesab edirəm ki, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Elektron Hökumətin İnkişafı Mərkəzi bu istiqmaətdə indidən işlərə başlamalıdırlar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər