28 İyul 2021 21:52
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın V.İ. Vernadski adına Dövlət Geologiya Muzeyində görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun 90 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının sədri Gennadi Şmal Fərman Salmanovun keçdiyi zəngin həyat yolu, onun Rusiyanın neft sənayesinə verdiyi misilsiz töhfələr haqda ətraflı danışıb.

O xatırladıb ki, 2018-ci ildə keçirilmiş səsvermə nəticəsində Surqut hava limanına Fərman Salmanovun adı verilib. G.Şmal həmyerlimizin adının Rusiya və Azərbaycanda əbədiləşdirilməsinin vacibliyindən danışıb.

Konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fərman Salmanovla bağlı xatirələrini bölüşərək vurğulayıb ki, məhz Fərman Salmanovun cəsarət və güclü iradə nümayiş etdirməsi nəticəsində Qərbi Sibirdə neft aşkarlanıb və bu gün də Rusiya həmyerlimizin verdiyi əhəmiyyətli töhfənin bəhrəsini görməkdədir.

Polad Bülbüloğlu 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əfsanəvi həmyerlimizin adına təqaüdün təsis edildiyini, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldığını və Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə onun adının verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq Fərman Salmanovun nailiyyətləri haqda gələcək nəsillərin müxtəlif müasir vasitələrdən istifadə edərək məlumatlandırılmasının vacibliyini önə çəkib.

Tədbir çərçivəsində Fərman Salmanovun həyat və əmək fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər