Bu gün 44 günlük Vətən müharibəsinin qəhramanlarından olan şəhid Alı Həsənlinin doğum günüdür. Doğmaları, dostları 25 il sonra ilk dəfə onsuz ad gününü keçirirlər. Əzizləri şəhidin xatirəsini əbədiləşdirmək üçün yaşadığı binada onun barelyefini hazırlayıblar. Şəhidi anmaq üçün barelyefin açılışı məhz bu günə təsadüf edib.
Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşan Alı 20 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ailəsinin sözlərinə görə, ən qaynar xətdə döyüşməsinə baxmayaraq, ailəsinə bu barədə məlumat verməyib. Atası Nofəl Həsənov deyir ki, hadisə baş verməzdən bir gün əvvəl onunla danışıb:
“Sentyabrın 21-i işdən birbaşa hərbi komissarlığa gedib, oradan təlimə aparıblar. Sentyabrın 27-də müharibə başladı. Füzulidən başlayan döyüş sonra Cəbrayıl tərəfə keçdi. Oktyabrın 20-si eşitdik ki, tabor komandiri, batalyon komandiri, rabitə komandiri şəhid olub. Oğlum rabitəçi idi. Döyüş yoldaşlarının dediyinə görə, həmən günü 35 şəhid, 40-dan çox yaralı olub.
Şəhidlər olanda komandir ad çəkməmiş könüllü olaraq atılarmış. Həyatda da elə idi, hər zaman birinci olmaq istəyirdi. Sonuncu dəfə mən onunla hadisə olan gün saat üçün yarısı danışdım. Heç vaxt harada olduğunu demirdi”.
Alı evin tək oğlu idi. Kədərini bizimlə paylaşan anası Ramilə Həsənova ailədə oğlunun şəhid olmasını öyrənən sonuncu insan olub: “Sonuncu dəfə 19 oktyabr axşamüstü danışmışdıq. Mən bilmirdim ki, döyüş bölgəsindədir. Bircə deyirdi ki, bizi tez buraxacaqlar. 20 oktyabr axşamı şəhid olub. Hamı bilsə də, məndən gizlədirdilər. Mənə dedilər ki, yaralıdır, komadadı. Yanına getmək istəyirdim, qoymurdular, başımı qatırdılar.
Həm daxilən, həm zahirən qüsursuz övlad idi. Ali təhsilli idi, nümunəvi əsgər olmuşdu. Mənə sual verirlər ki, oğlun vətənpərvər idi? Vətənpərvərlik canda-qanda olur. Vətəni sevmək ailədən başlayır. Əgər ailəsinə dəyər, qiymət verirsə, sözsüz ki, vətənini də sevəcək”.
Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək olan Alı bu diləyinə çataraq şəhidl olub. Bacısı Fidan Həsənli deyir ki, son günə qədər qardaşının cəbhədə olmasından xəbərsiz qalıb: “Qardaşım çox mükəmməl insan idi, hər bacının, hər qardaşın, hər ata-ananın sahib olmaq istədiyi oğul idi. Sanki cənnət üçün yaranmışdı. 25 illik ömrünü özünə, qoyub getdiyi ada layiq yaşadı. 25 ilə bütün igidliyini, qəhrəmanlığını sığdıra bildi.
Ən ağır döyüşlərdə belə ailəsinin narahat olmasını heç vaxt istəmirdi. Qardaşım şəhid olana qədər heç kim bilmirdi ki, cəbhədədir. Nə yaxşı ki, bildirməyib. Çünki anam övladının güllə altında döyüşməsinə dözməzdi. Daha çox atamla danışırdı, bizə çox zəng etmirdi”.
Şəhidin xatirəsinin əbədiləşdirilməsi atası və qonşusu Elnur Babayevin təşəbbüsü olub: "Alını kiçik qardaşım kimi çox istəyirdim. Çox tərbiyəli, mədəniyyətli, böyük-kiçik yerini bilən idi. Xatirəsi bizim üçün doğmadı. Bu xatirə abidəsini də yaratdıq ki, gənc nəsil görüb, bilsinlər, Alı kimi qəhrəmanlarımız olub”.
Öz şücaəti ilə haqq mübarizəmizin iştirakçılarından olan Alının döyüş yoldaşı Ayaz Allahverdiyev də bu gün onun görüşünə gəlmişdi: “Hadisə 20 oktyabr Füzulinin Ələsgərli kəndinə hücum zamanı oldu. Düşmənlə üzbəüz gəldik. Onlar bizim formada olduqları üçün əvvəlcə çaşdıq. Sonra gördük bizimkilər deyil, onları vurduq. Daha sonra mövqe dəyişmək istədik ki, uşaqlar müdafiə xətti qura bilsin. Alını kürəyindən vurdular. Mən ağır yaralandım, qarnım və budumdan güllə dəydi.
Hücuma keçən eyni uşaqlar idi, onlardan biri də Alı. 5 nəfərlik qrupdan Əzizov Tərlan və mən sağ qaldıq”.
Ən uca zirvə, şəhidlik zirrvəsində rahat uyu, Alı. Bu torpaqlar sənin kimi qəhrəman oğulların hesabına bayram edir...