“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı ATV və REAL TV-nin suallarını cavablandırıb.
Teleqraf.com müsahibəni təqdim edir:
– Aynur xanım, yeni jurnalist nəsli yetişir. Bəziləri isə əllərinə telefon alaraq sosial şəbəkələrdə özlərini jurnalist kimi təqdim edirlər. Sosial şəbəkə jurnalistikası ilə klassik jurnalistika arasında fərqlər nədən ibarətdir?
– Təbii ki, media sahəsində çox ciddi problemlərimiz var. Peşəkarlarla qeyri-peşəkarlar faktiki olaraq üz-üzədir. Problem nədən qaynaqlanır? Məsələ ondadır ki, biz - yəni, mənim də mənsub olduğum nəsli nəzərdə tuturam – peşəkar jurnalist kimi yetişmək üçün uzun bir prosesdən keçirdi. Biz təbii ki, təhsil alırdıq, təhsildən sonra hansısa media orqanına gəlirdik, orada uzun müddət peşəkarlardan, yaşlı jurnalistlərdən, medianın korifeylərindən dərs alırdıq. Yəni, bizim işlədiyimiz iş yeri ilk illərdə bizim üçün bir növ universitet rolu oynayırdı. Bəs bu gün vəziyyət necədir? Bu gün tamamilə dəyişik bir durumdur. Yəni, bizim nəsil oxuya-oxuya öyrənirdi, amma indi görürsünüz ki, 8-10 yaşlı uşaqların da əlində mobil telefon var. Mobil telefon artıq telefon olmaqdan daha aşırı bir anlam kəsb etməyə başlayıb. Mobil telefonun varsa, bu, sənin üçün bir media cihazı rolunu oynayır. Bu, sənin üçün həm kameradır, həm fotoaparatdır, həm də diktofondur. Yəni, sən küçədə baş verən bir hadisəni dərhal görüb çəkə bilərsən və öz sosial media platformanda bunu yaya bilərsən. Bununla bir növ sən özün də xəbərçi, jurnalist rolunu oynamış olursan. Yəni, vəziyyət belə deyək, bir qədər mürəkkəbləşib. Həm klassik anlamda media var, həm onlayn media var, eyni zamanda sosial media platforması var ki, burada da belə deyək, baş çıxarmaq doğrudan da həddən artıq çətindir və bizim media olaraq işimiz çətinləşir.
Reallıq nədən ibarətdir. Biz təbii ki, peşəkarlarla işləməyi çox istəyirik. Amma çox təəssüflər olsun ki, əksər hallarda gənclər arasında peşəkarları tapmaq çox çətin olur. Biz jurnalistika fakültəsini bitirib gəlmiş gənclərə demək olar ki, yazmağı öyrətməli oluruq. Çox təəssüflər olsun onlar hələ də ingilis şriftləri ilə yazırlar. Biz onlara çox çətinliklə öyrətməli oluruq ki, Azərbaycan dilindəki “ə” hərfini “e” ilə yazmaq olmaz. Azərbaycan dilinin çox gözəl incəlikləri var ki, bunları o jurnalistlərin, jurnalist olmaq istəyən gənclərin bilməsi çox vacibdir, önəmlidir. Bu cür problemlər yaşayırıq. Jurnalistika fakültəsini bitirib gəlmiş gəncləri biz sıfırdan öyrətməli oluruq. İnanın, bəzən bir gənci yetişdirməyə, öyrətməyə bir il, iki il lazım gəlir. Çox təəssüflər olsun ki, jurnalistika fakültəsini bitirmək hələ jurnalist olmaq demək deyil. Hər bir media orqanı da bir universitet, məktəb kimi onları öyrətməli olur. Mən Mətbuat Şurasının iclasında bir dəfə təklif etmişdim, necə ki, Tibb Universitetinin tələbələri müəyyən müddət sonra gedib tibb müəssisələrində təcrübə keçirlər, eynilə jurnalistika fakültəsinin tələbələri də gəlib media qurumlarının ofislərində təcrübə keçsələr, - təbii ki, universitet illərindəki bir-iki aylıq təcrübəni nəzərdə tutmuram - ən azı birinci, ikinci kursdan başlayaraq gəlib təcrübə keçsələr çox şey öyrənmiş olarlar.
Mən özümü sosial mediada aktiv sayıram və bizə qonşu olan ölkələrin sosial media seqmentlərini də izləyirəm. Təbii ki, özümüzlə də müqayisə edirəm və çox təəssüf ortada ciddi fərqlər görürəm. Bütün günahı media sahəsinə aid etmək istəmirəm. Müxtəlif sahələrə bunu aid etmək olar. Yəni, ortada çox ciddi fərq var. Bilgilik, informasiya, intellektuallıq baxımından bir çox hallarda problemlər olduğunu görürəm. Təbii ki, çox əsaslı, yüksək səviyyədə müzakirələr də açılır. Həmin müzakirələrdə gənclərin iştirak etməsi çox yaxşıdır, amma bir çox hallarda biz gənclərin intellektual müstəvidə iştirakından daha çox bir troll davası, təhqir, söyüş səviyyəsində trolların mübarizəsini görürük. Bu da təbii ki, çox pisdir.
– Bəs “New Media Hub” platformasının jurnalistikanın inkişafına köməyi olacaqmı?
– Yeni platformanın yaradılmasını təbii ki, alqışlayırıq, yüksək qiymətləndiririk. Ümumiyyətlə, mediaya kömək edəcək hər bir addım, layihə yüksək qiymətləndirilməlidir. Bu baxımdan düşünürəm ki, yeni yaradılacaq media platforması gənclərimizin yetişməsində, formalaşmasında, onların hərtərəfli, belə deyək, bizim istədiyimiz səviyyəyə çatmasında çox böyük rola malik olacaq. Çünki əslində indiki gənclərin imkanları bizim imkanlarımızdan daha genişdir. Az öncə qeyd etdiyim kimi onlar ən aşağı yaşlarından media cihazları ilə ünsiyyətdə olur, informasiya texnologiyaları ilə təmasda olurlar, bu şəkildə böyüyürlər. Onların texnoloji bilgiləri bizim bildiklərimizdən qat-qat çoxdur. Mən öz nəslimi nəzərdə tuturam. Bizim nəsillə müqayisədə yeni nəsil daha böyük imkanlara malikdir. Mən düşünürəm ki, yeni yaradılan media platforması bu məsələdə, gənclərin daha da yetişməsi, formalaşması yönündə çox ciddi addımlar atacaq.