“Əsas diqqət aqrar sənayeyə yönəlməlidir”
Prezident İlham Əliyev sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında imzaladığı fərmandan sonra bölgələrdə sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən (İSN) məlumat verilib.
Oktyabrın 8-də prezidentin imzaladığı fərmanda qeyd olunub ki, sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir.
“Yaxın zamanlarda bunun şahidi olacaqsınız”
Hansı rayonlarda sənaye məhəllələrinin yaradılması nəzərdə tutulub? İSN-in mətbuat katibi Abbas Əliyevin bildirdiyinə görə, sənaye məhəllələrinin yaranması ilə bağlı nazirlik araşdırma aparıb təklif verəcək. O deyib ki, təkliflərin hazırlanması üçün artıq işlər gedir: “Əsasnamənin də artıq ilkin layihəsi hazırlanır, yaxın zamanlarda bunun şahidi olacaqsınız”.
Sənayedə sahibkarlığın inkişafı üçün nə etməli?
A.Əliyev dedi ki, sənaye məhəllələrinin yaradılmasında əsas məqsəd sənaye sahəsində sahibkarlığı inkişaf etdirməkdir: “Buna görə nazirlik sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun - elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzibati və digər təyinatlı obyektlərin - qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirləri həyata keçirməyi planlaşdırır. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi isə nazirliyin nəzdində olan ”Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinə həvalə ediləcək.
Bütün bunlar üçün isə ilk növbədə hər bir rayonun ənənəvi əmək vərdişləri, mövcud potensialı, harada yer seçilməsi ilə bağlı araşdırmalar aparılmalıdır. Məqsəd odur ki, sahibkarlar az vəsait xərcləməklə fəaliyyətə başlaya bilsinlər. Bundan başqa sənaye məhəllələrində fəaliyyət göstərəcək sahibkarlara konsultasiya xarakterli müəyyən dəstək də nəzərdə tutulub".
Bütün bölgələri əhatə edən şəbəkə yaradılacaqmı?
İSN rəsmisi qeyd etdi ki, sənaye məhəllələrinin çox geniş, Azərbaycanın bütün bölgələrini əhatə edən şəbəkə olması gözlənilir: “Bildiyiniz kimi, bu il sənaye ildir. Ölkədə sürətli sənayeləşmə prosesi gedir. Bu layihə də bütövlükdə kompleks sənayeləşmə proqramına uyğun aparılan tədbirlərin tərkib hissəsidir. Hazırda sənayeləşmə ilə əlaqədar dövlət proqramı da hazırlanır. Sahibkarlar üçün müvafiq şərait yaradıldıqdan sonra onların öz bizneslərini qurmaq imkanı olacaq. Yaxud biznesləri varsa, bunu həmin məhəllədə məşğul olduqları sahəyə uyğun davam etdirmək imkanı genişlənəcək. Məsələn, elə yer olacaq ki, orda xarrat da gəlib fəaliyyət göstərə bilər, çünki onun üçün orda o infrastruktur havayı olacaq. Bundan başqa həm də müasir infrastrukturun yaranması da o xarrat üçün digər bir əlverişli şərait deməkdir”.
“Türkiyə təcrübəsi bizə daha yaxındır”
İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirlinin sözlərinə görə, sənaye məhəllələri elə formatda hazırlanacaq ki, ölkənin kiçik rayonlarında da yaradılması mümkün olsun və Azərbaycanın bütün iqtisadi zonalarında sənaye məhəllələrinin yaradılması planlaşdırılır: “Biz Avropa, Çin, Türkiyə, Rusiya və MDB-nin digər ölkələrinin təcrübəsini öyrəndik, eləcə də BMT-nin Sənaye İnkişaf Təşkilatı ilə əməkdaşlıq etmişik. Biz mayda Türkiyəyə səfər etdik və Ankara, həmçinin ölkənin bır sıra şəhərlərindəki sənaye məhəllələrində olduq. Sonra türkiyəli ekspertlər dəvətimiz əsasında Azərbaycana gəldilər və sənaye məhəllələrinin yaradılması üçün nəzərdə tutulmuş yerlərlə tanış oldular. Türkiyənin təcrübəsindən istifadə etmək qərarına gəldik, çünki bu ölkə iqtisadi inkişaf baxımından bizə yaxındır”
Bütün bölgələr öyrənilməlidir...
Regional İnkişaf Mərkəzinin rəhbəri, Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılovun fikrincə, bölgələrin resurs potensialı fərqli olduğuna görə, ilk növbədə bölgələr dərindən öyrənilməli, iqtisadi təhlilləri aparılmalıdır. "Harada potensial fərqlidir və bu potensialın emal olunmaq imkanları tam istifadə edilməyib: Yaxud başlanğıc səviyyədədir. Ora daha çox diqqət yetirilməlidir. Bu, həm bölgənin inkişafına həm də ölkənin regional siyasətinə uyğun olmalıdır. Hazırda Abşerondan kənarda yeni inkişaf mərkəzlərinin yaradılmasına ciddi ehtiyac var. Bunun üçün də ciddi təhlillər aparılmalıdır ki, hansı yerdə hansı sənaye müəssisələri, sənaye məhəllələri, sənaye mərkəzləri və zonaları yaradılsın. Əlbəttə, öncə bu yerlər kənd təsərrüfatı məhsullarının emalına söykənnməlidir. Aqrar sənaye birlikləri, kompleksləri olmalıdır. Davamlı inkişaf kənd təsərrüfatında hansı sahələrdədir və dövlətin iqtisadi maraqlarına görə hansı sahələr inkişaf etdirilməlidir. Bunlar müəyyən edilməli və belə sənaye məhəllərinin təşkili üçün şərait yaradılmalıdır”.
“Diqqət aqrar sənayeyə yönəlməlidir”
İqtisadçı alim bildirdi ki, sənaye məhəllələrində bir-birilə əlaqəli müəssisələrin bir ərazidə toplanması daha məqsədəuyğundur: “Nə üçün mən aqrar sənayedən danışdım? Çünki kənd təsərrüfatı məhsulu istehsal ediləndən sonra emaledici müəssisəyə nəql olunması, bir hissəsi o yerdə istehlak olunub, digəri başqa bölgəyə ixrac edilməsi üçün kompleks şərait yaradılsa, bu, həmin bölgənin kənd təsərrüfatının inkişafına təkan vermiş olar. Həm də ümumilikdə iqtisadiyyatımızın xeyrinə olar. Bu da təbii ki, o bölgənin potensialına söykənməlidir”.
Sərmayə qoyuluşu və əlverişli güzəştlər
RİM rəhbəri onu da bildirdi ki, sənaye məhəllələrinin yaradılmasında iki mexanizm əsasdır: investisiya qoyuluşu və əlverişli güzəştlər: “Davamlı inkişaf üçün uzunmüddətli sərmayə qoyuluşuna vergilərin yüngülləşdirilməsi də daxil olmalıdır. Nəqliyyatla, istehsalla bağlı fəaliyyətədə münasib şərait yaradılmalıdır. Bu iki mexanizm mükəmməl tətbiq edilmədən yaradılan sənaye məhəllələri inkişaf edə bilməz. Hələ də gündəlikdə aktual olmasına baxmayaraq, xüsusi iqtisadi zonalar yaradılmayıb. Halbuki xüsusi iqtisadi zonalar da ixtisaslaşmış olmalıdır. Bu, həm sənayeyə, həm tikintiyə, həm ticarətə, həm xidmət sahələrinə, həm turizmə söykənə bilər. Odur ki, prioritet regionlar müəyyən olunmadan sənaye məhəllələrinin yaradılması əhəmiyyət kəsb etməz”.
Sevil HİLALQIZI